2 illik psixoloji hücum: `Sanksiya` zəncirinin yeni halqası – TƏHLİL

2 illik psixoloji hücum: `Sanksiya` zəncirinin yeni halqası – TƏHLİL
  17 Dekabr 2015    Oxunub:9734
Azərbaycana qarşı sanksiyaların tətbiqi mövzusu yeni deyil: bu məsələ son iki ildə bir neçə dəfə süni şəkildə gündəmə gətirilib.

Düz bir il əvvəl - 2014-cü ilin dekabrında “Müsavat” partiyasının “Məhsul” stadionunda keçirdiyi mitinqdə belə bir şüar qaldırılmışdı: “Şaxta Baba, gələn il sanksiyalar gətir”. Bu, nə idi: təsadüf, yoxsa kiminsə `kreativ` siyasi eksperimentinin nəticəsi?

Həmin şüar 2014-cü ildə ortalığa atılmaya başlanan “Azərbaycana qarşı sanksiya” ideyasının ölkə daxilində yayılması cəhdi idi. Bu ideya məqsədli şəkildə iki il ərzində tədricən inkişaf etdirilib. Xronologiyaya baxaq:

- 2014, sentyabr:
Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyət tənqid edilir və ölkəmizə sanksiya çağırışları səslənir.

- 2014, oktyabr: ABŞ-ın 1994-97-ci illərdə Azərbaycanda səfiri olmuş Riçard Kozlariç və Devid Kramer bildirirlər ki, Azərbaycana qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər.

- 2015, aprel: Bir qrup beynəlxalq QHT və hüquq müdafiəçisi ABŞ-ın dövlət katibi Con Kerriyə məktub yazaraq, Azərbaycana qarşı sanksiyaların tətbiqini xahiş edirlər.

- 2015, sentyabr: Avropa Parlamenti Azərbaycana əleyhinə qətnamə qəbul edir. Sənəddə vəzifəli şəxslərə sanksiyaların tətbiqi məsləsi də vardı.

- 2015, dekabr: ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kris Smit “2015-ci il Azərbaycan Demokratiya aktı” adlı layihəni Komissiyaya təqdim edir. Sənədin müddəalarından birinə görə, Azərbaycana qarşı müxtəlif sanksiyalar tətbiq edilə bilər.

Bütün bunların eyni mərkəzdən idarə olunmasına kiminsə şübhəsi varmı?



...Göründüyü kimi, məsələ yeni deyil və 2 ildir ki, ardıcıl şəkildə müxtəlif şəxslərin, qurumların əli ilə gündəmə gətirilir. Bu iki ildə həmin istiqamətdə atılan bütün addımlarda əsas məqsəd əsasən Azərbaycana psixoloji təzyiq göstərmək - yəni Rəsmi Bakını və ölkə əhalisini sanksiyaların reallığına inandırmaq olub. Mövzu qəsdən hər rübdə bir dəfə gündəmə gətirilərək, beynəlxalq mediaya ötürülüb. Amma rəsmi Bakı heç vaxt bu təzyiqə uymayıb.

Kristofer Smitin təqdim etdiyi qanun layihəsi bu zəncirin növbəti halqasından başqa heç nə deyil. Ola bilər, bu zəncir bir qədər də uzansın, amma heç vaxt gəlib real sanksiya səviyyəsinə çatmayacaq – burası aydındır. Axı əgər dorğudan da lazım olsa, Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün hansısa layihənin qəbuluna heç bir ehtiyac yoxdur - o sadə səbəbə görə ki, həmin sanksiyalar 23 ildir var: “Azadlığa dəstək” aktına 907-ci düzəliş. Əgər ABŞ-a lazım olsa, Prezident həmin düzəlişin dayandırılmasını növbəti il üçün uzatmaz və - vualya!- sanksiya hazırdır. Amma `907`-dən nə qazanmışdılar ki, hansısa başqa sanksiyalardan nə əldə etsinlər?

Və yaxud, başqa bir nüansa fikir verin: Kris Smitin layihəsində Azərbaycanla biznes əlaqələri olan iş adamlarına da sanksiyalar nəzərdə tutulur. Belə adamlardan biri onun partiyasının prezidentliyə namizədi olan Donald Trampdır. Trampın Azərbaycanla biznes əlaqəsi haqda ötən həftə CNN-də danışıldığı üçün, yəqin, Smit də bunu eşitməmiş olmaz...

Baş verən prosesin ən dəqiq diaqnozu budur: Azərbaycana qarşı “psixoloji hücum” yürüdülür. Hətta heç vaxt rəsmiləşməyəcəksə belə, şübhəsiz ki, bu cür təşəbbüslərin ortaya çıxması əsla xoşagələn deyil və ölkənin imicinə mənfi təsir göstərir.

Çox təəssüf ki, həmin nöqtədə üst-üstə düşən xeyli maraqlar var: Erməni diasporu və lobbisi, ABŞ-dakı anti-Azərbaycan dairələri, Azərbaycanda biznes və siyasi maraqları təmin olunmayan mərkəzlər... Bunlar hamısı ölkəmizə qarşı virtual da olsa, təzyiqlərin davam etməsində maraqlıdırlar. Ona görə də bu kampaniya yeni-yeni impulslar alır.

Şübhəsiz, həmin qruplar fərqindədirlər ki, belə addımlarla “siyasi məhbus” dediklərinin vəziyyətini yaxşılaşdırmırlar. Hətta əksinə: xaricdən təzyiq nə qədər çox olsa, onların əfv edilməsi bir o qədər çətinləşə bilər – Azərbaycan dövlətinin xarakterini başa düşənlər bunu anlamamış deyillər. Məqsəd, sadəcə, Azərbaycana qarşı psixoloji təzyiq və qara QR kampaniyasını davam etdirməkdir.

Kris Smitə gəlincə, o, ABŞ-da abortlara qarşı fəal mübarizəsilə öndə olub. Çox əla işdir, kaş ki, yenə də bununla məşğul olsaydı...

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti