`Siyasi legioner` Azərbaycana qol vura bilmədi – TƏHLİL

`Siyasi legioner` Azərbaycana qol vura bilmədi – TƏHLİL
  11 Noyabr 2015    Oxunub:6238
(İkinci yazı. Birinci yazını BURADAN oxuya bilərsiniz)

...Gürcüstan hökuməti Rusiya ilə əməkdaşlığın ictimayyət arasında etirazlara səbəb olacağını əvvəlcədən nəzərə alaraq bu qeyri-populyar məqsədinə çatmaq üçün Kaxa Kaladze kimi fiqurdan istifadə etmək qərarına gəlib.

Müstəqil Gürcüstan tarixinin ən məhşur futbolçusu olan Kaladze, 1993-1998-ci illərdə Dinamo Tbilisi, 1998-2001-ci illərdə Dinamo Kiyev, 2001-2010-cu illərdə İtalyanın Milan, 2010-2012-ci illərdə isə Cenoa klublarının oyunçusu olub. Milan klubunun heyətində çıxış etdiyi dövrdə Kaladze eyni zamanda Gürcüstan yığmasının kapitanı olub.

Kaladze dünya şöhrətli futbolçu kimi öz ölkəsində əhalinin sevgisini qazanmış, faktiki “milli qəhrəman”a çevrilmişdi. Energetika sahəsinə heç bir aidiyyatı olmayan, “kreativ avropasayağı siyasətçi” imicini özündə formalaşdıran keçmiş futbolçunun baş nazirin müavini və energetika naziri postuna gətirən İvanişvilli onun vasitəsilə ictimayyət tərəfindən etirazla qarşılanacaq qərarın icrasına nail olmaq istəyirdi. Amma...


Qeyd etmək lazımdır ki, populyar idmançıların siyasətə cəlb olunması, onların potensialından siyasi məqsədlər üçün istifadə edilməsi praktikası çoxdan var. Ukraynada hakimiyyətin boksçu Vitali Kliçko, Türkiyənin hakim partiyasının futbolçu Hakan Şükür, Rusiya iqtidarının boksçu Nikolay Valuyevdən yararlanması buna misal ola bilər.

Kaladze hər nə qədər “Avropa standartlarına cavab verən”, müasir tipli siyasətçi obrazını yaratmaq istəsə də, bir sıra faktorlar onun əslində Kremlin Gürcüstanın siyasi elitasına daxil etdiyi figur olduğunu deməyə əsas verir.

Xatırlamaq yerinə düşər ki, hələ 2006-cı ildə Avropanın bir sıra mətbu orqanları “Milan” klubunun müdafiəçisi Kaxa Kaladzenin klubun prezidenti Silvio Berluskoninin qızı Barbara Berluskoni ilə yaxın romantik münasibətlərinin olmasından yazmışdılar. Sonradan Kaladze Barbara ilə heç bir sevgi macərasının olmadığını desə də, yaxın dostluq münasibətlərinin mövcudluğunu da inkar etməmişdi.

İtalyanın keçmiş baş naziri Silvio Berluskonin Rusiya prezidenti Vladimir Putin ilə yaxın dostluq münasibətlərinin olması da sirr deyil. Rusiyanın Krımı ilhaq etməsindən sonra bütün Avropanın Rusiyaya sanksiya tətbiq etdiyi dövrdə Beluskoni Krıma səfər edərək Putinə sədaqətini nümayiş etdirmişdi. Bundan əlavə, Berluskoninin Kaladze ilə yaxın münasibətləri olmuş qızı Barbaranın Putinin qızları Yekaterina və Mariya ilə rəfiqə olması barədə hələ 2002-ci ildən İtalya mətbu orqanları xəbər yaymışdılar. Hətta Putinin qızlarının Barbara ilə birlikdə Sardiniyada istirahət etdikləri yerdə çəkilən rəsmləri dərc olunmuşdu.

Digər diqqət çəkən məqam isə, Gürcüstanın enerji bazarında şəxsi biznes maraqlarının olmasıdır. Kaladze 2008-ci ildə energetika sahəsində fəaliyyət göstərən “Kala Capital” şirkətini qurmuş, şirkətə rəhbərlik isə, Gürcüstanın keçmiş baş naziri Zurab Noqaideliyə həalə olunmuşdu. Zurab Noqaideli açıq şəkildə Rusiya ilə əməkdaşlıq tərəfdarı kimi çıxış edən, hətta Cənubi Osetiya və Abxaziya separatçıları ilə danışıqların vacibliyini təbliğ edən, vəzifədən kənarlaşdırılmasına baxmayaraq 2009-cu ildə Putin ilə Kremldə görüşmüş siyasətçidir.

Gürcüstanın Rusiya ilə əməkdaşlığının özünəməxsus simvoluna çevrilmiş Kaladzenin Azərbaycan prezidenti İlham Əliyevi aeroportda qarşılaması səfərin başlanğıcında Gürcüstan siyasi elitasında Rusiyanın tərəfdarlarının ağırlıq təşkil etməsinin xəbərçisi hesab oluna bilər. Hətta, iki ölkə prezidentinin ziyafət masasında prezidentlərlə yanaşı Azərbaycan tərəfindən xarici işlər naziri Məmmədyarov, Gürcüstan tərəfindən isə məhz Kaladze əyləşmişdi. Lakin Prezidentin Gürcüstan səfəri başa çatanda İlham Əliyevi baş nazir İrakli Qaribaşvilinin yola salması da diqqətdən yayınmadı. Kaladzenin səhnədən itməsi Azərbaycanla Gürcüstan arasında fikir ayrılığının aradan qalxmasından xəbər verirdi.

Prezidentin gedişi

Prezident İlham Əliyevin Gürcüstan səfəri zamanı səsləndirdiyi fikirlərdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan özünün Gürcüstandakı strateji mövqelərini qoruyub saxlamaq üçün üç əsas təsir mexanizmdən istifadə edir.

Birincisi, Azərbaycanla əməkdaşlığın Gürcüstanın da milli maraqları üçün əhmiyyəti xüsusi vurğulandı və bu əməkdaşlığın davam etməsinin gələcəkdə Gürcüstan üçün daha böyük üstünlüklər qazandıracağı gürcü elitasının diqqətinə çatdırıldı. Prezidentin, xüsusi olaraq Bakı-Tbilisi-Qars, TANAP, Böyük İpək yolu kimi geostrateji layihələrdə Gürcüstanın əsas yer alacağını deməsi bu məqsədi daşıyırdı.

İkincisi, Gürcüstanın Azərbaycanla əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolu diqqətə çatdırıldı. Gürcülərə dolayı yolla izah edildi ki, Gürcüstanın Rusiyaya tərəf əyilməsi birbaşa Avropanın enerji təhlükəsizliyinə hədə kimi qiymətləndirilə bilər. Avroatlantik qurumlara üzvlüklə bağlı Tbilisi ilə danışıqların intensivləşdiyi bir dövrdə Qərblə münasibətlərin pisləşməsi İvanişvilli hökumətinə baha başa gələ bilər.

Üçüncüsü isə, Gürcüstanın ən çoxsaylı icması olan Azərbaycan icması ilə görüşə getməklə gürcülərə bu mühüm təsir “rıçaq”ı xatırladıldı. Təsadüfi deyil ki, prezident İlham Əliyev öz çıxışında Gürcüstanın Azərbaycan icmasının hər zaman gürcü dövlətçiliyinin tərəfdarı kimi çıxış etdiyini vurğuladı. Təbii ki, Gürcüstan hökuməti ən böyük icmanın əks fəaliyyətinin ölkə üçün hansı mənfi nəticələr verəcəyini anlamamış deyil.

Statistik göstəricilərə əsasən, 4 milyona yaxın əhalisi olan Gürcüstanda miqrasiya və ölümün doğumu üstələməsi səbəbindən əhalinin azalması prosesi baş verir. Əhali əsasən etnik gürcülərin hesabına azalır. Artım isə Gürcüstanın Azərbaycan və acar icması arasında müşahidə olunur.

Prezidentin soydaşlarımıza hər zaman dəstək verəcəyini bildirməsi, onlara gürcü dilini öyrənməyi, lakin azərbaycanlı olduqlarını unutmamalarını tövsiyə etməsi uzunmüddətli strateji hədəflərdən xəbər verir.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti