İŞİD Xəzər ətrafında – TƏHLİL

İŞİD Xəzər ətrafında – TƏHLİL
  11 Dekabr 2015    Oxunub:23304
Mərkəzi Asiyada, daha dəqiq desək, Türkmənistanda dini radikalizm təhlükəsinə qarşı hərbi səfərbərlik elan edilməsi təhdidin necə böyük olmasından xəbər verir. İlk dəfədir ki, Türkmənistan bütün əsgəri qüvvəsini döyüş hazırlığı vəziyyətinə gətirib. Özbəkistanın “İslami Hərəkat” dini təşkilatının İŞİD-ə beyət etməsi Mərkəzi Asiyada baş verə biləcək təhlükələrin xəbərçisidir.

CİA-ya görə, 2014-cü ildə İŞİD sıralarında 74 ölkədən 31 min nəfər savaşırdı. 2015-ci ilin avqust ayında İŞİD döyüşçülərinin ən azı 50 min olduğu bildirilirdi. Mərkəzi Asiyadan İŞİD sırlarına qatılanların sayı çoxdur. Rusiya FSB-nin rəhbəri Aleksandr Bortnikovun açıqladığı rəqəmə görə, İŞİD tərkibinda savaşan rus vətəndaşlarının sayı 1700-ə çatıb.

İŞİD-in Tacikistandan olan döyüşçüsü Olim Yusuf Əhmədşərif adlı bir nəfər bildirib ki, postsovet ölkərindən gedən İŞİD-çilər əsasən Rakkada toplaşırlar və onlara çeçen Umar Şişani rəhbərlik edir. Təəccüb doğuran başqa bir hadisə 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə körpünün üzərində İŞİD bayrağının asılması olmuşdu. Prezident İslam Kərimov da öz növbəsində vəziyyətdən narahat olduğunu bildirib. İŞİD-ə qoşulmuş Özbəkistan “İslami Hərəkatı” 6 min nəfərlik döyüşçüyə sahibidir, məqsədləri “Böyük Xorasan” dövləti qurmaqdır.

Qırğızıstan və Qazaxıstanda bir qrup radikal islamçı 2015-ci ilin əvvəlində terror aktı planlaşdırmaqda şübhəli bilinərək, həbs olundular. Qazax və Qırğız pasportları daşıyan həmin şəxslərin Kant şəhərində yerləşən rus hərbi bazasına hücum planı hazırladığı üzə çıxmışdı.

Mərkəzi Asiyada vəziyyət getdikcə qəlizləşdir. Qazaxıstanlı politoloq Erlan Korinin sözlərinə görə, bölgədən İŞİD-ə qoşulanlar əsasən 2 səbəbdən - maddi çətinlik və Cihada inandırılmadan dolayı bu yola düşürlər. İngilis araşdırmaçı Məmnun əl-Abbasi insanların İŞİD-ə qoşulması səbəbələrini daha çox yoxsulluq, dini-siyasi azadlıqların məhdudlaşdırılması, ölkənin ümumi geriliyində görür. İŞİD kimi terror qrupu sadalanan şərtlərə cavab verməyən ölkələrdə rahatlıqla kök sala bilir. Siyasi ekspertlərin rəyincə, Mərkəzi Asiyada, xüsusən də Özbəkistan və Tacikistan kimi ölkələrdə İŞİD-ə meyl xarakterikdir.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə yardmıçısı Robert Bleyk bildirmişdi ki, Mərkəzi Asiya ölkələri daha çox daxili terror ünsürlərindən ehtiyatlanmalı, onların xarici qruplarla bağlantı yaratmasına diqqət etməlidir. Söhbət “Özbəkistan İslami Hərəkatı”, “Türkmənistan İslami Hərəkatı”, “İslami Cihad Birliyi” “Sələfi”, “Akromiya”, “Təbliğ Cəmaatı” kimi qruplardan gedir.

Ekspertlərin fikrincə, İŞİD əsasən təbii sərvətləri bol olan bölgələri hədəfə alır. Bu baxımdan Mərkəzi Asiya ölkələri çox cazibədardır. Hətta Xəzər tərəfdən Azərbaycanın da risk altında olduğu söylənilir. Son aylarda Azərbaycanda İŞİD-çilərə qarşı keçirilən anti-terror əmliyyatları şübhəsiz ki, təsadüfi deyil.

Bilindiyi kimi, Əfqanistan Mərkəzi Asiyaya açılan qapıdır; bu bölgədə İŞİD-in aktivliyi açıq-aşkar Mərkəzi Asiya ölkərinin milli təhlükəsizliyinə hədə yaradır. Başqa bir maraqlı fakt isə 2013-cü ildə Əfqanıstanın eks-prezidenti Həmid Kərzainin Özbəkistan İslami Hərəkatının ən önəmli simalarından biri olan Hafiz Bilalı bağışlaması və sonradan onun yenidən 300 döyüşçü ilə Əfqanıstanın şimalında hökumətə qarşı savaşa başlmasıdır.

Rusiya Strateji Araşdırmalar İnstutunun eksperti A.Kurtov bildirir ki, Qazaxıstan və Əfqanıstanı ayıran bufer bölgənin - Tacikistan və Qırğızıstanın radikal islamçı qruplarının İŞİD-lə bağlantı qurması qaçılmazdır. Kurtov onu da vurğulayır ki, Almatı və Astana şəhərlərində İŞİD döyüşçülərinin ortaya çıxması ilk baxışdan çətin görünsə də, onların Qazaxıstanı qarışdıracaq qədər gücü var.

ABŞ-ın “The Jamestown Foundation” təşkilatının rəsmisi Yakob Zenna Qərbi Qazaxıstanda İŞİD-in xüsusi marağı olduğuna diqqət çəkərək, ortaya çıxmış “Cund əl-Xilafət” islam təşkilatını xatırladır. Həmin təşkilatın meydana gəldiyi bölgənin Xəzər dənizindən cəmi 483 km. aralıqda olması, Şimali Qafqaza yaxınlığı nəzərə çarpır. Qazaxıstanlı mütəxəssis Dosım Satpayevə görə, İŞİD Mərkəzi Asiya, Qafqaz və Qazaxıstanda ciddi təhlükəyə çevrilir.

Şübhəlidir ki, Əfqanıstandan çıxmalı olan ABŞ Rusiyanın Əfqanıstanda da hava əmliyyatları keçirəcəyini bilən kimi, 2016-ci ilin sonuna qədər orada qalacağını açıqladı. Ardınca isə Almaniya və İtaliya da Əfqanistana əlavə hərbi kontingent göndərəcəklərini bildirdilər. Demək, ABŞ Mərkəzi Asiyaya açılan qapı olan Əfqanıstandan hələ ki, çıxmaq istəmir.

Rusiyanın da müəyyən mənada İŞİD faktorundan öz xeyrinə istifadə edəcəyi aydındı. Moskva Suriyada əməliyyatlar aparır və Mərkəzi Asiya dövlətlərini, eləcə də Azərbaycanı öz ətrafında birləşdirməyə səy göstərir. Bununla həm də Amerikanın bölgəyə təsirini zəiflətməyə cəhd edir. Əfqanıstandan Türkmənistana keçən İŞİD-in Azərbaycana adlaması da ağla gələn ehtimaldır və Rusiyanın Xəzərdən İŞİD-i vurması haradasa, “Mən buradakı təhlükəsizliyə cavabdehəm” ismarıcını vermiş oldu. Bu, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını canlandırmaq məqsədi daşıya bilər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti