Büdcə kəsiri böyüyə bilərmi? - TƏHLİL

Büdcə kəsiri böyüyə bilərmi? - TƏHLİL
  16 Sentyabr 2015    Oxunub:4331
Dövlət başçısının yanında keçirilən sonuncu müşavirədə qeyd edilmişdi ki, Avrasiya regionunda artıq xeyli müddətdir müşahidə edilən maliyyə və iqtisadi böhran fonunda ölkəmizdə makroiqtisadi sabitliyin qorunması olduqca diqqəti çəkir. Və bunu, bütün vasitələrdən istifadə etməklə, qorumaq tələb olunur. Bu cür çətin vəzifənin öhdəsindən gəlmək üçünsə hökumətin əlində kifayət qədər imkan var. Bunlardan da ən başlıcası, şübhəsiz ki, siyasi sabitlikdir.

Cari ilin I yarısında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilməsi faktoru da bunun nəticəsidir. Xatırladaq ki, əlavə dəyərin 36,0%-i sənayedə, 13,4%-i ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5%-i tikinti kompleksində, 5,8%-i nəqliyyatda, 5,6%-i kənd təsərrüfatında, 1,9%-i rabitədə, 16,4%-i isə digər sahələrdə əldə olunub.

Ümumiyyətlə, 2014-cü ilin I yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2% artıq təşkil edib ki, sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1% artım əldə olunub. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artıb.

Ancaq bununla belə, dünya bazarlarında qiymətlərin 2 dəfə enməsi səbəbindən neftdən gələn gəlirlərimizin azalmasının kompensasiya olunduğu haqda söyləmək əsla mümkün deyil. Ona görə ki, məlum olduğu kimi, büdcə gəlirlərimizin çox hissəsini neft pulları təşkil edir. Bilavasitə Dövlət Neft Fondundan (ARDNF) transfert həcmində isə bu, özünü əyani göstərməkdədir.

Lakin ARDNF-dən transfert sabit mənbədir. Çünki köçürmə xarakterli məbləğdir. Odur ki, neftdən itkini dövlət büdcəsinin gəlir mənbələri sırasında bilavasitə Neft Fondundan transfertdə hiss etmək mümkün deyil. Ancaq Fondun özünə daxilolmalarda və o cümlədən dövlət büdcəsinə DNF-dan əlavə Neft Şirkətindən (SOCAR) vergi şəklində mədaxildə azalma qaçılmazdır ki, bu, özünü kəsir vasitəsilə göstərir.

Təsadüfi deyil ki, 2015-ci ilin ilk 6 ayı ərzində dövlət büdcəsinin mədaxili 7807,2 milyon manat, xərcləri isə 8577,9 milyon manat təşkil edib ki, büdcədə 700,7 milyon manat məbləğində kəsir (defisit) yaranıb. Sual yaranır ki, ilin sonuna doğru bu kəsir böyüyə bilərmi?

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat nəzərdə tutulub, kəsir 1,662 milyard manat həcmində proqnozlaşdırılıb. Məsələ bundadır ki, kəsirin nəzərdə tutulduğundan böyük olması üçün ilk növbədə SOCAR-dan ödənişlərdə “axsaqlıq” yaranmalıdır. Yeri gəlmişkən, elə bir neçə gün öncə sözügedən qurumun rəhbəri Rövnəq Abdullayev bildirdi ki, dünya bazarında neftin hazırkı qiymət səviyyəsi dövlət büdcəsinə mənfi təsir göstərir.

"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir",– deyə, SOCAR prezidenti qeyd etdi.

Xatırladaq ki, cari ildə dövlət büdcəsinə ARDNF-dan 10 miyard 388 milyon manat köçürüləcəyi fonunda Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat vəsait yığmaq planlaşdırılıb ki, bunun da 1 milyard 500 milyonu SOCAR-dan toplanılmalıdır.

2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 milyard 855 milyon 230 min manat təşkil etmişdi. 2015-ci ildəsə SOCAR dövlət büdcəsinə təkrar edirik ki, 1,5 milyard manat vəsait ödəyəcək. Fakt isə bundan ibarətdir ki, adı çəkilən şirkət tərəfindən 2015-ci ilin avqust ayında dövlət büdcəsinə 124 milyon 503 min manat vəsait ödənilib. Düzdür, iyul ayı üzrə bu göstərici 145 milyon 525 min manat təşkil edib. Lakin ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında büdcəyə 998 milyon 758 min manat vəsait köçürülüb.

Bundan əlavə, avqustda SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da 11 milyon 477 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-avqust aylarında isə şirkət tərəfindən DSMF-a ödəniş 92 milyon 434 min manat təşkil etmişdi.

Bilavasitə dövlət büdcəsinə ilin geridə qalan 8 ayı ərzində ödəniş üzrə rəqəmin səviyyəsi göstərir ki, Neft Şirkəti sarıdan problem olmamalıdır. Yəni, yerdə qalan təxminən 500 milyon manat civarında vəsait də dövlət büdcəsinə SOCAR tərəfindən ödəniləcək.

Yuxarıda misal gətirdiyimiz rəqəmlərə əsasən isə qeyri-neft sektorunun əlverişli inkişafı və artımı fonunda kəsirin nəzərdə tutulduğundan çox ola biləcəyi ümumiyyətlə, gözlənilmir. Odur ki, əsas diqqət 2016-cı ilə yönəlməlidir. Cari ili təhlükəsiz başa vuracağıq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti