Valyuta ehtiyatımız sürətlə `əriyir`: Devalvasiya çıxış yoludurmu? – TƏHLİL

Valyuta ehtiyatımız sürətlə `əriyir`: Devalvasiya çıxış yoludurmu? – TƏHLİL
  08 Dekabr 2015    Oxunub:9252
Neftin dünya bazar qiymətləri “döşəmə həddi” sayılan 40 ABŞ dolları səviyyəsinə yaxınlaşdıqca, Mərkəzi Bankın (AMB) da rəsmi valyuta ehtiyatlarının həcmi azaldıqca manatın məzənnəsinin 1 $ = 1.05 AZN civarında saxlanılması əleyhinə olanların əlinə tənqid üçün daha çox fürsət düşür.

Hər yerindən duran AMB-ni “top atışına” tutur ki, manat niyə sərbəst buraxılmır. İş o yerdədir ki, bəzi xarici maliyyə qurumları da “dərs keçməyə” başlayıblar. Məsələn, Amerikanın nüfuzlu banklarından biri olan “Bank of Amerika Merrill Lynch” AMB-i manatın kursunu sabit saxlamaq siyasətindən əl çəkməyə çağırıb.

Qurum bildirib ki, indiki situasiyada - neftin qiymətinin düşmə tendensiyası davam etdiyi bir şəraitdə bu cür monetar siyasətdən imtina etmək lazımdır. “Bank of America” hesab edir ki, Azərbaycan manatının kursunu dollara nisbətdə sabit saxlamaq siyasəti yaxın müddətdə dəyişdirilməli və yenidən ya 30-35% civarında ucuzlaşdırılmalı, ya da Rusiya ilə Qazaxıstanda olduğu kimi sərbəst `üzən məzənnə` siyasəti üzrə buraxılmalıdır.

Elə bəzi yerli ekspertlər də bu ideya və təkliflərdən əl çəkmirlər. Belə ki, həm neftin qiymətinin getdikcə daha çox aşağı düşəcəyi ehtimalı ilə bağlı, həm AMB-nin rəsmi valyuta ehtiyatlarının hər ay az qala 1 milyard ABŞ dolları həddində azalması, həm ətraf ölkələrdə devalvasiya tədbirləri, həm ABŞ dollarının bütün dünyada bahalaşması ilə əlaqədar, həm də ölkədə iqtisadi aktivliyi bərpa etmək və ixrac potensialından istifadə imkanlarının məhdudlaşması qarşısını almaq məqsədilə manatın 1$ = 1.05 AZN məzənnədən sərbəst buraxmaq lazım gəldiyi vurğulanır.

Ancaq məsələ bundadır ki, bütün bunlar çox bəsit şəkildə irəli sürülür. Bəs, əslində, vəziyyət necədir? AMB manatın məzənnəsini niyə möhkəm saxlayır?

Məsələ bundadır ki, manatın dəyərini inzibati yolla möhkəm saxlayan AMB-ni tənqid atəşinə tutanlar nədənsə nəzərə almırlar və yaxud da dəqiq desək, nəzərə almaq belə istəmirlər ki, Azərbaycandan ümumi ixracın bu gün 77,72% hissəsini xam neft təşkil edir. Bu isə o deməkdir ki, manatın dəyəri adı çəkilən məhsulun dünya bazar qiymətlərindən asılı vəziyyətdədir. Sual olunur ki, belə şəraitdə AMB manatı hansı mexanizmlə tənzimləməlidir? Sözsüz ki, inzibati mexanizmlə...

AMB-in cari ilin fevral ayında manatı ABŞ dollarına görə 34% ucuzlaşdırmasına münasibətdə bəzi ekspertlər qeyd edirlər ki, bu cür addım atmaqdansa Rusiyada olduğu kimi sərbəst üzən məzənnə siyasətinə keçid daha məqsədəuyğun olardı. Və iddia edilir ki, guya, bu zaman ola bilsin, kurs 34% deyil, daha çox ucuzlaşacaqdı, amma sərbəst bazar qanunları, maliyyə bazarındakı tələb və təklifin nisbəti məzənnəni bir müddətdən sonra guya tənzimləyəcək və kəskin enişin qarşısını alacaqdı. Çünki Rusiyada Mərkəzi Bank tərəfindən ötən ilin dekabr ayında sərbəst üzən məzənnə siyasətinə keçidlə əlaqədar da rubl qısa müddət ərzində 2 dəfəyə qədər ucuzlaşdısa da, sonra sabitlik qazandı və yenidən dəyər əldə etməyə başladı. Hətta az qala əvvəlki səviyyəyə qayıtmağa da belə, cəhd göstərdi.

Bəs, Azərbaycanda manat üçün məgər, belə şərait, imkan və zəmin varmı? Hansı zəmanətə əsasən söyləyə bilərik ki, manat üzrə də sərbəst üzən məzənnə siyasətinə keçilsə, sonradan bazar hər şeyi tənzimləyəcək? Buna əsas varmı?

Əfsuslar olsun, bizdə hələ ki bunun üçün kifayət qədər əsas və amillər yoxdur. Rusiyanın və Qazaxıstanın ümumi ixracında qeyri-neft sektoruna məxsus çoxlu sayda məhsul növü və həcmi yer tutur. Bizdə isə əksinə, ümumi ixracın 77,72%-ni təkcə xam neft təşkil edir. 6,61%-ni isə neft məhsulları, 2%-qədərini isə qaz ixracı tutur.

Sual olunur: manatın dəyəri sərbəst buraxılarsa, onun arxasında hansı qeyri neft-qaz məhsulları dayanacaq?

Odur ki, neftin qiyməti hətta 1 barrelə görə 100 ABŞ dollarından yuxarı olduğu zaman da manatın dəyəri sərbəst buraxılsaydı, makroiqtisadi tarazlıq pozulacaqdı. Ona görə də Azərbaycanda yalnız idarəolunan üzən məzənnə siyasətinə keçid məqbul sayıla bilər ki, söhbət də yalnız bu variantdan gedə bilər. Bunun da inzibati yolla tənzimləmə mexanizmindən elə də ciddi fərqi yoxdur.

Düzdür, AMB-in rəsmi valyuta ehtiyatları “əriyir”. Son məlumata əsasən, 2015-ci ilin noyabrında AMB-nin rəsmi valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 589 milyon dollar - 8,62 %, yəni 6 milyard 245 milyon 600 min dollara qədər azalıb. Beləliklə, 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatlarının həcmi 7 milyard 512 milyon 700 min dollar, yəni 54,6% azalıb.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir. Odur ki, daha bir sual yaranır: AMB-in bu ilin fevral ayında manatın dəyərini ucuzlaşdırması valyuta ehtiyatlarının azalması tempini zəiflətdimi? Sözsüz ki, yox... Bu mənada, əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, AMB-nin rəsmi valyuta ehtiyatları həcminin hər ay azalması fonunda hökumətin niyə devalvasiyaya getmədiyini soruşanlar görəsən, nəyə əmindirlərmi ki, manat ucuzlaşdırılarsa, ehtiyat azalmayacaq?

Ümumiyyətlə, devalvasiyaya tədbiri AMB-nin rəsmi valyuta ehtiyatlarının azalması prosesini dayandıra bilərmi?
Təbii ki, bütün bunlar cəfəngiyatdır.
Bəs, nə etməli?


Fikrimizcə, manatın məzənnəsini qoruyub saxlamaq üçün ölkənin xarici ticarət dövriyyəsində mövcud müsbət saldonun getdikcə real əsaslara söykənməsinə və bunun təmininə daha çox diqqət yetirmək lazımdır. Buna əgər nail olunarsa, neftin dünya bazar qiymətlərinin ucuz olmasına görə narahat olmağa dəyməz. Necə ki, bu gün bunun üçün hələ ki heç bir ciddi əsas yoxdur. Yəni, xarici ticarət dövriyyəsi, başqa sözlə desək, ölkənin tədiyyə balansı müsbət əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, manatın yaxın perespektivdə taleyi daha çox məhz qeyd olunan amillin vəziyyətindən asılı olacaq. Belə ki, neftin dünya bazar qiymətlərindən əgər daimi olaraq sığortalanmaq istəyiriksə, xarici ticarətdə müsbət saldonu qoruyub saxlamalıyıq. Bu, bilavasitə manatın taleyi üçün də önəmli və makroiqtisadi sabitlik üçün də vacib şərtlərdəndir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti