Amnistiya: bir ayın yekunları

Amnistiya: bir ayın yekunları
  07 İyun 2013    Oxunub:1344
Azvision.az müntəzəm olaraq sizi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin milli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul etdiyi 7 may tarixli amnistiya qərarının icra vəziyyəti barədə məlumatlandırır.

Bu gün amnistiya qərarı verilməsindən bir ay ötür. Bu müddət ərzində 1391 məhkum amnistiyaya düşərək azadlığa buraxılıи, 59 məhkumun cəza müddəti 6 ay azaldılıb.

Beləliklə, bu günədək 3204 məhkuma amnistiya tətbiq edilib.
Onlardan 1450 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 1263 nəfər islah işləri cəzasından, 15 nəfər ictimai işlər cəzasından, 365 nəfər cərimə cəzasından azad ediliblər.

İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 78 hərbi qulluqçu da amnistiyaya düşərək azadlığa buraxılıb.

Bundan əlavə, 33 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilib və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, yaxud bu növ cəzasının çəkilməsi təxirə salınmış şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası təxirə salınmış, azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər müvafiq cəzalardan azad ediliblər.

Amnistiya qərarının icrası gündəlik olaraq həyata keçirilir və qərara əsasən 4 ay müddətində tam icra olunmalıdır.

Xatırladaq ki, Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslərin azadlıqdan məhrum etmə cəzasından azad edilmələri nəzərdə tutulur.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə, cəzadan azad olunacaq.

Ümumilikdə təqribən 9.000 şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 2.000-dən artıq məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.

Azvision.az saytı vasitəsi ilə gündəlik olaraq amnistiyanın icrası ilə bağlı məlumatları izləyin.


Teqlər:





Xəbər lenti