Birinci siniflər məktəbə bir saat gec gedə bilərlər- Təklif
İbtidai siniflərin I növbədə dərs keçdiklərini və bunun da pedaqoji tələblərə uyğun olduğunu deyən Ə.Ağayev deyib ki, dərslərin I növbədə bir qədər gec başlanılması I siniflərin təhsilinə daha səmərəli təsir göstərə bilər: “Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar”.
Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər.
Şura sədrinin sözlərinə görə, hazırda ölkədə çox az sayda məktəb I siniflərdə dərsləri digər siniflərdən bir qədər geç başlayırlar: "Həmin məktəblər də bunu daha çox valideynlərin tələbi ilə edir və bununla bağlı məktəbin daxili Pedaqoji Şuraları qərar verir".
TN-dən isə Trend-ə bildirilib ki, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur.
Nazirlikdən əlavə edilib ki, məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.