Heç kimin sığortalanmadığı faciə: Dünya və Azərbaycan təcrübəsi

Heç kimin sığortalanmadığı faciə: Dünya və Azərbaycan təcrübəsi
  06 Dekabr 2015    Oxunub:37306
“Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza Azərbaycanda yaşanmış ən böyük texnogen faciələrdən biridir. Məsələyə dərhal dövlət səviyyəsində reaksiya verildi, Prezidentinin Sərəncamı ilə Komissiya yaradıldı. İtkin düşənlərin axtarışı və xilasetmə işləri dövlət başçısının şəxsi nəzarətindədir.

Artıq məlumat verilib ki, qəzanın səbəbi hava şəraitinin kəskin pisləşməsi, güclü külək və nəhəg dalğalar olub. Qəza baş verən kimi 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına başlayan yanğın genişlənib və güman ki, neft və ya qaz quyularına da keçib.

Bu, təbiətdir, təəssüf ki, insan həmişə onun qarşısında acizdir. Ona görə də belə qəzalar həmişə hər yerdə olur, heç kim onlardan sığortalanmayıb. Bunu son illərdə olan qəzaların siyahısı da təsdiqləyir.

Məsələn, yada salaq ki, bu il aprelin 2-də `Pemex` şirkətinin Meksika sahilləri yaxınlığında yerləşən `Abkatun A-Permanente` platformasıda baş verə yanğın nəticəsində 4 nəfər ölüb, 45 insan yaralanıb.



2012-ci ilin 16 noyabrında Meksika körfəzində Amerikanın Black Elk Energy şirkətinə məxsus neft emalı platformasında partlayış olub, sonra yanğın başlayıb. Nəticədə 4 nəfər həlak olub.

2010-cu il aprerlin 20-də Meksika körfəzində, Luizina ştatının sahilindən 80 km. aralıda bp-yə məxsus `Deepwater Horizon` platformasında partlayış və ardınca güclü yanğın baş verdi. Nəticədə platformada olan 126 nəfərdən 11-i həlak oldu, 17-si yaralandı. Bu, ABŞ tarixində ən böyük texnogen qəzalardan biri idi. 152 gün ərzində körfəzə axan 5 milyon barreldən çox neft əsl ekoloji fəlakət yaratdı.

1988-ci ilin 6 iyulunda Şimal dənizində yerləşən, Şotlandiyaya məxsus `Piper Alpha` neft platformasında güclü partlayış və ardınca başlayan yanğın 200 nəfərdən 173-nün həyatına son qoyur. Dəyən maddi zərər 3,4 milyard dollar həcmində idi...

Bu siyahını xeyli uzatmaq da olar. Göründüyü kimi, bu tip fəlakətlərdən heç kim sığortalanmayıb. Bəlkə də ən çox sığortalanmış ölkələrdən biri elə bizik – faktdır ki, indiyə qədər Azərbaycanda heç vaxt belə qəza olmamışdı. Bu fəlakət isə insan faktoru səbəbindən yox, səhlənkarlıqdan yox, məhz təbiətin üzündən baş verib. Təbiəti isə ittiham edə bilməzsən – dərdin nə qədər ağır olsa da...

Hələlik təsəllimiz odur ki, xilasetmə işləri nəticəsində 32 nəfər təxliyə olunub. Hələ ki haqqında heç bir məlumat olmayan neftçilərimiz üçün əlimizdən ancaq dua etmək gəlir. Amma belə ağır şəraitdə 32 nəfərin xilası da az iş deyil və onların yardımına çatan insanların fədakarlığını mütləq qeyd etməliyik. Əgər xilasetmə işləri düzgün qurulmasa, qurbanların sayı daha da çox ola bilərdi...

Bu, bütün Azərbaycan xalqı üçün ağır gündür. Dövlət artıq göstərdi ki, qəzaya düçar olan neftçilərin yanındadır və onlar üçün mümkün olan hər şey edilir, ediləcək də. Biz də vətəndaş olaraq onların yanında olmalı, özlərinə və ailələrinə heç olmasa mənəvi dayaq durmalıyıq. Göstərməliyik ki, onların dərdini hər kəs bölüşür. Bu qəzanı siyasi ittihamlara alət etmək isə ən azı vicdansızlıq olardı...

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti