İran nefti bazara çıxır: nə dəyişəcək? – TƏHLİL

İran nefti bazara çıxır: nə dəyişəcək? – TƏHLİL
  18 Yanvar 2016    Oxunub:6785
Qərbin İranın üzərindən bütün sanksiyaları aradan qaldırmasının nə demək olduğu aydındır. Beləliklə, adı çəkilən ölkənin gəlirləri artacaq, onun regionda iqtisadi güc mərkəzinə çevrilməsi üçün maneə qalmayacaq.

Amma əsas sual başqadır: İranın neft bazarına çıxması doğrudanmı, qiymətləri daha da aşağı salacaq və bir daha onun 50 dolla da qalxmasına imkan verməyəcək?!..

İranın OPEK üzrə ümumi ehtiyatlarda payı cəmi 13% təşkil edir. Bu gün Tehran sutkada 3 milyon barrel neft hasil edir ki, bunun bir hissəsini – gündəlik 500 min barreli onsuz da xaricə satırdı. İndi ən yaxşı halda bunu 500 min barel də artıra bilər. Üstəlik, bu, indiki qiymətlər şəraitində baş tutmaya da bilər.

Bundan əlavə, xam neft ambarda saxlanılan meyvə-tərəvəz deyil ki, şərait yaranan kimi ağzını açıb, satışa çıxarasan. Bunun üçün hasilatı artırmaq lazımdır. Hasilatı artırmaq üçün isə texnoloji imkan tələb olunur. Konservləşdirilmiş yataqları birdən-birə işə salmaq isə mümkün deyil...

İranın bazara daxil olması ilk dövrlərdə yalnız psixoloji təsir yarada bilər. Təsadüfi deyil ki, “sanksiyalar götürülür” deyəndə dünya bazarlarında neftin qiyməti 30 dollardan da aşağı düşdü.

Ümumiyyətlə, son vaxtlar iqtisadi faktorlar daha mühüm rol oynayır: Əvvəl iqtisadi amillər siyasi addımlar atıldıqdan sonra meydana gəlirdisə və özünü əyani olaraq, daha yaxşı büruzə verməyə başlayırdısa, son vaxtlar rollar dəyişib.

Misal olaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətləri götürək. Bu, onsuz da əvvəlcədən də yaxşı deyildi. Yaxın Şərqdəki bir çox münaqişələrdə bu iki ölkə həmişə üz-üzədir. Ümumiyyətlə, həmin regionda bir çox münaqişələrin əsas səbəbkarları həmişə elə məhz bu ölkə sayılıb. Sadəcə olaraq, Tehran indiyədək iqtisadi sanksiyalar altında idi ki, Səudiyyə Ərəbistanı dünya bazarlarında heç bir rəqabətlə üzləşmirdi. Əslində, İranın buna heç gücü də çata bilməzdi. O səbəbdən ki, Tehranın bilavasitə neft sarıdan Ər-Riyad ilə rəqabər apara biləcək imkanı yoxdur. Ona görə də, 2 ölkə arasında münasibətlərin pozulmasının açıq müstəviyə keçməsi neftin qiymətini bir anlıq bahalaşdırdısa da, sonra heç bir təsirə malik olmadı. Çünki hazırda bazarda sırf iqtisadi amillər mühüm rol oynamaqdadır. ABŞ 40 illik embarqodan sonra özü də bazara neft çıxarmağa başlayıb. Üstəlik, Çin iqtisadiyyatı da geriləyir.



Bütün bunlar olmasa belə, Səudiyyə Ərəbistanı ilə İran arasında münaqişə nefti birincinin istəyi olmasa, qətiyyən bahalaşdıra bilməz. Hər şey bilavasitə, Ər-Riyaddan asılıdır. İran dünya bazarlarına yenicə çıxmağa başladığından çox istəyir ki, özünün də üzv olduğu OPEC ölkələri üzrə hasilat aşağı salınsın. Çünki bu, qiymətlərin yüksəlməsinə mühüm təsir göstərə bilər. Kartel gündəlik 32 milyon barrel neft hasil etməklə dünya üzrə bu sahədə tələbatın 40%-ni ödəyir ki, burada da əsas söz Səudiyyə Ərəbistanına məxsusdur.

OPEC üzrə neft hasilatının böyük bir hissəsi Ər-Riyadın payına düşür; gündə 3 milyon barel hasilatla Tehran bu qurumda qeyd etdiyimiz kimi cəmi 13%-lik paya sahibdir. İran üzərindən sanksiyalar götürülsə də, Tehran dünya bazarlarına Səudiyyə Ərəbistanı qədər neft çıxara bilməz. Təsadüfi deyil ki, Ər-Riyad bir az əvvəl Avropaya satdığı neftin qiymətini də aşağı saldı. Bu, özü də İrana qarşı atılan addım sayılırdı.

Sözün qısası, bu gün neftin dünya bazarında qiymətləri bilavasitə Səudiyyə Ərəbistanı ilə ABŞ-ın əlindədir. Sadəcə olaraq, görünən budur ki, Vaşinqton getdikcə bu sahədə hər şeyi öz əlinə almaqdadır. Hazırda bu 2 ölkə istəməsə, neft bahalaşan deyil. Söhbət, xüsən Ağ Evdən gedir…

Odur ki, iran neftinə görə narahat olmağa dəyməz... Və bazarda problem yaradan da bu deyil, olmayacaq da... Bizi daha çox cənub qonşumuzun iqtisadi yüksəliş əldə edəcəyi, dövlət gəlirləri artacağı, regionda böyük və mühüm iqtisadi güc mərkəzinə çevriləcəyi təqdirdə, bunun ölkəmiz üçün məhz hansı nəticələr doğura biləcəyi məsələsi düşündürməlidir...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti