ABŞ-ın gizlətdiyi vəhşi tarixi – ARAŞDIRMA

ABŞ-ın gizlətdiyi vəhşi tarixi – ARAŞDIRMA
  04 Noyabr 2015    Oxunub:8617
(II yazı)

Haydeggerin ekzistensional fəlsəfəsində “gizlədilən həqiqətlərin puçluğu” ideyası var. Sonrakı illərin fəlsəfi düşüncə sistemində bu yanaşmaya Mişel Fukoda da rast gəlirik. Dünya informasiya məkanını biryanlı münasibətlərin çevrələdiyi hazırkı dövrdə hər kəs daxildən gələn səsləri ya əngəlləyir, ya da qarşısını almaq və kütləviləşməsinə əngəl olmaq üçün əlaltı media strukturlarından istifadə edir.


Başqa coğrafiyalarda daxili demokratiyadan danışan və başqa ölkələrin daxili işlərini qlobal missiya adı ilə pərdələməyə çalışan qoca imperializmin dişləri öz daxilindəki ədalətsizlikləri işıqlandırmaq istəyənlərə divan tutur. Bütün həyatı sərgərdan olan Culian Assanc və həqiqətləri açıb söyləməyi öz missiyası hesab edən Eduard Snoudenin didərgin salınma örnəkləri sadəcə bir misaldır.

ABŞ tarixini incələyən Hovard Zinnin araşdırmaları insanlardan gizlədilən həqiqətləri üzə çıxarmaqdan ibarət oldu. Albert Kamyunun da söylədiyi kimi, yazılmayanlar yazılmalıdır və indi insanları susdurmaq qeyri-mümkündür.

Beynəlxalq formada kommunizmlə mübarizə ilə maskalanmış güclərin silahlı dəstələri 1963-1973-cü illərdə anti-kommunist ruhlu Güney Vyetnamla birləşərək Vyetnamın şimalında dəhşətli qətliamlar törətdi. Həmin zamanların manşetlərində savaşı başladanlar alqışlanır, mediada piar güclənir, 50 mindən çox günahsız amerikan əsgərinin anası isə övladlarının imperializm uğrunda boşuna fəda olunmağına etiraz edirdi. Amma Dürkheymin yazdığı kimi idi hər şey. Savaşlarda təhrikedicilər daha güclü olur və ədalət axtaran amerikan əsgər valideynlərinin səsinin eşidilməsi üçün tribuna çoxdan yoxa çıxmışdı. Sadəcə bir neçə sol yönümlü qəzet səhifələri qalmışdı ki, sonrakı illərdə onlar da səssiz-səmirsiz sıradan çıxarıldı.

Amerikan tarixinin daha az istismarçı lideri sayılan Duayt Eyzenhauer Vyetnamda solçular və miliyətçilər arasında mübarizə gedən çağlarda bu ölkənin daxili işlərinə qarışmamağı əsas saydı və heç bir müdaxiləyə yol vermədi. Kennedi isə birdən-birə bölgəyə göndərilən ordu mənsublarının sayını 15 minin üzərinə çıxardı. Əslində, məsələ heç də Vyetnamda hansısa sabitlik yaratmaqdan getmirdi. Çünki Hind-Çin bölgəsində üç yeni müstəqil dövlətin- Vyetnam, Laos, Kambociyanın yaranması güclü ölkələrə sərf etmirdi. Azərbaycanla bağlı çıxardığı dört qətnamənin yerinə yetirilməsinə bu günə kimi nail olmağı bacarmayan BMT də tələsik qərar verərək Vyetnamın ikiyə ayrılmasına dəstək vermiş və bir xalqın iki ayrı coğrafiyaları arasındaki ideoloji fərqlərin gələcəkdə yaradacağı vətəndaş qarşıdurmasını analiz etməmişdi.

1964-cü ildə Brinks otelinə edilən bombalı sabotajı Vyetnamlı mücahidlərin üzərinə yıxmağa çalışdılar. Bir il sonra isə artıq ABŞ Vyetnamı bombalamaq üçün hazır vəziyyətdə idi. Beynəlxalq istismara qarşı dirəniş göstərən Güney Vyetnam dövlət rəhbərinin sui-qəsd nəticəsində öldürülməsinin arxasındakı sirr pərdəsi bu günə kimi qalır.

ABŞ-Vyetnam savaşı dünya tarixiniə ən pis mənzərələri açıq-açığına təqdim etdi. Təhlükəli Napalm bombaları geniş tətbiq olundu, insanlar diri-diri yandırıldı, sağ ələ keçirilən vyetnamlı əsgərlər vertolyotlardan qayalara atıldı.



Mənzərə hansısa qorxu filmindəki səhnələrin real inikası idi. Həmin savaşı sonralar dəyərləndirən politoloqlar nasizmdən sonra ağıla gələ biləcək ən pis ssenarilərin bu savaşda baş verdiyini sənədləşdirirdi. Halbuki, Toynbi deyirdi ki, tarixin önündə insanlığı donduracaq çox sürprizlər var.

İllər sonra Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən erməni hücumlarında da yalnız bir xalqın deyil, dünya insanlığının dramı yaşandı. İndi heç kim buna qarşı səs çıxarmır, çünki zamanında özləri etdikləri şeyə görə başqalarını qınamaq demokratiya və insan haqqları pafosuna qətiyyən uyğun gəlmir. Vyetnam savaşda 2 milyondan çox vətəndaşını itirdi, savaşdan geri qayıdan bir çox ordu üzvləri sonralar orada yaşanan faciələri qələmə aldı və bəziləri hətta intihar edərək, arxalarında acı məktublar buraxdı. Hər şeyə rəğmən, Vyetnamın şimal və cənubu 1975-ci ildə birləşməyə nail oldu.

Hovard Zinn Vyetnam savaşıyla xarakterizə olan illəri öz xalqının məsuliyyətsiz rəhbərlər üzündən dünyada etibarını itirməsi kimi dəyərləndirir. Amerikan əsgərlərindən biri öz valideynlərinə Vyetnamdan belə bir məktub göndərmişdi: “Əziz valideynlərim, bizi bir tapşırığa göndərdilər, nə özümlə, nə dostlarımla, nə də ölkəmlə fəxr etmirəm. Bu, bir çox amerikalını əsəbləşdirən və öz ölkəsindən utandıran müharibədir”.

Bir çox tənqidçi Qərb tarixçilərini düşündürən ən əsas sual indi də aktual olaraq qalır. ABŞ niyə o vaxtlar Fransaya yardım etdi? Rəsmi olaraq bunu Asiyada kommunizmin yayılmasına qarşı mücadilə kimi qələmə verirdilər. 1952-ci ildən qalan sənədlərdə Cənub-Şərqi Asiyanın təbii sərvətlərindən bəhs edilir. Kauçuk, neft və qalay ABŞ üçün əhəmiyyətli idi. Elə indi də bütün başqa xalqlara məxsus sərvətlər digərləri üçün cəlbedicidir. 1954-cü ildə ABŞ Xarici İşlər Nazirliyi sənədində belə də deyilirdi: “Əgər Fransa Vyetnamdan həqiqətən çıxmağa qərar versə, ABŞ bu bölgədəki nəzarəti öz əlinə almaq üçün ciddi düşünməli və əməli addımlar atmalıdır.”

Beynəlxalq sülh müqavilələrinə görə ABŞ Cənubi Vyetnama yalnız 685 hərbi məsləhətçi göndərə bilərdi. Amma ABŞ minlərlə əsgər göndərdi və bəziləri partizanlara qarşı dirənişdə hökumətlə əlbir oldu. 1964-cü ildə Conson açıq-açığına dünya mediasına Vyetnamın onların donanmasını torpedo ilə vurduğunu açıqladı. Bu isə yalan idi. Zinn gəminin Vyetnam sahil zolağında MKİ üçün casusluq etdiyini və əslində heç bir hücuma məruz qalmadığını yazır.

Həmin illərin “New York Times” qəzetində yazılanlar qan dondurucu idi: “Delta ovalığında hər iki qolu napalm bombasından yanmış bir qadın var idi, kirpikləri elə pis yanmışdı ki, gözlərini yuma bilmirdi. Qadın həmin hücumda iki uşağını da itirmişdi. Vyetnamda hər gün günahsız insanlar öldürülür”.

Hovard Zinn 1968-ci il qətliamı barədə daha emosiyalı yazır. Həmin ildə Amerika ordusunun bir bölüyü Moy Lay kəndinə hücum etdi. Yaşlılar və uşaqlı qadınlar da daxil olmaqla bütün kəndliləri bir yerə yığdılar. Sonra insanlara xəndəyə girmək əmri verildi və xəndəkdə hamısını güllələdilər. Moy Lay qətliamının günahkarlarından yalnız leytenant Kolliyə ömürlük həbs verildi, amma üç il ev həbsində saxlanıldı.



Vyetnam fəlakəti də bəs etmədi. Həmin vaxt Vyetnam döyüşçülərinə yardım etdiyi üçün qonşu Laos da bombalandı. Sonralar isə, Kambocanın da bombalanması xəbəri mətbuata yayıldı və xalq arasında etiraz səsləri eşidilməyə başlandı.

Lindon Conson Vyetnam savaşında etdiklərinə görə xalq tərəfindən sıxışdırıldı. Prezident hər dəfə görünəndə ona neçə uşaq öldürməsi ilə bağlı suallar verilməyə başlandı. Həmin zamanların tələbə aktivistlərindən ibarət olan SNCC üzvləri ABŞ-ın Vyetnamda etdiklərinə qarşı sərt etirazını bildirirdi. Fəallardan olan Culian Bond müharibə əleyhinə söylədiyi nitqində əsgərlərin geri çağırılmasını istədiyi üçün parlamentdən qovuldu. Martin Lüter Kinq isə öz tarixi üçün utancverici həqiqətləri rəhbərlərin ünvanına səsləndirməyə başlayır. Martin Vyetnamdakı savaşı dəlilik sayırdı. İkinci Dünya Müharibəsində iştirak edən katolik qazi Filip Berriqan müharibənin dayanmağı üçün hərbi şöbədəki sənədləri məhv etdi və həbsə düçar oldu ardınca.

Amerikanın Vyetnamdakı məğlubiyyətinin ən böyük səbəblərindən biri xalqın dəstəyindən məhrum olmağı idi. Xalqı itirənlər həmişə savaşda məğlub olur, axı. Hökumətə yaxın olan insanlar da müharibə əleyhinə çıxışlar etməyə başladı.

Vyetnam qlobal Amerika imperializmi üçün İkinci Dünya Müharibəsindən sonra formalaşan ilk məğlubiyyət oldu. ABŞ sonralar başqa bölgələrdə buna bənzər bir çox hücumlara imza atdı və bu gün də davam edir.

Həqiqəti gizlətməyənlərin yazdıqlarını kütləviləşdirmək və insanlara duyurmaq lazımdır, bu insanların xarici təhdidlərə qarşı daha sayıq olması ilə nəticələnir.

Tural İsmayılov
AzVision.az


Teqlər:





Xəbər lenti