Enerji sektorumuzda nələr çatışmır? – TƏHLİL

Enerji sektorumuzda nələr çatışmır? – TƏHLİL
  13 İyul 2015    Oxunub:6104
İqtisadiyyat genişləndikcə, əhalinin sayı artdıqca elektrikə tələbat yüksəlir. Düzdür, ölkədə elektrik enerjisi istehsalı artır. Xeyli vaxtdır tədarükçüyə çevrilmişik. Lakin istehsalda problemlər var. “Azərenerji” ASC-nin bu ilin iyun ayının 1-nə Neft Şirkətinə təxminən 0,5 milyard manat borcunun olması faktını misal göstərə bilərik. Sözümüz bunda deyil.

Bu gün enerji sisteminin əsasını 10-dan çox su, 14 istilik elektrik stansiyası təşkil edir. Bu, 7,1 min meqavatdan çox güc deməkdir. Buna son 10 ildə 40% artım əldə edilməklə nail olunub.

Ümumiyyətlə, elektrik enerjisi istehsalı hər il artır. Keçən il 2013-cü ildəkindən 7% çox istehsal əldə edildi. 2015-ci ilin yanvar-mart aylarında isə 6,41 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəricidən 2%-ə yaxın çoxdur.

Bununla belə, generasiya güclərinin istehsal etdiyi elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsinə görə inkişaf etmiş ölkələrə çatmaq üçün ölkənin enerji sisteminin gücü 10 min meqavatdan yuxarı təşkil etməlidir. Buna nail olmaq mümkündürmü?

İstehsaldakı problem texnologiyadan başlamış, bütün istehsal əlaqələrinədək əhatə edir. İsteklak da səmərəli deyil. İnkişaf etmiş ölkələrdə isə enerji istehlakında səmərəlilik iqtisadiyyatın inkişafında bir nömrəli vəzifə sayılır. Bizdəsə bu məsələyə lazımi diqqət yetirilmir.

Odur ki, istehsal 10 və 20 min meqavata çatdırılsa da xeyri olmayacaq. Çünki generasiya layihələri investisiyalar nəticəsində reallaşdırıldığından istehsal xərci ödənilməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji istehlakı nəticəsində əldə olunur ki, bu da olduqca ciddi problemdir. Ona görə də, öncə, enerji səmərəliliyini artırmağı Azərbaycan iqtisadiyyatında da bir nömrəli vəzifəyə çevirmək gərəkdir.

Yeri gəlmişkən, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Bu gün Azərbaycanda istehlak olunan enerji resurslarını 50%-dək azaltmaq mümkündür. Bunun çox hissəsini isə istehsal xərclərini azaltmaqla əldə etmək olar.

Ancaq bizdə, məsələyə çox vaxt başqa üzdən yanaşılır. Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir və onu qaldırmaq barədə təklif irəli sürülür. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq vacibdir.

Doğrudur, bayaq da yazdıq ki, generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından xərc ödənilməlidir. Ancaq, bütün bunlar dövlət büdcəsindən alınan vəsaitlər və eyni zamanda, dövlət zəmanəti ilə verilən kreditlər hesabına həyata keçirilirsə, paralel olaraq ölkədə enerji istehlakından yığım səviyyəsi də yaxşıdırsa sistemdaxili borclar yaranmamalıdır. “Azərenerjinin” isə 500 milyona yaxın borcu var.

Odur ki, vətəndaşları ölkədə elektrik enerjisinin qiymətinin hər an arta biləcəyi “qorxudur”. Halbuki elektrik enerjisinin də maya dəyəri var və 1 kilovat/saatın əldə olunmasına müvafiq xərc çəkilir. Həmin xərcin isə rəsmi olaraq əlavə dəyər vergisi də daxil 4,1 qəpik olduğu bildirilsə də 2,5-3 qəpiyədək aşağı salmaq mümkündür.

Digər vacib məsələ alternativ enerji mənbələrindən istifadədir. Cari ilin yanvar-mart aylarında ölkədə külək enerjisi ilə çalışan stansiyalarda 2,2 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu, olduqca kiçik rəqəmdir.



Müqayisə üçün qeyd edək ki, Avropa ölkələri külək elektrik stansiyalarına üstünlük verirlər. Statistikaya əsasən bəzi ölkələr enerjinin 20%-ni külək elektrik stansiyalarının hesabına əldə edirlər. Danimarka bu sahədə liderdir. Bu ölkədə istehsal olunan elektrik enerjisinin 33,8%-i külək enerjisindən alınır. İkinci yer Portuqaliyaya məxsusdur. Bu ölkədə külək enerjisinin payı ümumi elektrik enerjisi istehsalında 24,6% təşkil edir. Üçüncü yerdə İspaniya (20,9%) dayanır.

Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən yuxarı təşkil edir. Abşeron yarımadasında isə 12-14 metr hündürdə 5,6-7,1 metr intervalındadır. O cümlədən, ölkəmizin iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa da imkan açır. Ölkəmizdə günəşli saatların miqdarı ildə 2400-3200 saat, 1 kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı isə 1500-2000 kilovat/saat təşkil edir.

Dubay 2030-ci ilədək özünün günəş enerjisinə olan təlabatının 15%-ni günəş hesabına ödəyəcək. Səudiyyə Ərəbistanı isə 2040-cı ilə neftdən imtina edəcəyini açıqlayıb. Bunu ölkənin neft naziri Əli Əl-Naimi deyib. O qeyd edib ki, günəş enerjisindən istifadə neft və qaz hasil etməkdən daha sərfəli sayılır.

Düzdür, alternativ və bərpa olunan enerji istehsalı asan və ucuz başa gəlmir. Hazırda inkişaf etmiş ölkələrdə bunun üzərində iş gedir. Ancaq mütəxəssislər hesablayıblar ki, məsələn, təkcə günəş energetikası yaxın on il ərzində ən münasib enerji mənbəyinə çevriləcək.

Almaniyanın müvafiq tədqiqat institutunun rəyinə əsasən, 2025-ci ildə Mərkəzi və Cənubi Avropa ərazisində sözügedən elektrogenerasiyanın dəyəri 4-6 sentdən 2050-ci ilədək 2-4 sentə qədər enəcək.

Ümumiyyətlə, ABŞ-da bu gün günəş enerjisinin qiyməti kilovat/saat başına 5,6, küləkdə isə 1,4 sentə düşüb. Halbuki, təbii qaz yandırmaq yolu ilə alınan enerjinin qiyməti 6,1 sent, kömürdəsə 6,6 sent təşkil edir. Atom Elektrik Stansiyası üzrə isə bu rəqəm 11 sentdir.

Sonda bir məqama da toxunaq. Məlumdur ki, bu ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə “Azərişıq” ASC yaradıldı. “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti ona ötürülməklə, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji”inin balansındakı bütün əmlak və avadanlıqlar “Azərişıq”a verildi. Bu, çox müsbət və yerində atılan addım oldu. Ancaq bizcə, ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda bəzi elektrik stansiyaları həm də özəlləşdirilsə yaxşıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti