Suriya oyunu: Kartlar yenidən paylanır - TƏHLİL

Suriya oyunu: Kartlar yenidən paylanır - TƏHLİL
  24 Noyabr 2015    Oxunub:6509
Parisdəki 13 noyabr terrorundan sonra Suriya cəbhəsində qüvvələr balansında dəyişikliklər baş verdi. Fransa `terrorizmlə mübarizə` adı ilə Suriyaya açıq hərbi müdaxiləyə start verdi, Rusiya endirdiyi aviazərbələrin sayını və əhatə dairəsini genişləndirdi. Rusiya ilə Fransa liderlərinin “terrorla mübarizə” mövzusunda birgə mövqedən çıxış etmələri Suriya cəbhəsində yeni Moskva-Paris koalisiyasının yaranmasını deməyə əsas verdi.

Yeri yaranmış Fransa-Rusiya cütlüyünə İranın da dəstək verməsi və Suriyanın türkmənlər yaşayan ərazilərinə aviazərbələr endirmələri Türkiyənin etirazına səbəb oldu. Türkiyə “türkmənləri qorumaq üçün” qırıcılarını göyə qaldırdı və əraziyə qoşun yeritdiyi barədə məlumat yayıldı.

Əslində nə baş verir və Fransanın birdən-birə Rusiya ilə `dostlaşmasının` arxasında hansı məqsədlər dayanır?

Parisdəki partlayışların hansı qüvvələr tərəfindən törədilməsindən asılı olmayaraq, fakt ondan ibarətdir ki, Fransa bu hadisələri bəhanə gətirərək, Suriyaya açıq hərbi müdaxiləyə başladı və Rusiya Fransanın bu addımından öz xeyrinə bəhrələndi.

Maraqlıdır ki, Paris hadisələrindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinə ölkənin Federal Təhlükəsizlik Xidməti tərəfindən məruzə olundu ki, oktyabrın 31-də Misirdə qəzaya uğramış Rusiya təyyarəsi də terror hücumunun qurbanı olub. Bundan sonra Putin terrorçulara qarşı amansız mübarizənin aparılacağını elan etdi.

Paris hadisələrinə qədər isə rəsmi Moskva təyyarə qəzasını terror hücumu elan etməyə ehtiyatlanırdı. Çünki bu halda ictimaiyyətin Rusiyanın Suriyaya hücum etməsinə narazılığı ilə qarşılaşa bilərdi. Lakin Paris terroru Moskvanın Suriyadakı hücumlarına “bəraət” qazandırdı və medianın hakimiyyətin “uzaqgörən siyasəti”ni təbliğ etməsi üçün yeni əsas yarandı. Rusiyanın təyyarə qəzasını dərhal terror hücumu elan etməməsi (İŞİD-in etirafına baxmayaraq) onu göstərir ki, Moskva bu qəzaya hazır deyildi və situativ olaraq Paris terrorundan yararlandı.

Bundan sonra Kremlin mətbuat xidməti Fransa ilə Rusiya liderləri arasında telefon danışıqlarının baş tutması və danışıqlar zamanı Suriyadakı hücumların əlaqələndirilməsi məsələsinin vacibliyinin vurğulandığı barədə məlumat yaydı. Eyni zamanda Putinin Rusiya hərbi qüvvələrinin rəhbərliyinə Suriyada havadan və sudan hücumların təşkilində Fransa ilə razılaşdırılmaqla hərəkət etmələri barədə göstəriş verdiyi bildirildi. Bu məlumatlar Rusiya ilə Fransanın İŞİD-ə qarşı yeni koalisiya formalaşdırması barədə tezislərin irəli sürülməsinə əsas yaratdı.

Sual doğuran əsas məqam ondan ibarətdir ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmuş, Rusiyanın Suriyaya hərbi müdaxilə etməsinə qarşı çıxan ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin qoşulduğu hərbi koalisiyada paralel olaraq yer alan Fransanın Moskva ilə dostluğunun səmimiliyinə nə dərəcədə inanmaq olar?

Yeri gəlmişkən, qeyd edək ki, Qərb koalisiyasındakı ABŞ və Böyük Britaniyadan fərqli olaraq, Fransa Suriyada böhran başlayandan bu yana daha fəal olub. Məsələn, sirr deyil ki, Səudiyyə Ərəbistanı tərəfindən Suriyada Əsədə qarşı mübarizə aparan müxalif qüvvələrə məhz Fransanın istehsalı olan silah göndərilir. Üstəlik, Səudiyyə Ərəbistanı Livan hökumətinə də Fransadan aldığı silahı hədiyyə etməyi unutmur.

“BBC” öz mənbələrinə istinadən məlumat yaymışdı ki, Ər-Riyad ilə Paris arasında 12 milyard dollarlıq silahın satılması barədə razılaşma imzalanıb. Prezident Fransua Ollandın 2012-ci ildə əvvəlcə Ər-Riyada, daha sonra isə Ankaraya səfəri məlum məsələlərlə bağlı ola bilərdi. Suriya müxalifətçilərinə silahın isə Türkiyə ərazisindən göndərilməsi barədə məlumatlar yayılmışdı.

Suriya İnqilabçı və Müxalifətçi Qüvvələrin Milli Koalisiyası Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrin birliyi hesab olunur və Qərb koalisiyası tərəfindən rəsmi şəkildə Suriyanın müxalifəti kimi tanınır. Başqa sözlə desək, Amerikanın başçılıq etdiyi Qərb koalisiyası Suriyada hakimiyyətin Əsəddən alınaraq Suriya İnqilabçı və Müxalifətçi Qüvvələrin Milli Koalisiyasına verilməsinə çalışır. Koalisiyaya isə 2015-ci ilin 5 yanvar tarixindən milliyyətcə türkmən olan Xalid Xoca başçılıq edir.

Səudiyyə Ərəbistanı ilə Türkiyəni Suriyada birləşdirən əsas məqam da elə məhz türkmənlərlə bağlıdır. Söhbət ondan gedir ki, Suriyada yaşayan sünni ərəblər və kürdlərdən sonra üçünçü çoxsaylı etnos, sayları təminən 3 milyon olan türkmənlərin sünni təriqətinə mənsubluğu onları şiə hakimiyyətinə qarşı mübarizədə sünni ərəblərlə birləşdirir. Bu tip qüvvələr balansı Suriyanın gələcəkdə Ər-Riyadla Ankaranın nəzarətinə keçəcəyindən xəbər verir və buna görə də Rusiya ilə İran fəal şəkildə buna qarşı çıxırlar.

Üstəgəl, hazırda müxalifətin əsasən Suriyanın qərbinə nəzarət etməsi avtomatik olaraq Livanın İranın nəzarətindən çıxması anlamına gəlir. Məhz bu səbəbdən Livandakı “Hizbullah” qruplaşması fəal şəkildə Əsəd qüvvələrinə dəstək göstərir. Rusiyanın türkmənlər yaşayan ərazini vurması da bununla bağlıdır. Rusiya ilə İran çalışır ki, birincisi, Livanı təhlükədən qorusunlar, ikincisi isə, Aralıq dənizinə çıxışı nəzarətdə saxlasınlar. Bu iki ərazini nəzarətdə saxlamaq Yaxın Şərqdən enerjinin ixracına nəzarət anlamına gəlir.

Qeyd olunanları nəzərə aldıqda, Fransanın ümumi oyuna qarşı çıxması və Rusiyanın tərəfinə keçməsi inandırıcı deyil. Bu, daha çox Moskvanı “Suriya bataqlığı”na soxmaq cəhdlərinə bənzəyir. Türkmənlərə qarşı hücumlardan sonra Türkiyənin quru qoşunlarını Suriyaya göndərməsi, güman ki, vahid planın tərkib hissəsidir və Rusiyanı da əraziyə qoşun göndərməyə təhrik edəcək. İqtisadi vəziyyəti günü-gündən pisləşən Rusiyanın bir tərəfdən də müharibə xərcləri və itkilərilə qarşılaşması Kreml hakimiyyətinin dayaqlarını zəiflədəcək. Güman ki, İŞİD-in Orta Asiyaya hücumu ilə mübarizə aparmaq üçün artıq Rusiyanın gücü qalmayacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti