ABŞ Xəzərdə hərbi iştiraka can atır. Azərbaycan nə edəcək? – TƏHLİL

ABŞ Xəzərdə hərbi iştiraka can atır. Azərbaycan nə edəcək? – TƏHLİL
  12 Noyabr 2015    Oxunub:7398
Bu ilin oktyabr ayında Rusiyanın məhz Xəzər dənizindəki hərbi gəmilərindən Suriyadakı hədəflərə raket zərbəsi endirməsi bu regionun ABŞ hərbi qüvvələrinin qlobal anlamda təsir dairəsindən kənar olan strateji nöqtə olduğunu ortaya çıxardı. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarına malik olması və bu resursların Qərbə ixracı perspektivlərinin mövcudluğunu nəzərə alsaq, regionun Amerika hərbi qüvvələri üçün nisbətən əlçatmaz olmasını ABŞ öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edir.

Amerika üçün dəniz və okeanlardakı qlobal ticarət yolları və əsas enerji mənbələrinin hərbi nəzarətdə saxlanması ona görə vacibdir ki, dünya bazarında qiymətlərin kənar təsirlərdən qorunmasına şərait yaradır. Bu mənada, tankerlərin dünya okeanındakı əsas hərəkət istiqamətləri, xüsusilə Süveyş, Panama kimi kanallar, Hörmüz və Bab-əl-Məndəb kimi boğazlar və Ədən körfəzi ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ hərbi dəniz qüvvələrinin 2015-ci ilin mart ayında təsdiq olunmuş “21-ci əsr Dəniz gücü” Əməkdaşlıq Strategiyasında qeyd olunan ərazilərlə yanaşı, Cənubi Çin dənizi, Afrika və Yaxın Şərq ətrafı ərazilərdə dəniz qüvvələrinin sayının artırılması nəzərdə tutulur.

“21-ci əsr Dəniz gücü” Əməkdaşlıq Strategiyasın 1-ci hissəsində qeyd olunur ki, “Dünya üzrə enerji resurslarına tələbatın sürətlə artması (2040-cı ilə qədər dünyada enerji tələbatının 56 faiz artacağı proqnozlaşdırılır) Hörmüz və Bab-əl-Məndəb boğazları, Panama və Süveyş kanalları daxil olmaqla strateji dəniz yollarında azad ticarət axınının əhəmiyyətini artırır. ABŞ-ın son 10 il ərzində enerji idxalından daha çox ixracını həyata keçirməsinə baxmayaraq, biz, Yaxın Şərq və Orta Asiyadan fasiləsiz neft və qaz təminatından asılı olan dünya iqtisadiyyatının bir hissəsiyik. Siyasi qeyri-stabillik və regional münaqişələrin artması fasiləsiz təminata təhlükə yarada bilər. Xüsusilə İranın imkanlarının genişlənməsi Hörmüz boğazından tranzit ticarətə təhlükə yaradır. Enerji təminatının pozulması dərhal qlobal iqtisadiyyata təsir edir”.

Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə hücumu əslində Bab-əl-Məndəb boğazını İranın nəzarətindən çıxararaq, Amerika hərbi qüvvələrinin nəzarətinə keçirmək məqsədi daşıyır. ABŞ hərbi dəniz qüvvələrinin katibi Rey Meybusun bu yaxınlarda Misirə səfəri və ölkə prezidenti əs-Sisi ilə görüş keçirməsi isə Süveyş kanalında hərbi təminatın təmin olunması istəyi ilə bağlıdır.



Hörmüz boğazına gəldikdə isə, bu əhəmiyyətli keçid tam olaraq İranın hərbi nəzarətindədir və vəziyyəti dəyişmək üçün Vaşinqtonun hansı addımları atacağı məlum deyil. İranda etnik zəmində baş verən qarşıdurmaların arxasında ABŞ-ın dayandığı ehtimal olunarsa, bunu Hörmüz uğrunda mübarizənin başlanğıcı hesab etmək olar. Hətta qarşıdurmaların yaranmasında Vaşinqtonun əli olmayıbsa belə, amerikalıların vəziyyətdən yararlanmayacağı düşünmək sadəlövhlük olar.

Adıçəkilən strategiyada eyni zamanda qeyd olunur ki, “Bəzi dəniz regionlarına girişimizin olmaması və həmin regionlarda, həmçinin sahilyanı ərazilərdə manevr edə bilməməyimiz hadisələrə lazımi reaksiyanın veriməsini mümkünsüz edir”.

Burada söhbətin məhz Xəzər dənizindən getdiyini anlamaq o qədər də çətin deyil. Amerikanın girişi olmayan dənizdən onun potensial düşməni olan Rusiya tərəfindən uzaq məsafədə zərbə endirildi. Odur ki, Amerikanın yaxın vaxtlarda Xəzər dənizində hansısa formada hərbi dəniz qüvvələrini yerləşdirməyi planlaşdırdığını ehtimal etmək olar.

Güman ki, Rey Meybusun Bakıya bu günlərdə baş tutan səfəri və prezident İlham Əliyevlə görüşməsi Vaşinqtonun Xəzərə dair planları ilə bağlıdır. Azərbaycanın bu məsələdə ABŞ-la əməkdaşlığa gedib-getməyəcəyi, yaxud hansı formada proseslərdə iştirak edəcəyini indidən demək mümkün deyil.
Hələliksə Azərbaycanın regionda Amerika ilə hərbi əməkdaşlığı Əfqanıstana sülhün təmin olunması üçün 94 hərbçisini göndərməklə məhdudlaşır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti