Ermənistan ağır seçimə zorlanır– TƏHLİL

Ermənistan ağır seçimə zorlanır– TƏHLİL
  21 Noyabr 2015    Oxunub:3829
(İkinci yazı. Birincini BURADAN oxuya bilərsiniz)

Ermənistan parlamentində deputat və hökumət üzvlərinin iştirakı ilə qapalı müzakirələr aparılır. Müzakirələrin məzmunu barədə məlumat verilməsə də, ehtimal olunur ki, əsas mövzu Qarabağ problemi və AŞPA-nın məsələyə dair məlum qətnaməsidir.

Dağlıq Qarabağ münaqişəsi tarixində ilk dəfədir ki, unikal geosiyasi vəziyyət yaranıb: Qərblə Rusiyanın qarşıdurmasının günü-gündən gərginləşməsinə baxmayaraq, hər iki tərəf Ermənistandan işğal etdiyi torpaqları qaytarmasını tələb edir. Əvəzində isə Ermənistana iqtisadi üstünlüklər təklif edilir.

Belə olan halda, Ermənistan üç tarixi seçim qarşısındadır və bunlardan birini seçməklə mövcudiyyətini davam etdirməlidir.

Birinci seçim ondan ibarətdir ki, Rusiyanın təklif etdiyi şərtlərə əsasən işğal olunmuş rayonlar Azərbaycana qaytarılsın, Dağlıq Qarabağın statusu qeyri-müəyyən müddətə təxirə salınsın, regiona Rusiyanın sülhməramlıları yerləşdirilsin, Ermənistanla Azərbaycan isə barışaraq Avrasiya İttifaqına qoşulsunlar və bununlada Ermənistanın iqtisadiyyatının dirçəlməsi üçün şərait yaransın.

Bu planın reallaşması Rusiyanın regional maraqlarına heç bir zərər yetirmir, əksinə, Moskvanın Qafqazdakı təsir gücünü artırır. Belə ki, Rusiya hərbi bazası yenə də Ermənistan ərazisində mövcudiyyətini davam etdirməklə yanaşı, de-yure Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa rus qoşunları yerləşdirilir və Azərbaycan Avrasiya İttifaqına qoşulmaqla Moskvanın təsir dairəsinə keçməsi rəsmiləşir. Bununla da, Qərbin Xəzər hövzəsinə yeganə çıxış nöqtəsi bağlanır.

Belə olan halda, bir neçə rayonun ya Ermənistan, ya da Azərbaycanın sərəncamında olması mahiyyəti dəyişmir. Bu, Rusiya üçün toplananların yerini dəyişmək kimi qiymətləndirilə bilər.

Ancaq torpaqların qaytarılması Ermənistanın bu günə kimi mövcudluğunun mənasızlığını ortaya çıxarır. Buna baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi Kremlə “yox” cavabı vermək iqtidarında deyil, çünki bu ölkənin siyasi elitası Moskvanın razılığı əsasında hakimiyyətə yiyələnir və əlində saxlayır. Sarkisyan anlayır ki, Kremlin iradəsinə zidd qərar verməsi siyasi hakimiyyəti itirmək riskini yaradır.

Ermənistanda əsas maliyyə mənbələrinin Rusiyaya məxsusluğu və hərbi müdaxilə imkanları istənilən vaxt siyasi çevriliş edilməsinə şərait yaradır. Sarkisyan rejiminin Rusiyaya hansısa mənada etirazı isə ictimai rəy vasitəsilə manipulyasiya hesabına həyata keçirilir. Yerevanın müxalifətə müəyyən azadlıqlar verməsi bununla bağlıdır. Əslində Moskva da Ermənistanda ictimai rəyin anti-Rusiya xarakteri qazanmasından ehtiyatlanır. Çünki bu əhval-ruhiyə son nəticədə növbəti “Maydan”la nəticələnə bilər ki, bu halda Rusiyanın Ermənistanı əlində saxlaması mümkün olmayacaq. Ermənistanın monoetnik və monodini quruluşu burada Ukrayna və Gürcüstanda olduğu kimi separatçı ssenarilərin həyata keçirilməsinə imkan vermir.

Sarkisyan Ermənistanın seçim qarşısında qaldığını anlayır və buna görə konstitusiyada dəyişiklik edərək ölkəni parlament idarəetmə üsullu respublikaya çevirməklə Rusiyanı ictimai rəylə üz-üzə qoymağa çalışır. Konstitusiya islahatları Sarkisyanın prezidentlik müddətini başa vurmağa vaxt qazandıracaq və torpaqların geri qaytarılması məsələsini isə parlament həll etməli olacaq. Odur ki, Dağlıq Qarabağla bağlı hansısa irəliləyişin ən azı bir il sonra baş tutacağını demək olar.

Əslində parlament respublikasına keçid niyyəti təkcə Qarabağ münaqişəsilə bağlı deyil. Söhbət ondan gedir ki, Ermənistanın Qərblə Rusiya arasında tarixi istiqamət seçimini məhz parlamentarilər müəyyən etməli olacaqlar.

Nə Qərb, nə də Rusiya Ermənistana işğal etdiyi əraziləri əlində saxlamağa zəmanət vermədiyi üçün, ermənilər sırf iqtisadi prioritetlərdən irəli gələrək seçimini etməli olacaqlar. Eyni zamanda, regiona hansı tərəfin qoşunlarının (sülhməramlılarının) yerləşdirilməsi daha çox Ermənistanın seçimindən asılı olacaq.

Rusiya tərəfini seçməklə Ermənistan Avrasiya İttifaqı çərçivəsində üzv dövlətlərlə, eyni zamanda Azərbaycanla rahat şəkildə ticarət həyata keçirəcək. Lakin neftin qiymətlərinin düşməsi və ən azı 2020-ci ilə qədər aşağı səviyyədə qalacağı barədə proqnozlar, Rusiyanın maliyyə imkanlarını daraldır və Avrasiya İttifaqına qoşulanlara əlavə dividendlər vəd etmir.

Həmçinin Ermənistanın Türkiyə ilə iqtisadi əməkdaşlığına da məhdudiyyətlər qoyulacaq. Azərbaycanla ticarət bərpa olunsa da, əsas enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsi Ermənistanı böyük gəlirlərdən məhrum edəcək.

Ermənistanın Qərb tərəfinə keçməsi əslində mümkünsüz görünsə də, iqtisadi baxımdan bu ölkə üçün daha çox dividentlər vəd edir. Bu halda Ermənistan Avropa Birliyi ölkələrinin investisiya layihələrindən yararlana, Türkiyə vasitəsilə Avropa bazarına çıxmağa imkan tapa biləcək. Rusiya Ermənistana qarşı yalnız təbii qazı kəsməklə təzyiq göstərə bilər ki, bu problemin aradan qaldırılması üçün Ermənistanın Gürcüstan vasitəsilə Azərbaycan qazını idxal etməsi mümkündür.

Ermənistan üçün üçüncü seçim isə hər iki tərəfdən üz döndərib, torpaqları saxlamaq üçün yalnız öz gücünə arxalanmasıdır. Bu halda, Azərbaycanın hərbi müdaxilə vasitəsilə torpaqlarını azad etmə hüququ sanksiyalaşdırılır. Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi Ermənistanın Dağlıq Qarabağa olan iddialarından da tam əlini üzməsi ilə nəticələnə bilər. Bundan əlavə, Ermənistan təcrid olunmuş dövlətə çevriləcək.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti