Türkiyə kürd tələsində - TƏHLİL

Türkiyə kürd tələsində - TƏHLİL
  14 Sentyabr 2015    Oxunub:22116
(Birinci yazı)

AKP hökumətinin `İŞİD-lə mübarizə` adı ilə Suriya və İraq ərazilərində başlatdığı antiterror əməliyyatları mənfi nəticələrini Türkiyəyə göstərməkdədir. Türkiyə daxilində yenidən PKK terroru alovlandı və günaşırı onlarla türk əsgərinin ölümünə səbəb olur.


Əslində Ərdoğanın hücum planı həm Türkiyənin milli maraqları, həm də seçkilərdə lazımi səsi toplaya bilməmiş AKP-nin siyasi mövqeyinin güclənməsi baxımından əlverişli hesab oluna bilərdi. Türk əsgəri Suriya ərazisinə girir, faktiki xarici ölkənin ərazisini zəbt edir və paralel olaraq xaricdəki və daxildəki PKK-çıları məhv edirdi. Müharibə şəraitində əldə olunan qələbələr partiyanın populyarlığını artırır və növbədənkənar seçkilərdə AKP-nin parlamentdə üstünlük əldə etməsinə imkan yaradırdı.

Lakin qarşıdurmaların Türkiyənin daxilinə yönəlməsi prosesin plana uyğun getməməsindən və artıq nəzarətdən çıxmasından xəbər verir. Ən azı ona görə ki, Ankara daxili çaxnaşmalara başı qarışıdığı üçün kənara müdaxiləyə artıq kifayət qədər qüvvə ayıra bilmir. Bu isə, Suriyada mövqeyini itirmək istəməyən, yaxud yeni mövqe əldə etmək istəyənlərin işinə yarayır, onlara əlavə vaxt qazandırır.

Hesab etmək olar ki, Ərdoğanın HDP ilə bağlı hesablamaları tam özünü doğrultmadı. Məsələn prezident güman edə bilərdi ki, HDP-nin parlamentə daxil olmasına şərait yaratmaqla öz hüquqları uğrunda sivil yolla mübarizə aparmaq istəyən kürdləri radikal kürdlərdən qoparacaq. Bu əməliyyatlarla isə terroçuların son qalıqları təmizlənəcək. Lakin HDP başqanı Selaheddin Demirtaşın baş verən terroru hökumətin açdığı muharibəyə cavab kimi qiymətləndirməsi onu göstərir ki, separatçılar istənilən an sivil mübarizədən əl çəkib, silahlı mübarizəyə keçə bilərlər. Bu, o deməkdir ki, HDP əslində PKK-nın parlamentdə təmsil olunan qanadıdır. Yəni, dövlət daxilində dövlətə tabe olmayan və silahlı qüvvələrə malik siyasi partiya mövcuddur. Daha çox terror təşkilatı ilə siyasi partiyanın sintezi kimi qiymətləndirilə bilər.

Belə təcrübələrə əvvəllər rast gəlinib: Məsələn, 2006-cı ildə Fələstin Muxtariyyatının parlamentinə keçirilən seçkilərdə HƏMAS terror təşkilatının nümayəndələri qələbə qazandılar, lakin Mahmud Abbas hökuməti onlarla işləmək istəmədi və nəticədə HƏMAS Qəzza bölgəsini Fələstindən ayıraraq mərkəzi hakimiyyətə tabe olmadı. Yaxud, Livanda Hizbullah terror təşkilatı hər parlament və bələdiyyə seçkilərində öz nümayəndələrinin namizədliyini irəli sürür. Misirdə “Müsəlman Qardaşları” terror təşkilatının nümayəndəsi Muhammed Mursi 2012-ci ilin prezident seçkilərində qələbə qazandı, lakin sonradan hərbçilər tərəfindən hakimiyyətdən devrildi.

Belə vəziyyətin yaranma səbəbi onunla bağlıdır ki, müəyyən ölkə yaxud regionda bir qrup insan əsasən dini və etnik zəmində öz hüquqlarının tam təmin olunmadığı qənaətinə gəlir və bununla mübarizəyə başlayırlar. Bu, o zaman baş verir ki, dövlətin bağlı olduğu dini və milli dəyərlər həmin azlığın dini və milli dəyərlərindən fərqlənir. Azlığın mübarizəsinin ilk mərhələsində dövlət silahı olduğu üçün ona asanlıqla qalib gələ bilir. Lakin sonradan kənar qüvvələrin köməkliyilə həmin azlıq silahlanaraq təşkilatlanır və artıq dövlətə lazımi səviyyədə müqavimət göstərmək qabiliyyətini əldə edir. Yalnız bundan sonra, dövlət həmin azlığa müəyyən hüquqlar tanımaq qərarına gəlir, azlıq bu hüquqlardan istifadə edir, ancaq tərkisilah olmaq istəmir. Çünki artıq dövlətə inanmır. Bu dəfə dövlətin həmin azlığın öhdəsindən gəlməsi daha da çətinləşir çünki separatçılar eyni zamanda ictimai rəyi amilindən özlərinin lehinə faydalanmağa başlayırlar.

PKK-nın növbəti dəfə baş qaldırmasında kənar qüvvə kimi Rusiya, İran və Suriya maraqlı ola bilər. Çünki Rusiya ilə İran Suriyada Əsəd hakimiyyətinin qalması və müxalifətlə mübarizə aparması üçün lazımi hərbi yardım göstərirlər. Son məlumatlarda isə Rusiyanın artıq Tartus limanında hərbi qüvvələrinin sayını artırdığı bildirilir.

İran, İraq və Suriyaya nisbətən Rusiyanın kürd etnosuna təsir imkanları daha güclü olub və tarix boyu kürdlər daha çox Rusiyanın maraqlarına xidmət ediblər. Hətta demək olar ki, SSRİ məhz kürdlərin hesabına yaxın şərqdə İraq, İran, Suriya kimi dövlətləri öz nəzarətində saxlaya bilib. İkinci dünya müharibəsindən sonra İranda “İran Kürdüstanının Demokratik Partiyası”, İraqda “Kürdüstanın Demokratik Partiyası”, oxşar adlarla Türkiyə və Suriyada kürtlərin qeyri-leqal təşkilatları yaradılmışdı.

“1947-ci ildə İran kürdlərinin lideri Molla Mustafa Bərzani SSRİ-dən siyasi sığınacaq istəyib. Həmin dövrdə İranla yaxşı münasibətləri olduğu üçün, Moskva kürdlərdən Yaxın Şərqdə Vaşinqtonun strateji tərəfdaşı olan İraq və Türkiyəyə qarşı istifadə etmək istəyirdi. SSRİ ərazisinə daxil olan kürd döyüşçüləri və onların ailələri Özbəkistanın kənd rayonlarında yerləşdirilirlər. Bərzani və onun zabitləri sovet hərbi məktəb və akademiyalarında xüsusi təhsil aldılar. Kürdlər partizan müharibəsinin aparılması taktikası və terror aktlarının həyata keçirilməsi qaydalarını öyrənirdilər.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti