Xocavənddə arxeoloji tədqiqatlar başladı

Xocavənddə arxeoloji tədqiqatlar başladı
  06 İyul 2013    Oxunub:1727
Xocavənd rayonu ərazisində olan Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar başlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası tərəfindən aparılan kəşfiyyat-qazıntı işləri bir ay davam edəcək.
Tədqiqatlar zamanı yerüstü materialların toplanması, erkən orta və orta əsrlərə aid abidələrin, həmçinin qəbirlərin açılması nəzərdə tutulub.

Dağlıq Qarabağın ərazisində olan Nərgiztəpə qədim yaşayış məskəni haqqında ilk dəfə XX əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan görkəmli alim A.A.İessen məlumat vermişdi. Tədqiqatçı alim, orada aşkarlanan orta tunc dövrünə və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiztəpəni çoxtəbəqəli abidə kimi göstərib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan Nərgiztəpə ətrafında orta əsrlərə aid yaşayış yeri, tikili qalıqları və qəbiristanlıq var. Burada orta tunc dövründən başlayaraq orta əsrlərə qədər mədəniyyətlər ardıcıl olaraq bir-birini əvəz edib. Ərazidəki qəbirüstü daşların üzərinə qazıma üsulu ilə müxtəlif işarə (ox, kaman və s.), damğalardan ibarət naxışlar çəkilib.

Qəbirlərin üstündə, eləcə də ətrafdakı iri yumru daşlar diqqəti cəlb edir. Yerli əhalinin dediyinə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bəziləri, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar bu ərazilərdə baş verib.

Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan Nərgiztəpə ərazisində aparılan arxeoloji tədqiqatlar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir.

AzərTac


Teqlər:





Xəbər lenti