`Qarajımda əjdaha var` - Karl Saqan
“Qarajımda alov püskürən bir əjdaha yaşayır” – təsəvvür edin ki, ciddi-ciddi belə bir fikir yürüdürəm. Təbii ki, siz onu öz gözlərinizlə görmək, həqiqiliyini yoxlamaq istərdiniz. Əsrlər boyunca onun barəsində saysız-hesabsız hekayələr yazılıb, amma heç kim heç vaxt onu görə bilməyib. Necə möhtəşəm imkandır!
"Onda göstər",- deyirsiniz, mən də sizi qarajıma aparıram. İçəridə bir nərdivan, boş boya qabları və köhnə üçtəkərli velosiped var, amma əjdahadan əsər-əlamət yoxdur.
"Bəs əjdaha hanı?" deyə soruşursunuz.
"Bax, oradadır" deyərək, qarşıdakı bir yeri göstərirəm. "Demək yadımdan çıxıb, bu, gözəgörünməz bir əjdahadır".
Əjdahanın ayaq izlərini görə bilmək üçün yerə un səpməyi təklif edirsiniz.
"Yaxşı fikirdir",- deyirəm, – "Amma bu əjdaha havada uçur".
Onda infraqırmızı sensordan istifadə edərək onun görünməz alovunu tapa biləcəyimizi deyirsiniz.
- Yaxşı fikirdir, amma əjdahanın görünməz alovunun istiliyi də yoxdur.
Onda siz üzərinə sprey boya vurmaqla əjdahanı gözə görünən edə bilərsiniz.
- Yaxşı olardı, amma təəssüf ki, bu əjdahanın cismi də yoxdur. Boya ona dəyməz.
Mənə təklif edə biləcəyiniz hələ nə qədər üsul var. Ancaq təklif etdiyiniz hər cür fiziki sınağın min bir bəhanə ilə işə yaramayacağını deyə və təkliflərinizi mənasız edə bilərəm.
Yaxşı, bəs istiliksiz alov püskürən, gözə görünməz, cismsiz, iz qoymayan bir əjdaha ilə mövcud olmayan bir əjdaha arasında nə fərq var? Tezisimi təkzib etməyin, əksini sübut etməyin heç bir yolu yoxdursa, “mənim əjdaham var” deməyin nə mənası var?
Fərziyyəmin absurd olmasını sübut edə bilmirsinizsə, bu, fərziyyəmin doğru olduğu demək deyil. Sınana bilinməyən iddialar, təkzibə qarşı immuniteti olan mülahizələr bizə ilham vermək və ya marağımızı oyatmaq baxımından nə qədər dəyərli olsalar da, həqiqətə uyğun olmaq baxımından tərəzidəki ağırlıqları sıfırdır. Beləliklə, indi mənim sizdən istədiyim yeganə şey budur ki, sübut olmasa da, dediklərimlə razlaşıb, mənə inanasınız.
Qarajımda əjdaha olduğu ilə bağlı təkidimə əsaslanıb, fikir yürütsəniz, gəldiyiniz nəticə başımın içində bəzi gülməli fikirlərin özünə yer etməsi olacaq. Sizə maraqlı gələ bilər ki, bu iddia heç bir fiziki sınaqda tətbiq oluna bilmirsə, bəs onda məni buna inandıran nədir? Bəlkə də, gördüyümün yuxu və ya hallusinasiya olmasını düşünə bilərsiniz. Yaxşı, bəs niyə bunu ciddi qəbul edirəm? Bəlkə də köməyə ehtiyac duyuram. Ən azından, insanın yanıla bilmə ehtimalını nəzərə almamış ola bilərəm.
Təsəvvür edin ki, apardığınız sınaqların hamısının uğursuz olmasına baxmayaraq, həssas davranırsınız. Yəni, qarajımda ağzından alov çıxan bir əjdaha olması fikirini o saat rədd etmirsiniz, beyninizin bir küncünə atırsınız. Əlimizdəki sübut əksini göstərsə də, yeni bir məlumat əldə etsəniz, araşdırıb düzgün olub-olmadığına baxmağa hazırsınız. Mənə inanmadığınız üçün özümü təhqir edilmiş hesab etsəm, və ya şotland məhkəmələrinin"sübuta yetirilməyib" hökmü kimi reaksiya verdiyinizə görə sizi maraqsız və xəyal gücündən məhrum olmaqda ittiham etsəm, əlbəttə ki, haqsızlıq etmiş olaram.
Tutaq ki, işlər başqa cür getdi. Yenə də əjdaha gözə görünməzdi, amma yerə tökdüyünüz unun üzərində ayaq izləri buraxdığını görmək olur. İnfraqırmızı sensor, normadan çox siqnal qəbul edir. Sıxdığınız sprey boya, havada irəli-geri yellənən əjdaha başını üzə çıxarır. Əjdahaların – görünməz olanları bir yana qalsın – varlığına nə qədər şübhə ilə yanaşsanız da, indi qəbul etməlisiniz ki, söhbət qarajda bir şeyin varlığından gedir və ilk baxışdan ağla o gəlir ki, bu görünməz, alov püskürən əjdahadır.
İndi bir başqa ssenari yazaq: Tutaq ki, əjdahanın varlığı haqqında danışan tək mən deyiləm. Misal üçün, aramızda bir-birini tanımayan şəxslər də olmaqla, bir qrup tanışınız kimi qarajlarımızda əjdaha olduğunu deyirik. Amma ki, heç birimiz kəsərli bir sübut göstərə bilmirik. Hamımız da sizə deyirik ki, fiziki sübut olmasa da, belə bir qəribə vəziyyətin varlığına inanırıq və buna görə narahatıq. Heç birimiz lunatik və ya dəli deyilik. Bir ağızdan deyirik ki, dünyanın hər yerində insanların qarajında görünməz əjdahalar ola bilər, amma yəqin biz hələ təzə-təzə fikir veririk. Mən də sizə deyirəm ki, bunun yanlış olduğuna daha çox inanıram. Amma bəlkə də qədim Avropada və Çində əjdahalarla bağlı mövcud olan bütün o miflər qətiyyən mif deyildilər.
Və unun üzərində əjdaha ayağı boyda ayaq izlərinin olması barədə bir çox məlumatlar gəlməyə başlayır. Deməli, eyni hadisə başqalarının da başına gəlib. Amma ki, mühitdə skeptik bir elm adamı ola-ola yerə səpilən unda heç bir dəyişiklik müşahidə edilə bilmir. Alternativ bir şərh çıxır: Deməli, dərindən araşdırılanda, ayaq izlərinin saxta ola biləcəyi aydın olur. Ancaq bir başqası çıxıb, yanıq barmağını göstərərək əjdahanın ona alov püskürdüyündən şikayətlənir. Amma başqa ehtimallar da var. Bilirik ki, insanın barmağını, görünməz əjdahaların alovlu nəfəsindən başqa şeylər də yandıra bilər. Əjdahanın varlığına inanlar nə qədər güclü hesab etsələr də, bu cür bir "sübut" insanları inandırmağa razı sala bilməz.
Təkrar edirəm, yeganə doğru yanaşma budur: əjdaha fərziyyəsini rədd etmək, gələcəkdə məlum olacaq fiziki məlumatlar üçün qapını açıq saxlamaq və bu qədər sağlam düşüncəli insanın niyə eyni cür yanılmasının səbəbini araşdırmaq.
Tərcümə: Orxan Əmrullayev
Mənbə: https://azvision.az/redirect.php?url=http://www.godlessgeeks.com/LINKS/Dragon.htm
Teqlər: