Mərkəzi Bankdan hansı addımları gözləmək olar? – TƏHLİL

Mərkəzi Bankdan hansı addımları gözləmək olar? – TƏHLİL
  07 Sentyabr 2015    Oxunub:3144
Bu gün inkişaf etmiş ölkələrin mərkəzi bankları tərəfindən yürüdülən siyasət diqqət mərkəzindədir. Xüsusən də ABŞ-ın Federal Rezerv Sisteminin (FES) bu günlərdə baza faiz dərəcəsini artırıb, artırmayacağı ciddi maraq doğurur. Real olaraq, FES-in "əlində" bunun üçün 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhrandan sonra ən əlverişli şərait yaranıb. Məsələ isə bundan ibarətdir ki, baza faiz dərəcəsinin cüzi də olsa, yüksəlişi dünya iqtisadiyyatı üçün istər-istəməz əlavə problemlər yaradacaq.

Həm bu, həm də digər üzdən dünya ölkələrində, o cümlədən Azərbaycanda mövcud pul-kredit siyasətinə daha həssas yanaşma tələb olunur. Bu mənada Azərbaycan Mərkəzi Bankının (AMB) da vəzifələri artıb. Belə ki, bu vəziyyət əslində, ilin əvvəlindən müşahidə edilsə də tendensiya göstərir ki, AMB getdikcə, ən xırda detallara da belə diqqət yetirmək məcburiyyətində qalır.

Sözügedən qurumun keçən ay, yəni 13 avqust 2015-ci il tarixdə keçirdiyi iclasında qəbul etdiyi qərarlar buna əyani misaldır. Həmin qərarlara bir daha nəzər salaq.

AMB-nin sözügedən tarixli iclasında qəbul etdiyi qərarları bu haqda adı çəkilən qurum tərəfindən verilən açıqlamada da qeyd olunduğu kimi qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda ölkədə makroiqtisadi sabitliyi qorumaq istəyi ilə yanaşı, iqtisadi artımı və milli iqtisadiyyatın şaxələnməsi prosseslərini dəstəkləmək məqsədilə görülən və həyata keçirilən tədbirlərin davamı kimi xarakterizə etmək mümkündür. Çünki burada söhbət, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdən, həmçinin kreditləşmədə məsuliyyətliliyi artırmaqla, kredit faizlərinin azaldılması istiqamətində tədbirləri davam etdirməkdən gedir.Real maliyyə və iqtisadi şərait baxımından isə bu, olduqca vacib məsələlərdir.

Yeri gəlmişkən, əvvəlki şərhlərimizdə də yazdığımız kimi AMB-in manatın dəyərini cari ilin fevralın 21-i tarixində ucuzlaşdırmasından sonra bankların fəailiyyətində - bütövlükdə bank sektorunda bir növ “yenidən yüklənmə” vəziyyəti yaranıb.

Bununla əlaqədar olaraq da banklara dəstək məqsədilə AMB tərəfindən məlum olduğu kimi mart və aprel aylarında bir sıra zəruri addımlar atıldı. Belə ki, ölkənin bank sektorunu ortaya çıxan potensial risklərdən qorumaq məqsədilə bir-birinin ardınca zəruri sığorta tədbirləri həyata keçirildi ki, bütün bunları da faktiki olaraq, banklara dəstək siyasəti adlandırmaq mümkün idi.

Ümumiyyətlə, AMB tərəfindən həm devalvasiya qərarından sonra, həm də ölkədə istehlak kreditləşdirilməsinin nizama salınması məqsədilə xüsusən keçən ilin əvvəlindən bəri atılan addımları sözügedən qurumun ölkənin bank sektorunun normal fəaliyyət göstərməsi üçün “əlindən gələni” etdiyi göstəricisi kimi səciyyələndirmək lazımdır. Bu da təbiidir, o mənada ki, adı çəkilən qurum bu sahədə yeganə tənzimləyici orqandır.

13 avqust 2015-ci il tarixdə keçirdiyi iclasında qəbul etdiyi qərarlara münasibətdə bəzi ekspertlərə görə, guya, ölkədə kreditləşdirmə məhdudlaşacaq. Lakin bu, əsla belə deyil. AMB tərəfindən kommersiya banklarına istehlak və avtomobil kreditlərinin verilməsinin daha keyfiyyətli və müfəssəl tənzimlənməsi məqsədilə müvafiq tövsiyələr hələ keçən ilin əvvəlindən verilir. Və bu, heç də ölkədə pul-kredit siyasətinin sərtləşdirilməsi demək deyil.

Buna əyani misal olaraq, istehlak kreditlərinin həcminin fasiləsiz olaraq artmasını göstərmək olar. 2015-ci ilin martın 1-də istehlak kreditlərinin pik həddə - 8 milyard 416,7 milyon manata çatmışdı. 2005-ci ildən indiyədək isə istehlak kreidtlərinin həcmi 7 milyard 495,4 milyon manat artıb. Bunun fonunda isə problemli kreditlərin də həcmi yüksəlib.

Sual yaranır ki, bütün bunların müqabilində bu və ya digər kredit təşkilatı kredit almaq üçün müraciət edən istehlakçıdan onun ödəmə qabiliyyəti və təyinata uyğunluğu haqda qiymətləndirmə üçün zəruri məlumatlar toplamalı deyilmi?

Yeri gəlmişkən, elə hallar var ki, ölkədə vətəndaş bir bankdan kredit götürüb, onu ödəyə bilmədiyi üçün digər banka müraciət eləyir və ordan kredit alaraq birinci bankın kreditini bağlayır. AMB-in sözügedən qərarlarından sonra isə banklar tərəfindən kreditin verilməsi prosedurunda məsuliyyətlilik artacaq. Yəni, kredit üçün müraciət eləyən şəxsin əldə etdiyi gəlirdən bu və ya digər kredit təşkilatına 50%-dən yuxarı səviyyədə borcu varsa həmin şəxsə istəyindən asılı olmayaraq kredit verilməyəcək.

Bu mənada, AMB-in kredit təşkilatlarında korporativ sosial məsuliyyəti artırmaq, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsi nöqteyi-nəzərdən qəbul etdiyi qeyd olunan qərarlarla bağlı mövqeyi və siyasəti olduqca əhəmiyyətlidir.

Nağd pulun məxarici üzrə tariflərə dəyişikliklərə gəldikdə isə, iri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarifin ləğv edilməsi, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilməsi ölkədə pul bazasının mövcud inkişafı tendensiyası baxımından, olduqca müsbət və məqsədəuyğun qərardır.

Sözün qısası, AMB-in 13 avqust 2015-ci il tarixli qərarları həm real sektorun inkişafı, həm də əhalinin qayğısına qalınması, yəni onların əlavə borc bataqlığına düşmələrinin qarşısının alınması baxımından zəruri və yerində atılmış addımlardır. İrəlidə isə ölkəmizin mərkəzi bankı tərəfindən daha tədbirli addımların şahidi ola bilərik.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti