Gərgin dünyanın 70-ci baş məclisi: Şiddət azalacaqmı? – TƏHLİL

Gərgin dünyanın 70-ci baş məclisi: Şiddət azalacaqmı?  – TƏHLİL
  29 Sentyabr 2015    Oxunub:3273
Qlobal gərginliyin artması fonunda Nyu-Yorkda öz işinə başlayan BMT Baş Assambleyasının 70-ci sessiyası dünya ictimayyətinin diqqətini bu məkana yönəldib. Geosiyasi qütblər arasında ziddiyyətlərin aradan qaldırılması Putinlə Obamanın 50 dəqiqəlik görüşünün nəticələrindən asılı olacaq.

Sonuncu dəfə Putinlə Obamanın görüşü 2013-cü ildə İrlandiyanın Lox Erne şəhərində keçirilən “Böyük səkkizliy”in sammitində baş tutmuşdu. Bu, Putinin “Böyük səkkizlər”in görüşündə son iştirakı idi, çünki Ukrayna hadisələrinə görə Qərb dövlətləri Moskva ilə əməkdaşlığı kəsmək qərarına gəldilər.

Yayılan məlumatlardan görünür ki, Rusiya tərəfi həm Baş Assambleyanın iclasına, həm də prezident Obama ilə görüşə ciddi hazırlaşıb. Putinin sözcüsü Peskov prezidentin Baş Assambleyadakı çıxışının bir ay ərzində özü tərəfindən hazırlandığını deyib.

Təbii ki, hazırlıq təkcə bununla bitməyib və Moskva bir sıra gedişatlar həyata keçirməklə Vaşinqton qarşısında daha nüfuzlu təsir bağışlamaq üçün əlavə dividendlər əldə edib.

Obama ilə danışıqlarda Putinin mövqeyinin nədən ibarət olacağını prezidentin səfər ərəfəsində Amerikanın “CBS” telekanalına verdiyi müsahibədən də anlamaq mümkündür. Moskva Suriyada Bəşər Əsədin hakimiyyətdə saxlanılmasını, dünya dövlətlərinin terrorizmlə mübarizədə Suriya prezidentinə dəstək göstərməsini, əvəzində isə Əsədin sağlam müxalifətə güzəştlərə getməsini təklif edir. Başqa sözlə desək, Rusiya Yaxın Şərqdən çıxmaq fikrində olmadığını, ancaq, Qərblə müştərək şəkildə regiona nəzarəti həyata keçirməyə etiraz etmədiyini deyir.

Görüş öncəsi Putinin əldə etdiyi dividendlərə gəlincə, demək olar ki, bu mənada ilk sırada Türkiyənin Suriya məsələsində geri çəkilməsini qeyd etmək mümkündür. Sentyabrın 23-də Moskvada Sobor Məscidinin açılışında iştirak edən Türkiyə prezidenti rusiyalı həmkarı ilə də danışıqlar aparıb. Rusiya səfərindən sonra Ərdoğan Suriyaya dair verdiyi bəyanatında münaqişənin həlli ilə bağlı yeni planın hazırlandığını və keçid müddətinin Bəşər Əsədlə gerçəkləşməsinin mümkünlüyünü bildirib. Ərdoğanın bu bəyanatı Türkiyənin 2011-ci ildən bu yana izlədiyi Suriya siyasətinin tam əksidir və Ankaranın Rusiyanın mövqeyini dəstəkləməsi anlamına gəlir.

Güman etmək olar ki, Türkiyə Rusiyanın PKK vasitəsilə göstərdiyi təzyiq qarşısında dayana bilməyib və geri addım atmalı olub. Üstəgəl Türkiyədə növbədənkənar parlament seçkilərində AKP-nin qələbəsinin terrorçular üzərindəki qələbədən asılı olduğunu nəzərə alarsaq, Ankaranın bu addımı başa düşüləndir. Hər halda, Türkiyənin Suriyada geri çəkilməsi Putinə Amerikaya qarşı oyunda əlavə təsir kartı verir.

Maraqlıdır ki, Türkiyənin geri çəkilməsindən dərhal sonra Fransa qırıcılarının Suriyada terrorçuların mövqeyinə zərbələr endirməsi barədə məlumat yayıldı. Rusiya XİN-i dərhal Parisin bu addımını pisləyən bəyanatla çıxış etdi. Fransanın bu addımı Yaxın Şərqdə Türkiyə-Fransa-Səudiyyə Ərəbistanının koalisiya formalaşdırmaları barədə ehtimallara inamı artırır.

Rusiyanın Suriyada hərbi qüvvələrinin sayını artırması, rus qoşunlarının Əsəd qoşunları tərəfində döyüşlərdə iştirakı barədə məlumat Vaşinqtonu narahat edən amil hesab edilə bilər.

Belorus, Qazaxıstan və Azərbaycanın anti-Qərb mövqeyi nümayiş etdirmələri Rusiyanın hələ də postsovet məkənanında söz sahibi olmasından xəbər verir və Putin belə bir baqajla Obamanın görüşünə yollanır.

Şübhəsiz ki, Obama ilə Putinin görüşündə Suriya, Ukrayna məsələləri, ikitərəfli münasibətlər və bu münasibətlərin pisləşməsi ilə yaranmış iqtisadi böhran əsas müzakirə mövzusu olacaq. Putin anlayır ki, Vaşinqtona münasibətləri mülayimləşdirməsə iqtisadi böhrandan çıxa bilməyəcək. Münasibətlərin mülayimləşməsi üçün Rusiya güzəştlərə getməlidir: birincisi, Ukraynanın ərazi bütövlüyü təmin olunmalı, ikincsi isə Suriyada Bəşər Əsədin dəstəklənməsi dayandırılmalıdır. Yəni Moskva Ukrayna və Suriya ilə bağlı iddialarından geri çəkiləməlidir.

Əgər Putin geri durarsa, Qərb növbəti hücumda Qafqaz, Belorus və Orta Asiya ilə bağlı planlarının icrasına başlayacaq. Buna görə Kreml geri durmaq fikrində deyil və Suriyanın müştərək idrəolunmasını, Ukraynanın isə bölünməsini güzəşt kimi qələmə verir.

Ümumi hesabda Rusiya hər variantda uduzmuş vəziyyətdədir. Suriyada geri durmayacağı və silahlı müqaviməti davam etdirəcəyi təqdirdə Rusiyanın NATO qüvvələrilə qarşı-qarşıya gəlmə ehtimalı var. Eyni zamanda, mənşəyi məlum olmayan İŞİD-lə uzunmüddətli müharibə iflasa uğramış Rusiya iqtisadiyyatı üçün böyük yükdür.

Ukrayna cəbhəsinin yenidən alovlanması isə Rusiyanın ikiqat yükün altına düşməsi anlamına gəlir. Müharibə həm də canlı itki deməkdir ki, son nəticədə hakimiyyətə qarşı narazılıqların artmasına səbəb olacaq. Üstəgəl, Orta Asiyada növbəti qaynar nöqtənin yaranması da istisna edilməməlidir.

Odur ki, Putin üçün Obama ilə razılığın əldə olunması həyati əhəmiyyət daşıyır, çünki vaxt onun ziyanına işləyir.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti