İnvestisiya taktikamız dəyişir – TƏHLİL

İnvestisiya taktikamız dəyişir – TƏHLİL
  22 Yanvar 2016    Oxunub:12066
Keçən il ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Bunun təqribən, 50%-ni xarici sərmayə təşkil edir. Dövlət başçısı İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında qeyd olundu ki, bu, çox müsbət faktdır.

Lakin, Prezident İlham Əliyev iclasda onu da vurğuladı ki, bu il xarici investisiyalar Azərbaycana daha böyük həcmdə cəlb edilməlidir. Bu da yaranmış situasiya ilə əlaqədardır. Belə ki, qlobal iqtisadi böhranın ölkəmizə təzyiqləri getdikcə artmaqdadır. Hazırda ümumiyyətlə, dünya miqyasında xarici investisiyalar uğrunda ciddi mübarizə gedir. Azərbaycanda isə investisiyalar daha çox neft sektoruna qoyulub və qoyulmaqda da davam edir. Ancaq ölkəmizdə qeyri-neft sektorunda da buna çox gözəl zəmin var. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da daxili və xarici sərmayələrin qoyulması müşahidə edilir. Prezident İlham Əliyev isə qeyd edib ki, ölkəyə, xüsusən də qeyri-neft sektoruna daha çox xarici sərmayə cəlb etməyə çalışmalıyıq. Söhbət o sahələrdən gedir ki, bunun inkişafı ixrac potensialımızı gücləndirsin və idxaldan asılılığı azaltsın.

Prezidentin 18 yanvar tarixində imzaladığı investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman da məhz bu məqsədi daşıyır. Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib. Sənəddə qeyd olunub ki, sözügedən qaydanın təsdiq edilməsinə dair qərar qəbul olunmasında məqsəd ölkədə investisiya fəaliyyətini genişləndirmək, biznes mühitini yaxşılaşdırmaq, sənaye istehsalını artırmaq, həmçinin Prezidentin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizm və normativ hüquqi aktı hazırlamaqdan ibarətdir.

İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəd sayılacaq. Sözügedən sənədin verilməsi üçün isə əsas meyarların investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ, həmçinin investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidlərdən ibarət olacağı göstərilib.

İnvestisiyanın təşviq edilməsi sərmayə qoymaq istəyən sahibkarlara daha güzəştli şərtlərlə fəaliyyət göstərmək imkanı verəcək ki, təkcə bir cəhəti qeyd edək: təsdiq olunmuş qaydaya əsasən, İqtisadiyyat Nazirliyi verəcəyi investisiya təşviqi sənədi barədə məlumatı cəmi 3 gün ərzində Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinə təqdim edəcək. Bu isə o deməkdir ki, potensial investorlar üçün ilk növbədə vaxt itkisi aradan qalxmaqla, operativlik əldə etməyə şərait yaranacaq...

Ümumiyyətlə, investisiyaların təşviqi kənd təsərrüfatı, sənaye, xidmət sektoruna həm daxili, həm də xarici sərmayə cəlbini stimullaşdırmaq baxımından olduqca məqbul əhəmiyyət kəcb edəcək. Bununla əlaqədar demək olar ki, kompleks güzəştlərdən ibarət tədbirlər həyata keçiriləcək. Bunlardan bəziləri artıq məlumdur.

Məsələn, ölkəyə idxal olunan bir sıra texnika, avadanlıq və qurğular gömrük rüsumundan azad edilir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq iqtisadiyyat üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədini aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular - 7 il müddətinə gömrük rüsumundan azad ediləcək.

Bundan əlavə, əmlak və torpaq vergiləri üzrə, o cümlədən digər güzəştlər də tədbiq olunacaq.
Yəni bütün bunlar dövlət büdcəsinə gəlirlərin müəyyən hissəsindən bir növ imtina edilməsi hesabına nəzərdə tutulsa da, sonradan bütövlükdə qeyri-neft sektorunun inkişafı ilə nəticələnəcəyindən perespektivdə daxilolmaların artmasına şərait yaradacaq. Hazırda hökumətin iqtisadi kursu da məhz buna doğru istiqamət götürmüşdür...

Məsələ bundadır ki, xarici sərmayə ölkəmizə əvvəlki illərdə daha çox hökumətə olan müraciətlər əsasında cəlb edilirdi. Və müvafiq olaraq da xarici investorlar gəlir, təkliflər verir, uyğun orqanlarda buna baxılır, sonra isə qərar qəbul olunurdu.

Ancaq dövlət başçısı da qeyd edib ki, indiki şəraitdə hökumət özü işləməlidir. “Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır”,– deyə Prezident İlham Əliyev hökumətin yanvarın 10-da keçirilən bayaq qeyd etdiyimiz iclasında bildirdi.

Təbii ki, bu proses yerli sahibkarlara da aid olmalıdır. Yəni, eyni zamanda, yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına bacardıqca daha çox sərmayə qoymalıdırlar. Təəssüf ki, son vaxtlar bu, az müşahidə edilir. Hazırda sərmayələrin daha çox iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılması, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırılması tələb olunur. Dövlət qurumları - mərkəzi və yerli icra orqanları bunun üçün sahibkarlara tələb olunan hər cür şəraiti yaratmalıdırlar.

Yeri gəlmişkən, bu il investisiya qoyuluşlarının 18,8 milyard manat olacağı, bunun 57,8%-nin daxili, 42,2%-nin isə xarici investisiyaların payına düşəcəyi gözlənilir. Neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiya yatırılacağı proqnoz edilib. 2016-cı il də daxil olmaqla, növbəti 3 ildə isə investisiyaların 47,3 milyard manat, o cümlədən xarici investisiyaların 15,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti