Azərbaycan hansı bazarlara çıxa bilər? - TƏHLİL

Azərbaycan hansı bazarlara çıxa bilər? - TƏHLİL
  13 Oktyabr 2015    Oxunub:3499
Neftdən gələn gəlirlərin azalması ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafını bir nömrəli vəzifəyə çevirib. Lakin Azərbaycanda hökumətin son illər ərzində siyasətinə - ümumən yürütdüyü iqtisadi kursa nəzər yetirsək görərik ki, bu, hələ bir neçə il öncədən nəzərə çarpır.

Nazirlər Kabinetinin (NK) Prezident İlham Əliyevin rəhbərliyi altında bu vaxta qədər keçirilən demək olar bütün iclaslarında qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə əldə edilən nəticələr diqqət mərkəzində olub. Dövlət başçısı bu barədə hər dəfə hökumətin qarşısında ciddi vəzifələr qoyub və müvafiq tapşırıqlar verib.

Ölkəmizin 2020-ci ilə qədər inkişaf konsepsiyasına əsasən də 2020-ci ilə qədər ümumi daxili məhsul istehsalının 2 dəfə artırılması qeyri-neft sektorun hesabına təmin edilməlidir. Və bu vəzifə qarşıya qoyularkən dünya bazarlarında neftin qiyməti hələ aşağı düşməmişdi. Yəni, son 2 ilə yaxın müddətdə olduğu qədər narahatlıq doğurmurdu.

Qeyri-neft sektorunu inkişaf etdirmək dedikdə isə sözsüz ki, kənd təsərrüfatı öndə dayanır. Biz, əvvəl də şərhlərimizdə qeyd etmişdik ki, neftin ucuzlaşması fonunda dövlət büdcəsi gəlirlərinin azalması və eyni zamanda manatın devalvasiyası nəticəsində idxalın bahalaşması qeyri-neft sektorunu istər-istəməz iqtisadiyyatın aparıcı qüvvəsinə çevirmək zərurəti yaradıb ki, bu zaman aqrar sahə istər-istəməz öndə dayanır. Bu mənada, cari ilin ölkədə kənd təsərrüfatı ili elan edilməsi də təsadüfi olmadı.

Belə ki, Prezidentin bu il 12 yanvar tarixli Sərəncamı ilə 2015-ci ilin ölkədə kənd təsərrüfatı ili elan edilməsi əhəmiyyətli xarakter daşıdı. Sözügedən sənəddə də xatırlandı ki, dövlətimiz artıq neçə ildir ki, fermerlər üçün bir sıra güzəştlər müəyyən etmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarını torpaq istisna olmaqla bütün növ vergilərdən azad etmişdir.

Ümumiyyətlə, artıq uzun müddətdir fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və bu yolla satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Əkin sahəsinin becərilməsi üçün istifadə olunan yanacağa da subsidiya verilir.

Bununla belə, kənd təsərrüfatının inkişafı prioritet məsələ olaraq qalır. O səbəbdən ki, aqrar məhsullarının istehsalında daxili tələbatın ödənilməsi və ixracın təşkili sistem halına gətirilməlidir. Dövlət başçsı da dəfələrlə çıxışlarında vurğulayıb ki, kənd təsərrüfatını intensiv metodlarla inkişaf etdirmək lazımdır. Belə ki, ilk növbədə bir çox zəruri məhsullar üzrə idxaldan asılılıq aradan qalxmalıdır. Ancaq təəssüf ki, son vaxtlar demək olar bütün növ yeyinti məhsullarının ixracının azalması fonunda əsas növlər üzrə idxal artır.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2015-ci ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları idxalı 3,08 % artaraq ümumi idxalın 11,13 %-ni təşkil edib. Qeyd olunan müddət ərzindəsə keçən ilin anolji dövrünə nisbətən yeyinti məhsulları ixracı üzrə meyvə-tərəvəz 2,69, şəkər 2,57, bitki və heyvan mənşəli piylər və yağlar 29, çay isə 43,9 % azalıb.

Ümumiyyətlə, əvvəlki illərin statistikasına da nəzər yetirsək, əsas növ aqrar məhsullar üzrə idxalın sanki yüksələn xətt üzrə inkişaf etməyə meyilli olduğunu görərik ki, ixrac isə güclə artır. Üstəlik, maraqlıdır ki, son 2 ildir bilavasitə Rusiyada və digər qonşu ölkələrdə kənd təsərrüfatı məhsullarının idxalı üçün əlverişli imkanlar və şərait yaransa da bizdən ixrac əksinə, azalmağa başlayıb.

Bu mənada, təkcə bir faktı nəzərə çatdırmaq kifayətdir ki, ixracı əvvəlki illərdə yüksəlməyə ve genişlənməyə meyl göstərən hətta meyvə-tərəvəz məhsulları da bu ilin sentyabr ayınadək olan dövr ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,69% azalıb, idxal dəyəri isə 146%-dən çox artıb. Belə ki, keçən ilin yanvar-avqust ayları ərzində ölkəyə 16,6 milyon dollar dəyərində meyvə-tərəvəz idxal olunduğu halda bu ilin eyni dövrü ərzində 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil edib.

Daha bir mənfi cəhət isə ondan ibarətdir ki, bu il ölkəmizdə taxıl yığımı yüksək səviyyədə qeydə alınsa da, məhsuldarlıq əvvəlki illərdəkindən əhəmiyyətli dərəcədə fərqlənsə də sözügedən istiqamətdə də idxal artıb. Belə ki, gömrük statistikasına əsasən, bu ilin ilk 8 ayı ərzində ölkəyə 216,2 milyon dollar dəyərində buğda idxal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34,17% faiz yüksəkdir.

Bütün bunların müqabilində isə sual yaranır: bəs, bizdə aqrar sahə inkişaf etmirmi? Bu qədər diqqətin və qayğının müqabilində geri qalmırmı?

Ölkəmiz qeyri-neft sektoru sahəsində kənd təsərrüfatı məhsullarından savayı real olaraq, nəsə ixrac etmək gücündə deyilmi? Ümumiyyətlə, yaxın perespektivdə aqrar sahədən başqa digər sahələr üzrə hansısa növ məhsullar istehsal edib ixrac edə bilərikmi? Təəssüf ki, yox...

Xatırladaq ki, keçən il bu vaxt Rusiya hökuməti nümayəndələri Azərbaycanla iki ölkə arasında iqtisadi əlaqələrin, xüsusən də mövcud ticarət dövriyyəsinin hər il artmasına rəğmən, mövcud səviyyəsindən gileylənmişdilər. Onlar demişdilər ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli artıra bilər. Bunu xüsusən, Moskva şəhərinin meri Sergey Sobyanin Bakıda olarkən vurğulamışdı.

“Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarına tələbatı nəzərə alsaq, bunu nəinki 30, hətta 300 dəfəyə qədər artırmağa imkan var”, – deyə, o qeyd etmişdi.

Məlumdur ki, onsuz da, bizim ən geniş ticarət əlaqələri və idxal-ixrac əməliyyatları Rusiya Federasiyası ilə həyata keçirilir. Kənd təsərrüfatı məhsullarına gəldikdə isə bunlar ən çox əvvəlki kimi məhz şimal istiqamətində daşınır. Ancaq, bunu artırmaq mümkündümü?

Məsələ bundadır ki, ölkəmizdən aqrar məhsulların şimal istiqamətində ixracı bir arada cüzi də olsa, artması daxili bazarımızda yeyinti məhsullarının qiymətlərini dərhal yüksəltdi. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi bunda psixoloji təsirlərin mühüm rol oynadığını bəyan etdi. Amma fakt bundan ibarət oldu ki, qiymətlər qalxdı. Odur ki, biz, hələ onda sual etmişdik ki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısını Rusiyaya ixrac etmək mümkündürmü?

İş ondadır ki, Azərbaycan yeyinti məhsulları ilə heç özünü tam təmin edə bilmir. Bundan əlavə, Azərbaycanı məsələn, bilavasitə taxıl istehsalında Rusiya ilə heç cür müqayisə etmək olmaz. Hələ, heyvandarlıq və digər aqrar sahələri demirik. Odur ki, Prezident İlham Əliyev də demişkən, aqrar sahədə məhsuldarlıq artımı elə təmin olunmalıdır ki, ilk növbədə ənənəvi bazarlarda möhkəmlənə bilək. Yeni ixrac bazarlarına çıxış yalnız bundan sonra hədəf seçilməlidir.

Azərbaycan daxili tələbatı ödəməkdə hələ ki 100% nəticəyə nail ola bilməyib. Bunu nəzərə almaq olduqca vacibdir. Yəni, müəyyən məhsullar üzrə istehsal kəmiyyətcə artsa da bazar rəqabət qabiliyyətlili məhsullar üzrə idxaldan asılı vəziyyətdədir. Odur ki, yerli istehsal ilə tədarükü artırmaq üçün müvafiq təşəbbüslərdə bulunarkən lk növbədə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etmək lazımdır. O səbəbdən ki, aqrar sektorda məhsuldarlığın artması sırf ixraca xidmət edə bilsin. Çünki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazardan öz xarici analoqlarını mütləq sıxışdırıb çıxartmalıdır.

Yeri gəlmişkən, ölkədə “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı” var idi ki, ona əsasən, artıq, başa çatmaqda olan bu ilin sonuna qədər özümüzü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını isə xaricə ixrac etməli idik. Ərzaq təhlükəsizliyi isə insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir.

Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması və ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi - əsas ərzaq malları üzrə ixracdan asılı vəziyyətdə olmaması, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafı kimi amillər təşkil edir.

Bu mənada biz, eyni mövzuda əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, daxili tələbatı yerli istehsal hesabına təxminən 80% civarında öz istehsalımız hesabına təmin edə bilsək kifayətdir. Qalan hissəni xaricdən idxal etsək də olar.

Ona görə ki, söhbət ərzaqdan gedirsə, özümüzü 100% daxili istehsalla təmin edə bilmərik. Çünki iqlim şəraiti və digər bu kimi amillər mütləq nəzərə alınmalı və obyektiv səbəblər yaddan çıxarılmamalıdır. Məsələn, taxıl sarıdan artıq neçə illərdir ki, qarşıya konkret və dəqiq məqsəd qoyulsa da ərzaq buğdasının təxminən 20%-dən çox hissəsini yenə kənardan gətiririk.

Odur ki, ərzaq təhlükəsizliyinə nail olmaq üçün bu sahədə 100% nəticəyə çatmaq deyil, məsələn, 20% hissəni dünya bazarlarında ehtiyac duyulan başqa növ məhsulları daxildə istehsal edib ixrac etməklə qarşıya bir strateji hədəf olaraq qoymalıyıq. Və bu zaman, bayaq da qeyd etdiyimiz kimi ilk növbədə məhz, ənənəvi bazarlarda möhkəmlənmək başlıca məqsəd daşımalıdır.

Ümumiyyətlə, nəzərə almaq vacibdir ki, bilavasitə aqrar məhsulları ixracında Azərbaycan üçün əsas bazar məhz Rusiya başda olmaqla, qonşu ölkələr həyati əhəmiyyət daşıyır. Digər ölkələr, xüsusən də Qərb ilə Avropa ölkələrinə çıxmaq isə ikinci dərəcəli məsələdir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti