Prezidentin toxunduğu məsələ: Şimal-Cənub layihəsi reallaşırmı? – TƏHLİL

Prezidentin toxunduğu məsələ: Şimal-Cənub layihəsi reallaşırmı? – TƏHLİL
  14 Oktyabr 2015    Oxunub:3664
Uzun illərdir müzakirə olunan, lakin reallaşması qeyri-müəyyən səbəblərdən yubadılan “Şimal-Cənub” nəqliyyat dəhlizi ətrafında müzakirələr yenidən intensiv xarakter almaya başlayıb. Layihə ilə bağlı yayılan məlumatlar göstərir ki, Rusiya ilə cənub ölkələrini birləşdirəcək dəmir yolunun işə salınması yaxın vaxtlarda reallığa çevrilə bilər və Azərbaycan bu layihədə açar tranzit ölkə rolunu oynayacaq.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısındakı çıxışı zamanı bu məsələyə xüsusilə toxunması və Şimal-Cənub dəhlizinin işə düşməsinin Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər qazandıracağını bildirməsi təsadüfi deyil. Artıq İran tərəfindən də bununla bağlı müsbət bəyanatlar səslənir və layihənin reallaşdırılması ilə bağlı hər iki ölkənin müvafiq qurumları arasında təmaslar intensivləşib.

Məsələ ilə bağlı son görüş oktyabrın 9-da Azərbaycanın Astara şəhərində iki ölkə arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə birgə komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə baş tutub. Görüşdən sonra Mahmud Vaezi qeyd edib ki, “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin tranzit xətlərini birləşdirməklə bərabər, Hindistandan tutmuş Avropayadək yük daşımalarının daha tez və daha sərfəli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq”.

Bu ilin oktyabr ayının 5-də isə “Azərbaycan Dəmir Yolları” QSC prezidenti Cavid Qurbanovla “Rusiya Dəmir Yolları”ASC-nin prezidenti Oleq Belozerov arasında işgüzar görüş keçirilib və görüş zamanı tərəflər “Şimal-Cənub” nəqliyyat dəhlizinin mümkün reallaşma variantlarını müzakirə ediblər. Xatırladaq ki, hələ may ayında iki ölkənin dəmir yolları idarələri arasında birgə Memorandum imzalanıb ki, bu sənəd qeyd olunan layihə çərçivəsində ölkələrarası yükdaşımalarının həcminin artırılmasını nəzərdə tutur.

2000-ci ildə Rusiya, İran, Azərbaycan və Hindistan arasında qeyd olunan layihənin reallaşması ilə bağlı müvafiq dövlətlərarası sənədlər imzalansa və 2005-ci ilə qədər bu istiqamətdə müəyyən işlər görülsə də, sonradan layihə ətrafında müzakirələr səngiməyə başladı. Güman etmək olar ki, layihənin reallaşmasının yubadılması Ermənistan faktoru və Rusiya ilə İranın Ermənistanı hansısa yolla bu layihəyə qoşmaq istəyi ilə bağlı ola bilərdi. Məhz bu səbəbdən 2008-ci ildən İran-Ermənistan dəmir yolu dəhlizi layihəsi geniş müzakirə olunmağa başladı. Bununla bağlı ilk dəfə Ermənistan prezidenti Serj Sarkisyan bəyanat verdi və yaxın illər ərzində layihənin reallaşacağını bildirdi.

2012-ci ildə Ermənistan Dəmir Yollarının faktiki sahibi olan “Rusiya Dəmir Yolları”ASC-nin o vaxtkı rəhbəri Vladimir Yakuninin İran-Ermənistan nəqliyyat dəhlizinin çəkilməsinə əsas olduğunu deməsi ermənilərin bu layihəyə inamını artırdı. Çin rəsmilərinin tarixi “İpək Yolu”nu dirçəltmələri ilə bağlı bəyanatları da məhz bu dövrə təsadüf edirdi. Rusiyanın Qərblə münasibətlərinin gərginləşməsi fonunda Moskva Pekinlə iqtisadi münasibətləri daha da dərinləşdirməyə çalışır və ikitərəfli görüşlər intensiv xarakter alırdı.



Moskva Pekinlə yeni qurulan iqtisadi körpülərdən Ermənistanın da faydalanmasına çalışırdı. Çin rəhbərinin “İpək Yolu” lahiyəsində Ermənistanın da yer aldığını bildirməsi Yerevanı daha da həvəsləndirirdi. Lakin vəziyyət 2015-ci ilin əvvəlində Azərbaycanın xeyrinə dəyişdi və həmin Yakunin bəyan etdi ki, İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsi effektiv deyil. Bununla da, Yerevanın böyük iqtisadi xətlərə “calanma” xəyalları puç oldu.

Əslində İran Ermənistan vasitəsilə Rusiyaya yüklərini daşıya bilmirsə, bu dəmir yolu xəttinin çəkilməsi təbii ki, iqtisadi cəhətdən nə Tehran, nə də Moskva üçün əlverişli hesab edilə bilməz. İranın yalnız Ermənistanla yük daşımaları həyata keçirmək məqsədilə 3.5 milyard vəsait xərcləyib bu ölkədə dəmir yolu tikəcəyi inandırıcı deyil. Rusiyanın da hazırki iqtisadi böhran şəraitində heç bir gəlir vəd etməyən bu layihəyə vəsait ayırması mümkünsüzdür.

Layihəni mümkünsüz edən əsas səbəb isə ondan ibarətdir ki, Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu xətti Gürcüstanın işğal edilmiş Abxaziya ərazisindən keçir. Gürcüstan Rusiya ilə münaqişə vəziyyətində olması ilə əlaqədar bu ölkə ilə iqtisadi əlaqələrini kəsməyə məcbur olub. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Yerevan ümid etdi ki, Gürcüstan Rusiya tərəfindən işğal ediləcək və erməni-rus ayrılığına son qoyulacaq. Sarkisyanın tələsik İran-Ermənistan nəqliyyat dəhlizindən söz açması bununla bağlı idi.

2012-ci ildə isə prezident Saakaşvillinin partiyası parlament seçkilərində həmin vaxt Rusiyayönümlü hesab olunan Bidzina İvanişvillinin partiyasına uduzdu və yeni konstitusiya islahatlarına əsasən əsas səlahiyyətlər baş nazir seçilən İvanişvilliyə dövr edildi. Məhz bu səbəbdən ikinci dəfə İran-Ermənistan nəqliyyat dəhlizi fəal müzakirə olunmağa başladı. Lakin Gürcüstanın strateji mövqeyinin hakimiyyət dəyişikliyindən asılı olmadığını anlayan Rusiya nəhayət ki, Ermənistanı dirçəltmək planlarından əl çəkməli oldu.

Lakin Rusiya ilə İranın yenidən Azərbaycana “stavka” etməsi tək bununla bağlı deyildi. Qonşuların Azərbaycanla əməkdaşlığa sövq edən bir sıra amillər formalaşmışdı.

Rusiyanın Qərblə iqtisadi münasibətlərinin kəsilməsi səbəbindən yaranmış iqtisadi böhran Moskvanı Şərqlə tərəfdaşlığa sövq etdi. Moskva böhrandan çıxmaq üçün yeni iqtisadi tərəfdaşlıq modelləri axtarırdı. Üstəlik, Putinin təşəbbüsü ilə yaradılmış Avrasiya İttifaqına üzv ölkələrin iqtisadi tərəfdaşlığı iqtisadi bağlarlarla möhkəmləndirilməli və səmərəliyi artırılmalı idi. Eyni zamanda, Moskva Xəzər hövzəsini öz nəzarətində saxlamaq üçün də sahilyanı ölkələrin iqtisadi tərəfdaşlığına nail olmalı idi. Bu mənada, İran-Türkmənistan-Qazaxıstan-Rusiya, İran-Azərbaycan-Rusiya, Qazaxıstan-Azərbaycan, Türkmənistan-Azərbaycan yükdaşımaları şəbəkəsinin dirçəldilməsi və Rusiya ilə əlaqələndirilməsi Moskvanın maraqlarına cavab verir. Azərbaycanın Avropanın təzyiqlərinə baxmayaraq, Rusiya ilə münasibətlərini qırmaması da prosesə öz müsbət təsirini göstərdi.

Rusiyanın Suriya ərazisində hərbi əməliyyatlara qoşulduğunu, İranın da, Əsəd qüvvələrinə dəstək göstərdiyini inkar etmədiyini nəzərə aldıqda bu iki ölkə arasında ən səmərəli yükdaşıma yollarının qurulmasının nə dərəcədə vacib olduğu aydınlaşır. Azərbaycanın tranzit ölkə rolunda çıxış etməsi isə, iqtisadi gəlirlərlə yanaşı, ölkəmizin İran və Rusiya ilə yaşaşı ABŞ, Avropa, Türkiyə və Səudiyyə Ərəbistanının yer aldığı anti-Əsəd koalisiyası üçün də geosiyasi əhəmiyyətini artırır.

Şimal-Cənub layihəsinin reallaşmasında İranın mövqeyinin xüsusi təsirinin olduğu da vurğulanmalıdır. Bu layihə İran mallarının nəinki Rusiya bazarına daşınmasını, eyni zamanda Gürcüstan, Qara Dəniz və Türkiyəyə çıxarılmasını təmin edir. Çünki Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verməklə şərqlə qərbi birləşdirməyə nail olur. Odur ki, hətta Rusiyanın layihədən imtina etməsi belə İranı qorxutmur, çünki Şimal-Cənub layihəsi Tehrana Avropanın qapılarını açır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti