Böhran qorxudan başlayır – NLP-nin açdığı sirr

Böhran qorxudan başlayır – NLP-nin açdığı sirr
  19 Sentyabr 2015    Oxunub:5619
Babək Bayramov
NLP Ustadı, Biznes və Yaşam Koçu

Xüsusi olaraq AzVision.az üçün


Bir gün vəba yol ilə gedirmiş. Qarşısına bir nəfər çıxır və vəbadan soruşur: “Hara gedirsən? Vəba cavab verir ki, şəhərə gedirəm. Adam vəbanın şəhərə niyə getdiyini soruşur. Vəba, beş min adamı öldürəcəyini deyir. Ayrılırlar və adam öz yoluna davam edir. Geri qayıdanda eşidir ki, şəhərdə əlli min adam vəba xəstəliyinə düçar olaraq ölüb.

Geri qayıdanda vəba ilə təkrar rastlaşır. “Sən məni aldatmısan. Demişdin ki, beş min adam öldürəcəksən, ancaq əlli min öldürmüsən”,- deyir adam. Vəba cavab verir: “Vallah, mən sözümün üstündə durmuşam. Beş min demişdim, beş min də öldürmüşəm. Qalanları qorxudan ölüblər”.

Bəli, təhlükə qorxusu təhlükənin özündən daha təhlükəlidir. Beynimizin təcrübələri ümumiləşdirmək funksiyası var. Bizə gələn informasiyaları qavrama filtrlərindən keçiririk, o filtrlərdən biri də “ümumiləşdirmə” adlanır. Nümunə üçün deyək ki, bir neçə dəfə tarixdən aşağı qiymət alan şagir “Tarixi öyrənmək çətindir”, qənaətinə gələ bilər. Bir neçə dəfə dərzidə istədiyi nəticəni ala bilməyən müştəri “Bizim dərzilər bacarıqsızdır”, bir şəhərdə üç ayrı insan tərəfindən aldadılan şəxs “Filan şəhərdən olanlar fırıldaqçıdır” kimi ümumiləşdirmələr aparırlar.

“Azərbaycanda həkim yoxdur”, “Bütün ustalar məsuliyyətsizdir”, “Heç kimə inanmaq olmaz” kimi fikirlər məhz bu ümumiləşdirmələrin nəticələridir. “Bütün”, “həmişə”, “heç vaxt”, “əsla”, “hamı”, “heç kim” və s. ifadələrlə birlikdə meydana çıxan ümumiləşdirmələr, bir çox hallarda həyatımızın yanlış yön almasına səbəb olurlar.

Ən təhlükəlisi isə odur ki, bu ümumiləşdirmələr tədricən zehnimizin dərinliklərində yer alaraq, inanclara çevrilirlər. Ancaq baş verənlər nə olursa-olsun, sadəcə, təcrübələrdir və hər zaman belə olacağı demək deyil. İki dəfə bir işə cəhd edib, nəticə ala bilməyən insan “bu iş məndə alınmır” deyərək, vaz keçir və bir daha cəhd etmir. Bununla da onu məhdudlaşdıran, uğursuzluğa sürükləyən bir inanc əmələ gəlir.

Qorxu insanı həyatda saxlamaq, onu qorumaq üçün vazkeçilməz bir emosiya olsa da, normadan artıq olduqda insanın cəsarətinə, yaradıcılığına, inkişafına əngəl törədir. Pişik bir dəfə qaynar sobanın üzərinə çıxarsa, dərhal yerə atılar və bir daha qaynar sobanın üzərinə çıxmaz. Lakin, o, bir daha ümumiyyətlə, həmin sobanın üzərinə çıxmaz, soyuq olsa belə. Bir neçə dəfə yenilikçi fikir səsləndirməyə cəhd edən birisi “özündən Amerika kəşf eləmə”, “xəyalpərəst olma” kimi cavab reaksiyaları ilə üzləşərsə, özünü narahat hiss edəcək və güman ki, tənqid olunma qorxusu nəticəsində bir daha yenilikçi olmamağa çalışacaq. Qorxunun ümumiləşdirilməsi yaradıcılığı əngəlləməklə yanaşı, öyrənilmiş çarəsizliyi də yaradır.

Dünya iqtisadiyyatının geriləməsi, valyuta məzənnələrində eniş-yoxuşlar, istehsalın həcminin və ticarətin dövriyyəsinin azalmasını müşahidə edən insanlarda qorxu yaranır. Özlərinə qorxu içində “Görəsən, vəziyyətim necə olacaq?” sualını ünvanlayaraq, qorxunc cavablar tapanlar gələcəyə ümidlə baxa bilməzlər.

Əvvəlki məqalələrimdə bəhs etdiyim kimi, insanın həyatının yönünü müəyyənləşdirən faktorlardan biri onun özünə ünvanladığı suallardır. “Neft bir az da ucuzlaşsa, nə olacaq?” , “Manatın məzənnəsi 30% düşsə nə olacaq?” kimi suallara cavab axtaran beyinlərin tapdıqları cavablar əhvalı yerlə yeksan etmək qüdrətinə malikdir.

Bir memarın portretini çəkmək sifarişini almış bir gənc rəssam varmış. Rəssam bu işdən çox həyəcanlanmışdı və özünü çox yaxşı hiss edirdi. Çünki bu, onun aldığı ilk böyük iş idi. O, öz uğurunu qeyd etmək üçün çox xoşladığı bir kafeyə gedir. Sifarişini gözlədiyi zaman gözü yanındakı masanın oturacaqlarından birinin üstündəki qəzetə sataşır. Manşetdə qalın hərflərlə bu sözlər yazılıb: "Çətin günlər yaxınlaşır!"

Rəssam başlığa baxdıqca təlaşlanır və bərk narahat olur. Dərhal ofisiantı çağırıb, yemək-içmək sifarişini ləğv edir. Ofisiant onun sözünü kafenin sahibinə çatdırır və sahib gəncin narhatçılığını hiss edərək, ona yaxınlaşaraq soruşur: “Nəsə problem yarandı?” Rəssam: “Çətin günlər yaxınlaşır, indi pulumu və zamanımı boşa sərf etməyimin vaxtı deyil, işimlə məşğul olmalıyam”,- deyə cavab verir.

Rəssam getdikdən sonra kafenin sahibi: “Çətin günlər yaxınlaşırmı?”,- deyə düşünməyə başlayır. Düşündükcə təlaşlanır, narahat olur və arvadına zəng edərək, deyir: “Əzizim, bu bayram tədbiri üçün sifariş verdiyin paltar çox bahadır. Çətin günlər yaxınlaşır, bəlkə sifarişini ləğv edəsən?” Arvadı könülsüz razılaşır və mağzaya zəng edir: “Yeni paltarım üçün dünən verdiyim sifarişi ləğv etmək məcburiyyətindəyəm. Ərim, çətin günlərin yaxınlaşdığını dedi. Bir az dişimizi sıxmalıyıq”.

Mağaza sahibi: “Təəssüf edirəm, ancaq sizi də anlayıram”,- cavabını verib, dəstəyi asdıqdan sonra təlaşlanır, narahat olur və memara zəng edir: “Xəbər var ki, çətin günlər lap yaxındadır. Mağazamı böyütmək üçün münasib zaman deyil, indi belə ağır yükün altına girə bilmərəm”.

Memar düşünür və düşündükcə təlaşlanır. Gənç rəssama zəng vurur və deyir: "Çətin günlər gəlir, pul xərcləməyin vaxtı deyil, portretim sonraya qalsın”.

Gənc rəssam vəziyyəti anlayır, hər şey tamamilə onun gözlədiyi kimi olmuşdu. Özünü rədd edilmiş kimi hiss edərək, sıxıntısını bir qədəh şərabla boğmaq üçün kafeyə gedir. Boş masalardan birində oturaraq, içməyə başlayır və təkrarən gözləri oturacağın üstündəki qəzetə sataşır. Ayağa qalxıb, qəzeti götürür və xəbəri tam oxumaq istəyir. Görür ki, bu, 10 il əvvəlin qəzetidir. Kimsə bu qəzetlə kafeyə gətirdiyi malın üstünü örtübmüş və gedəndə onu qatlayaraq, oturacağın üzərinə qoyub.

Böhranın yaranmasına səbəb adətən böhran haqqında şayələrin yaranmasıdır. Qorxu hissi insanları pula qənaət etməyə məcbur edir, nəticədə istehlak aşağı düşür. İstehlak azalırsa, ticarət və istehsal da azalır. Nəticədə böhran dərinləşir və prorporsional olaraq, qorxu da dərinləşir.

Böhranın dəf edilməsi üçün ilk növbədə qəlbimizdəki qorxunu dəf etməyi bacarmalıyıq. Özümüzə ünvanladığımız sualların tərkibini və dolayısı ilə, düşüncə tərzimizi dəyişməliyik. Uğurlu insan böhranı fürsətə çevirməyi bacaran insandır.


Teqlər:  





Xəbər lenti