Saakaşvilli Ukraynanın baş naziri ola bilər – TƏHLİL

Saakaşvilli Ukraynanın baş naziri ola bilər – TƏHLİL
  09 Sentyabr 2015    Oxunub:3186
Ukraynanın daxilində yaranmış siyasi böhran get-gedə daha da dərinləşməkdədir. Siyasi böhranın əsas səbəbi iqtisadi böhran və hökumətin yaranmış vəziyyətdən çıxmaq üçün attığı addımların nəticələrinin gündəlik həyatda hiss olunmamasıdır. Məhz bu səbəbdən bir il əvvəl yüksək reytinqə malik Yasenyuk hökuməti əhali arasında surətlə nüfuzunu itirməkdədir.

Ölkədə yaranmış siyasi və iqtisadi qeyri-müəyyənlik Axmetov, Kolomoyski və s. oliqarxlarda da çaşqınlıq və təbii ki, hakimiyyətdən narazılıq yaradıb. Daxili siyasi gərginliyin mərkəzində isə Gürcüstanın keçmiş prezidenti, Odessanın prezident səlahiyyətlərinə bərabər səlahiyyətləri olan populist qubernatoru Mixeil Saakaşvilli dayanır.

Belə ki, Saakaşvilli Odessa vilayətində apardığı islahatlar çərçivəsində regiona digər aviaşirkətlərin uçuşunu təmin etmək üçün Ukraynanın Dövlət Aviasiya Xidmətinə müraciət etdi, lakin qurum gürcü qubernatorun sorğusuna müsbət cavab vermədi. Nəticədə Aviasiya Xidmətinin rəhbəri Antonyukla Saakaşvilli arasında mübahisə yarandı və Odessa qubernatoru Antonyuku monopolist qüvvələrə xidmət etməkdə günahlandırdı. Məsələ prezident səviyyəsinə qalxdı və Poroşenko gürcü dostunu müdafiə edərək, Antonyuku tutduğu vəzifədən azad etdi.

Maraqlı məqam ondan ibarətdir ki, Antonyukun maraqlarını müdafiə etdiyi “Ukrayna beynəlxalq hava yolları” şirkətinin sahibi Dnetrepetrovski əyalətinin keçmiş qubernatoru, oliqarx İqor Kolomoyskidir. Antonyuk isə baş nazir Yatsenyukun irəli sürdüyü kadr idi.

Bundan sonra Saakaşvilli baş nazir Yasenyuku oliqarxların maraqlarına xidmət etməkdə günahlandırmağa başladı, Yasenyuk isə cavab olaraq belə ittihamların yersiz olduğunu bildirdi. Kolomoyski Saakaşvillinin onun rəhbərini tənqid etməsinə dözməyib Odessa qubernatorunu “ağızlığı açılmış köpək” və “fırtıqlı narkoman” adlandırdı.

Prezident Poroşenko məsələyə həmişəki təmkinliyi ilə münasibət bildirdi, rəsmilərin mübahisəsinin islahatların gecikməsi ilə əlaqələndirdi və aralarında şəxsi intriqanın olmadığını söylədi.

Ukrayna prezidentinin rəsmi internet saytında Saakaşvillinin baş nazir təyin olunması tələbi yer alan bir neçə tələbnamə yerləşdirilib və tələbçilərin sayı artıq 25 mini keçib. Artıq Saakaşvillinin baş nazir vəzifəsinə real namizəd kimi müzakirə olunmaqdadır. Saakaşvilli qətiyyətlə baş nazir olmaq istəmədiyini bildirsə də, Yasenyukun işini tənqid etməkdən çəkinmir.

Əslində baş verən olaylar daha çox prezident Poraşenkonun inqilabdan sonra meydana çıxmış çoxlu sayda güclü siyasi potensiala malik rəqiblərini zərərsizləşdirmək və dövlət başçısı kimi mövqeyini gücləndirmək istəyi ilə bağlı ola bilər.



Ukraynada çevrilişi həyata keçirən Yasenyuk-Kliçko-Tyaqnibok triosu üçün Poroşenko razılaşdırılmış namizəd kimi irəli sürüldü. Lakin prezident seçildikdən sonra Poroşenkonun fəaliyyəti göstərdi ki, o heç də baş nazir Yasenyukun diktəsi ilə çalışmaq fikrində deyil. İlkin mərhələdə Tyaqnibokun başçılıq etdiyi radikal “sağ sektor” məhv edildi. Sağ sektorun bəzi liderləri həbs olundu, bəziləri isə siyasi səhnədən uzaqlaşdırıldı.

Kliçko paytaxt Kiyevə mer seçilməklə başqa iddiasının olmadığını göstərdi və bununla Poroşenko ilə rəqabətə girmədi. Nəticədə, Poroşenkonun yeni yaratdığı siyasi partiya 2014-cü ilin parlament seçkilərində parlamentin müəyyən qədər mandatına sahib oldu.

Keçmiş triodan prezidentə rəqib ola biləcək yeganə siyasətçi baş nazir Yasenyukdur və Poroşenkonun əsas hədəfi Yasenyuku siyasi səhnədən uzaqlaşdırmaqla özünə daha loyal hökumət rəhbəri təyin etməkdir.

Bələdiyyə seçkilərində Yanukoviçdən miras qalmış birləşmiş müxalifətə qələbə qazanmaq üçün hakim partiyaların da birləşməsi barədə Poroşenkonun təklifi əslində Yasenyukun siyasi karyerasının sonunun başlanğıcıdır. Kliçko yenidən Kiyev meri seçilmək müqabilində bu təkliflə razılaşıb. Hələlik Yasenyukun fraksiyası konkret razılıq bildirməsə də, əslində onun başqa çıxış yolu yoxdur. Baş nazir ya prezidentlə razılaşmalı ya da hakimiyyətdən devirdiyi siyasi qüvvələrlə birləşməlidir. Beləliklə, üç partiyanı birləşdirib bələdiyyə seçkilərinə qatılmaqla prezident həm parlamenti, həm də yerli özünüidarəetmə orqanlarını nəzarətə götürür.

Baş nazir Yasenyukun 2015-ci ilin sonunda istefaya göndəriləcəyini gözləmək olar. Həmin müddətə qədər parlament hökumətə islahatlar aparması üçün vaxt verib. Poroşenkonun məhz Saakaşvillini baş nazir təyin etmək fikrində olduğunu demək olmaz, ancaq bunu əminliklə söyləmək olar ki, Saakaşvilli Poroşenko ilə eyni komandadadır və onun maraqlarına uyğun zərbələr endirir.

Etiraf edilməlidir ki, Saakaşvillinin baş nazir təyin edilməsi tamamilə labüddür. Çünki Saakaşvillinin parlamentdə fraksiyası yoxdur və bu mənada prezidentə əlavə təsir imkanlarına malik deyil. Amerikanın razılaşacağı namizəd olmaqla yanaşı, Saakaşvillinin xalq arasında olan populyarlığı qeyri-populyar iqtisadi islahatların keçirilməsinə imkan yaradacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti