Birrəqəmli inflyasiya nə dərəcədə sərfəlidir? – TƏHLİL

Birrəqəmli inflyasiya nə dərəcədə sərfəlidir? – TƏHLİL
  16 Noyabr 2015    Oxunub:5187
Manatın ABŞ dollarına nəzərən dəyərinin son günlər ərzində “titrəməsi” istər-istəməz inflyasiya amilini də diqqət mərkəzinə çəkir. Təsadüfi deyil ki, Mərkəzi Bank (AMB) məzənnə ilə bağlı ona yönələn sorğuya müvafiq izahat verdikdən sonra cari ilin yavar-sentyabr ayları üzrə Pul Siyasəti İcmalını da açıqladı. Orada qeyd olunub ki, 9 ayda inflyasiya birrəqəmli səviyyədə qorunub saxlanıldığı kimi ilin sonunadək də məhz, belə olacaq. Yəni, 2015-ci ildə orta illik inflyasiya səviyyəsi 4,4 % təşkil edəcək.

Əslində, manatın xarici valyutalara, xüsusən də ABŞ dollarına nəzərən məzənnəsinin inflyasiyaya təsiri yoxdur desək, yanılmarıq. Bunun isə 2 başlıca səbəbi var: birincisi, daxili bazarda qiymətlərə nəzarət olunur, ikincisi də manatın məzənnəsi sərbəst deyil, inzibati yolla tənzimlənir.

Başqa sözlə desək, bizdə faktiki olaraq, heç vaxt devalvasiya siyasəti həyata keçirilməyib və keçirilmir də... Manatın dollar ilə avroya nəzərən bu ilin fevral ayında ucuzlaşdırılması isə AMB-in korrektə siyasətindən başqa bir şey deyildi.

Odur ki, 34% ucuzlaşdırma ölkədə kəskin qiymət artımına zəmin yaratmadı. Dollar və avro məzənnəyə minən kimi minik avtomobillərinin ilkin satış qiymətləri daxil olmaqla, məişət elektrik malları dərhal 30-35% bahalaşdısa da, idxal olunan ərzaq və yeyinti məhsullarının satış dəyəri dəyişmədi. Yəni, bu sahədə bahalaşma qeydə alınmadı.

Doğrudur, manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında sui-istifadə hallarına və süni qiymət artımına qarşı nəzarəti gücləndirməsinin və bu sahədə müvafiq tədbirlər həyata keçirməyə başlamasının böyük rolu oldu. Ancaq diqqət yetirsək, Azərbaycanda istehlak qiymətləri indeksi bu il başlayandan bəri artmaq əvəzinə azalmağa doğru meyl edib.

Ölkədə qiymətlərə nəzarət edilməsi başa düşüləndir. Çünki istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin böyük rolu vardır. Ona görə də hökumət bahalaşmaya meylin qarşısını almaqdan ötrü həmişə ciddi səy göstərir və bu sahədə nəzarəti işlək vəziyyətdə saxlayır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində orta illik inflyasiya 3,7% təşkil edib ki, 9 ayda istehlak səbətinə daxil olan 30 adda ərzaq, 66 qeyri-ərzaq və 23 xidmət olmaqla, 119 adda mal və xidmətlərin illik orta qiyməti azalıb. 3 qeyri-ərzaq və 42 xidmət olmaqla, 45 adda mal və xidmətlərin illik orta qiyməti isə dəyişməz olaraq qalıb.

2015-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində isə 4,7%-lik artım müşahidə olunub ki, qiymət artımı heyvandarlıq məhsulları üzrə 1,1, bitkiçilik məhsulları üzrə 7,8, balıq və balıq məhsulları üzrə isə 3% təşkil edib.

2015-ci ilin oktyabr ayında isə ərzaq məhsullarının qiymətləri 0,3, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişiklik baş verməyib. Ümumən istehlak məhsulları ilə əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1% bahalaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki hesablamasına əsasən bu il inflyasiya 2-3% civarında olmalı idi. Xarici maliyyə qurumları isə bu rəqəmi artırmışdılar. Bununla belə, sözügedən rəqəmin 10%-i aşmayacağı deyilirdi. Sözümüz bunda deyil.

Məsələ bundadır ki, inflyasiyanın çox aşağı səviyyədə olması da müsbət faktor deyil. İnkişaf etmiş ölkələrdə aşağı inflyasiya səviyyəsi inkişafı əngəlliyən ən ümdə amil sayılır. Yeri gəlmişkən, istehlak bazarında vəziyyətin təhlili onu da deməyə əsas verir ki, manatın məzənnəsi aşağı salındıqdan sonra hətta inzibati nəzarət olmasaydı belə, narahatçılığa əsas yox idi. O səbəbdən ki, bahalaşma baş versəydi, uzun müddət davam etməməklə yanaşı, kəskin xarakter daşımayacaqdı. Çünki ölkədə iqtisadi aktivlik real olaraq aşağı səviyyədədir və alıcılıq qabiliyyəti əvvəlki kimi deyil, getdikcə zəifləməkdədir.

Üstəlik, neftin dünya bazar qiymətləri ilə əlaqədar istehlak malları hər yerdə ucuzlaşıb. Və bu tendensiya bu gün də davam edir. Məsələn, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) ərzaq məhsulları üzrə mövcud dünya bazar qiymətləri barəsində yaydığı statistikanı yada salmaq yetər. Həmin məlumatda deyilirdi ki, 2015-ci ilin avqustunda 5,2% ucuzlaşma qeydə alınıb. Bu isə 2008-ci ildən bəri, ən kəskin ucuzlaşma idi. Yəni, idxal sarıdan da bahalaşmaya təsir imkanları məhduddur.

Təsadüfi deyil ki, AMB-in cari ilin sonunadək inflyasiyanın birrəqəmli səviyyədə qorunub saxlanılacağına dair yanvar-sentyabr ayları üzrə açıqladığı Pul Siyasəti İcmalında da qlobal əmtəə bazarlarında ucuzlaşmanın, partnyor ölkələrdə davam edən devalvasiyaların, habelə pul kütləsi dinamikasının inflyasiyaya azaldıcı təsir göstərdiyi vurğulanıb. Bu mənada, inflyasiya əslində, bir az buraxılsa yaxşıdır.

Ancaq bir şərtlə ki, bu, özünü iqtisadiyyata kredit qoyuluşunun genişlənməsi fonunda göstərməklə, heç vəchlə bu və ya digər formada manatın məzənnəsinin mümkün dəyişməsi kimi hallar şəraitdə büruzə verməsin və yalnız, iqtisadi artıma dəstək şəklində təzahür etsin.

Yeri gəlmişkən, hökumət qarşıdakı 2016, 2017, 2018-ci illər ərzində manatın ABŞ dollarına və avroya nəzərən orta illik məzənnəsini 1 ABŞ dollarının 1,0500, 1 avronun isə 1,1332 manat səviyyəsində qalacağını proqnoz edib. İnflyasiya isə gələn il üçün 3,3 % civarında nəzərdə tutulub.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti