Elçibəy təhqir olunur, bəs Kərimlinin AXCP-si niyə susur? – TƏHLİL

Elçibəy təhqir olunur, bəs Kərimlinin AXCP-si niyə susur? – TƏHLİL
  25 Avqust 2015    Oxunub:22298
Elçibəyin vəfatı günündə - avqustun 22-si,- meydan.tv saytında ona və ona hörməti olanlara çox ciddi təhqir sayıla biləcək bir yazı dərc olunub. `Kələki çıxmazı` adlı yazıda Yalçın Nəsirov açıq şəkildə Elçibəyin DTK agenti olduğuna işarə edir, onun Azərbaycan xalqına xəyanət etdiyini bildirir.

Elçibəyi Azərbaycan siyasətinin `Doktor Cekil və mister Haydı` adlanıran müəllif iddia edir ki, `Elçibəy heç vaxt sözün əsl mənasında dissident olmayıb. SSRİ dövründə dissidentlər heç vaxt peşman olduqlarına dair ərizə yazmırdılar, onları həbsdən vaxtından əvvəl azad etmirdilər, əksinə ruhi xəstəxanalara yerləşdirirdilər`.

Yazıda deyilir ki, Elçibəyin rüşvət almamasını qabartmaq lazım deyil, çünki bu, onun borcu idi. `Elçibəy qardaş qanı axıtmaq istəməmişdi` fikrinə isə belə cavab verilir ki, `demokratik ölkənin siyasətçisi öz mülahizə və fikirlərində “qardaş” və “bacı” anlayışlarına yol verməməli, məsələyə sırf “vətəndaş” və “konstitusiya” nöqteyi-nəzərindən yanaşmalıdır`. Yəni nə?.. Lazım olsa, kütləni qırğına verməlidir?

Təsəvvür edin ki, hətta Elçibəy marionetdən başqa heç nə olmayan Saakaşvili ilə müqayisə olunanda belə, üstünlük Saakaşviliyə verilir! Halbuki, Odessanın indiki merinin heç vaxt heç bir addımı öz xoşu və öz başı ilə atmadığı siyasəti az-çox izləyən hər kəsə bəllidir.

Yazının sonunda onun müəllifin şəxsi fikrini əks etdirdiydiyinə dair qeyd olsa da, tezliklə bəlli oldu ki, belə deyil – meydan.tv-nin qurucusu Emin Milli öz facebook profilində yazını dəstəkləyən və Elçibəyi daha ağır təhqir edən fikirlər paylaşmağa başladı.

Milli əvvəlcə yazdı ki, `Yalçın Nəsirovun məqaləsi çox aktual, intellektual, dərin siyasi mənası və gücü olan bir məqalədir. Bu məqaləyə hələ səviyyəli cavab verə biləcək bir insan görməmişəm`. Sonra isə daha dərinə getdi: `Elçibəy tarixdə ən yaxşı halda səriştəsiz və savadsız bir siyasətçi kimi qalacaq`, `Tarix Elçibəyi heç vaxt bağışlamayacaq`, `Hələ də Elçibəy yolunu bu xalqa sırımaq istəyən bir qrup siyasətbazlar var`...

Meydan.tv elə bir saytdır ki, həmişə ancaq sırf onu maliyyələşdirənlərin ruporu kimi çıxış edir və onların marağına uyğun xəbərləri yayır. Bu xəttdən kənarda heç bir materiala yer ayırmır. Yəni bu saytda hansısa material `təsadüfən` dərc oluna bilməz. Elə isə Elçibəyi ləkələmək və gözdən salmaq xətti haradan və niyə gəlir?


Suala cavab verəcəyik. Amma əvvəlcə məsələyə başqa tərəfdən yanaşaq: Bu qədər təhqirdən sonra özünü Elçibəyin siyasi varisi kimi təqdim edən, bununla siyasi mövcudluqlarını davam etdirməyə çalışan adamlar niyə susurlar? Xüsusilə də başqa vaxtlarda `əsl AXCP` və onun `əsl sədri` olduğunu hər vəchlə gözə soxmağa çalışan Əli Kərimli. Adamın bütün siyasi biznesi onun üzərində qurulub ki, Elçibəydən qalan partiyanın möhürünü bu gün də öz əlində saxlayır. Loru dillə desək, bu gün də `çörəyi Elçibəydən çıxır`. Bəs elə isə ayrı vaxt sosial şəbəkələrdə fırtına qoparanlar niyə Elçibəyin təhqir olunmasına heç bir reaksiya vermirlər?

Bəli, deyilə bilər ki, AXCP adına iddia edənlər çoxdur, başqaları niyə susur? Sual, əslində, onların hamısına aiddir, amma yenə də `rəsmi` AXCP kimi əsas məsuliyyət Əli Kərimlinin başçılqı etdiyi strukturun üstünə düşür – çünki başqaları Elçibəyi özlərinə daha çox mənəvi lider sayırlarsa, AXCP faktik olaraq Elçibəyin vaxtilə sədrlik etdiyi partiyadır. Demək, ilk və ən sərt cavab da onlardan gəlməli idi. Amma AXCP susur və yəqin ki, susacaq da...

Bu paradoksun cavabını tapmaq üçün Əli Kərimlinin keçdiyi siyasi yola baxmaq lazımdır. O, həmişə Elçibəyin adından faydalansa da, eyni zamanda, paralel olaraq Elçibəyin Azərbaycan siyasi şüurundakı obrazının ləkələnməsinə çalışıb. Çünki hətta siyasətə o qədər həssas yanaşmayan şəxslər də başa düşürlər ki, merkantil Əli Kərimli idealist Elçibəyin davamçısı sayıla bilməz. Bunu görməmək mümkün deyil. Elçibəy siyasətə biznes kimi baxmırdı, xalqı ilə bağlı ideallarını reallaşdırmağın vasitəsi kimi baxırdı. Kərimli üçün isə siyasət sırf biznesdir – hər şeyin satıla biləcəyi vəhşi biznes.
Belə bir halda vəziyyəti yumşaltmaq üçün nə etmək olardı? Kərimlinin idelaist obrazını yaratmaq qətiyyən mümkün olmayacağı üçün, Elçibəyi gözdən salmaq. Onun dəstəsi də əvvəllər `Yurd`, sonra `möhürlü AXCP` çərçivəsində həmişə bunu edib.

Düşünmək olardı ki, Elçibəy dünyasını dəyişəndən sonra ona ləkə yaxmaq cəhdləri azalacaq, amma təəssüf... Bu gün də Elçibəy siyasi amil olaraq Azərbaycan siyasətində mövcud olduğu üçün, həmin cəhdlər azalmır. Əli Kərimlinin istədiyi budur ki, o, bir tərəfdən rəsmi olaraq Elçibəyin partiyasının sədri statusunda qalsın, digər tərəfdən isə, `Səriştəsiz Elçibəyin partiyasının peşəkar yeni lideri` kimi görünsün. Yəni Elçibəylə müqayisədə daha üstün görünsün, belə təəssürat yaransın ki, Elçibəyin AXCP-sini məhz o, `peşəkar` partiyaya çevirib... Yazıq AXCP və yazıq Elçibəy!

Bu gün meydan.tv, `Azadlıq` radiosu, Əli Kərimlinin möhürlü AXCP-si – bunlar eyni düşərgədir. Politoloji dildə desək, bunlar sistemdənkənar müxalifətdirlər, yaxud, həmin rolu oynamağı öz üzərlərinə götürməyə çalışırlar. Üstəlik, ipləri də eyni mərkəzlərə bağlıdır. Ona görə də, əslində meydan.tv-də belə bir yazının dərc olunması nə qədər təbiidirsə, Əli Kərimlinin AXCP-sinin ona cavab verməməsi də bir o qədər normaldır.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti