PKK-nın ipi kimin əlindədir? – TƏHLİL

PKK-nın ipi kimin əlindədir? – TƏHLİL
  18 Sentyabr 2015    Oxunub:10904
(İkinci yazı. Birinci yazını Buradan oxuya bilərsiniz)

...1952-ci ildə Sovet rəhbərliyi ilə Bərzani arasında əldə olunan razılığa əsasən, kürdlərin İraqdakı qərbyönümlü hakimiyyəti devirmələri müqabilində SSRİ İran, İraq və Türkiyə sərhədlərinin kəsişmə nöqtəsində Kürdüstan dövlətinin yaradılmasına zəmanət verirdi.

Məhz həmin dövrdə də “inqilabi marksizm-leninizm” ideologiyasına uyğun kürd partiyalarının yaranmasının əsası qoyuldu. Kürd milli hərəkatının Moskvanın maraqlarına xidmət etməsi üçün sovet rəhbərləri onlara kommunist ideologiyasını təlqin etməyə başladılar. 1978-ci ildə Ankarada təsis olunmuş PKK-nın da ideologiyası marksizm-leninizm üzərində qurulmuşdu (Mənbə: Агабеков Г. Секретный террор. Записки разведчика. М., 1996. С.179. https://azvision.az/redirect.php?url=http://www.hist.ru )

Buradan belə bir qənaətə gəlmək olar ki, SSRİ kürdlərdən Yaxın Şərqdəki dövlətlərin hakimiyyətlərinə təzyiq göstərmək üçün yararlanır və müxtəlif ölklərdəki kürd qruplaşmalar vahid mərkəzdən idarə olunurdu. Kürd təşkilatlarının müvafiq dövrlərdə lazımi ölkələrdə fəallaşmasını da bununla izah etmək olar.

Türkiyənin “Milliyyet” qəzetinin yazarı N.A.Özcan hesab edir ki, Sovet İttifaqı dağılsa da, yeni Rusiya ilə PKK-nın münasibətləri hələ də qalmaqdadır və köhnə dostluq hələ də unudulmayıb. “Rusiya, PKK və köhnə dəftərlər” adlı məqaləsində N.A.Özcan qeyd edir ki, PKK-nın 1992-ci ildə atəşkəsi pozaraq 33 türk əsgərini öldürməsi Rusiya ilə dostluğun bədəli idi. Həmin vaxt Rusiya Cənubi Asiya və Qafqazla yaxınlaşmağa çalışan Türkiyəyə bu yolla mesaj verdi. Bu eyni zamanda Rusiyanın enerji planlarının ziddinə olaraq Azərbaycandan enerji dəhlizi çəkmək istəyən Türkiyəyə gözdağı idi.



Məlum faktdır ki, 1998-ci ilin 4 noyabr tarixində Rusiya Dövlət Duması səs çoxluğu ilə PKK lideri Abdulla Öcalana siyasi sığınacaq verilməsinə dair Rusiya prezidenti B.Yeltsinə müraciət qəbul etmişdi. “Moscow Times” qəzetinin 17 fevral 1999-cu il tarixli hesabatanında qeyd olunur ki, Moskva ilə PKK arasında münasibətlər Sovet İttifaqı dövründə olduğu kimi yaxşıdır. Buna baxmayaraq, Rusiya hökuməti diplomatik münasibətləri kəsəcəyini bildirən Türkiyənin təzyiqləri nəticəsində Öcalanın siyasi sığınacaq barədə təklifini rədd etdi.

Açıq Media Tədqiqatları İnstitutunun (Open Media Research Institute - OMRI ) 30 avqust 1996-cı ildə dərc olunan tədqiqatında Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən iddia edilirdi ki, özlərini “Beynəlxalq Kürd İctimai Assosiasiyalar Birliyi”nin nümayəndəsi adlandıran bir qrup şəxs Yaroslavl regionu ərazisində “Solnichni” uşaq düşərgəsini alıblar. Məqalə müəllifləri belə bir nəticəyə gəlirlər ki, adıçəkilən təşkilatın nümayəndələri PKK ilə əlaqəlidirlər və həmin ərazi hərbi düşərgə kimi istifadə olunacaq. 1998-ci ildə həmin əraziyə yollanan Anadolu Xəbər Agentliyinin nümayəndələri Yaroslavl regionundakı “Solnecni” uşaq düşərgəsinə getmələrinə icazə verilmədiyini bildirmişdilər. Onların sözlərinə görə düşərgənin binalarının üzərində PKK-nın və MED TV-nin simvolikası çəkilmişdi.

Qeyd olunanları nəzərə alaraq ehtimal etsək ki, PKK yenə əvvəkli kimi Rusiyanın təsirindədir və Moskva bu alətdən Türkiyəyə qarşı istifadə edir, o zaman belə ber nəticəyə gəlmək olar ki, bu dəfə də Rusiya ilə Türkiyə arasında müəyyən məsələlərdə ciddi narazılıq mövcuddur.

Bu mənada Rusiyanın Türkiyəyə təzyiq göstərmək üçün əsası çoxdur. Məsələn, Ərdoğan “Cənub axını” qaz kəmərini “Türk axını” adı ilə öz ərazisindən keçirəcəyinə söz versə də, sonradan bu layihənin icrası naməlum səbəblərdən dayandı. Üstəgəl, Türkiyə-Türkmənistan-Azərbaycan formatında Transxəzər enerji dəhlizinin çəkilməsi istiqamətində danışıqlar intensivləşdi. Bu layihənin reallaşması Rusiyanın Avropaya enerji cəhətdən təsir imkanlarını minimuma endirir.

Eyni zamanda, Türkiyə Krım tatarlarına birbaşa və dolayı dəstəyini də artırdı. Bu yaxınlarda Ankarada Krım tatarlarının ümumdünya konqresi keçirildi və tədbirdə iştirak edən prezident Ərdoğan Türkiyənin heç bir vaxt Krımın ilhaqını qəbul etməyəcəyini bildirdi.



Ancaq ən əsas səbəb, təbii ki, Türkiyənin Suriyaya qoşun yeritməsidir. Yayılan məlumatlar göstərir ki, Bəşər Əsəd məğlubiyyətin astanasında idi və Türkiyənin Suriyaya daxil olması son nöqtəni qoymalı idi. Məhz belə bir məqamda Rusiya qoşunları cənubdan gizli şəkildə Suriyaya daxil oldu və Türkiyə ərazisində PKK-nın törətdiyi insidentlərinin sayı artdı.

“Çeçenistan və Şimali Qafqazda qiyam” adlı əsərində Robert Şafer qeyd edir ki, Çeçenistandakı münaqişənin həlli üçün Moskva ilk növbədə xaricdən göstərilən dəstəyin qarşısını aldı. Çeçenistandakı müsəlmanlara dəstək əsasən Səudiyyə Ərəbistanından gəlirdi. Lakin Türkiyə Qafqaz və Orta Asiyadakı postsovet respublikaları ilə münasibətləri dərinləşdirmək istəməsinə cavab olaraq Moskvanın etirazı ilə qarşılaşdığı üçün Çeçenistandakı müsəlmanlara dəstək göstərirdi. Belə bir məqmda Rusiya öz maraqları üçün Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq qərarına gəldi. Bunun üçün Rusiya KQB-nin PKK-ya aid məlumatlarını Türkiyəyə ötürülür və Ankaranın terrorizmlə mübarizəsinə köməklik göstərildi.

Əgər Rusiya bu dəfə PKK ilə Türkiyə əleyhinə işbirliyinə daxil olubsa, bu, Moskva üçün çox riskli addım hesab oluna bilər. Çünki Ankaranın Şimali Qafqaz, yaxud Krımda antirusiya meyillərinin fəallaşdırılmasıma, hətta Rusiya daxilində növbəti milli azadlıq mübarizəsini alovlandırmaq planına əl atması mümkündür. Əgər bu baş verərsə, dünya ictimaiyəti Rusiyanın ikinci dəfə dağılmasının şahidi olacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti