`Ən böyük uğurum`ASAN könüllüsünün qeydləri

`Ən böyük uğurum` – ASAN könüllüsünün qeydləri
  10 İyul 2013    Oxunub:5101
Mənim “ASAN xidmət”lə tanışlığım heç də təsadüfi olmayıb. Universitetdə oxuduğum müddətdə müxtəlif layihələrdə fəal iştirak etdiyim üçün yaxın dostlarım ASAN Xidmətə də müraciət etməyimdə israr etdilər.
Ölkədə sosial problemli insanların çoxluğu və vətəndaşlara bəzi idarələrdəki aşağı səviyyəli xidmət səbəbindən əhalinin ASAN Xidmətin açılışını həyəcanla gözlədiyini bilirdim. Müraciət edən hər kəsə yüksək səviyyəli xidmət təklif edən, onlar üçün bütün rahatlığı özündə ehtiva edən bir dövlət qurumunun fəaliyyəti mənim üçün də maraqlı idi.

2013-cü ilin yanvar ayından mart ayına kimi vətəndaşlarla sıx münasibətdə olub onların problemlərinin vaxt itirmədən həllini tapması üçün boynuma düşən vəzifəni yerinə yetirmişəm. Vətəndaşlara kömək etmək, gün ərzində fərqli insanlarla ünsiyyətdə olmaq mənim üçün həyəcanlı və sevincli idi. Qatıldığım bu könüllü işdən zövq alırdım. Tək mən yox, ASAN xidmətin elə əsl məqsədi də bu idi. Yarandığı gündən vətəndaşlara qayğı və həssaslıqla yanaşan bütün ASANçılar məhz bu keyfiyyətlərinə görə xalq arasında sevilir. Təsadüfi deyil ki, bu gün digər rayonların vətəndaşlarının ən böyük arzuları da yaşadıqları rayonlarda əllərinin çatacağı ASAN xidmətin fəaliyyət göstərməsidir.

Burda çalışan gənc kadrlar üçün yaradılan şərait də təqdirəlayiqdir. Könüllük pirinsipinə uyğun olaraq tələbələrin ASAN xidmətə cəlb edilməsi ictimaiyyət tərəfindən də yaxsi qarşılandı. Onların gələcəkdə əldə etdikləri uğurlar və özünü sübut etmək üçün meydan gələcək karyeraları üçün qazandıqları təcrübəyə əlavə olunur və bu o deməkdir ki, Azərbaycanda xidmət sektorunun inkişafı və gələcəyi əminli əllərdədir.

ASAN Xidmətin istifadə etdiyi bu prinsipin səmərələliyini və faydasını görən digər dövlət qurumları da bu yolu seçib öz sıralarına gənc kpnüllülrəi əlavə etməyə təşəbbüs göstərdilər. Yaranan bu yeni ənənələr Azərbaycanda gələcəkdə dövlət qurumlarında ixtisaslı kadrlar baxımından əziyyət çəkməcəyini göstərir, eyni zamanda dövlət orqanında işləmək təcrübəsi qazanan gənclər daha bir kompleksi üzərlərindən atırlar. ASAN Xidmət-də könüllülük prinsipinə əsaslanaraq işləmək istəyənlərin müraciətləri çox olduğu üçün burda fəaliyyət göstərən 21-30 yaşlı gənclər müqavilə əsasında 2 ay işlədikdən sonra əksər hissəsi yeniləri ilə əvəz olunur. Bu da xidmətin bütün gənclərə imkan yaratmaq istəyindən irəli gəlir. İş prosesinin effektli alınmasında könüllülərin rolu danılmazdır. Cənab Prezdent İlham Əliyevin “ASAN xidmət” in açılışında xüsusi olaraq könüllülərlə görüşməsi bunun bariz nümunəsidir.

İş fəaliyyəti dövründə mən müxtəlif dövlət məmurları ilə, xarici səfirlik nümayəndələri ilə görüşüb onların fikirlərini özüm üçün vacib sloqanlara çevirmişəm. Həmçinin kollektiv diskusiyyalarda və məmurlarla birbaşa dialoqlarda iştirak edib fikir yürütmə sərrastlığımı və dinləmə mədəniyyətimi inkişaf etdirmişəm. Düşünürəm ki bu yaşda qazandığım ən böyük uğurum elə “ASAN xidmət”də çalışmağımdır. Burda çalışdığım müddətdə iki dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək imkanı qazanmışam...

ASAN Xidmət kimi bir dövlət qurumunun yaradılması birbaşa ölkə prezidentinin təşəbbüsü ilə bağlıdır və bu, prezidentin korrupsiyaya qarşı aparılan mübarizəyə həssas yanaşaraq, onun yayılmasının qarşısını almaq üçün verdiyi qərarlardan biridir. Keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə”si, Agentliyin strukturu, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” təsdiqləndi. “ASAN xidmət” ilk gündən mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsini təmin edir.
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;


daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.


Bütün bu proseslərdə, vətəndaşların problemlərinin həll edilməsində mən də iştirak etdiyim üçün ASAN Xidmətə təşəkkür edirəm. Həyatdakı mövqeyimin və vəzifəmin məsuliyyətini məhz burda çalışdıqdan sonra hiss edib insanlara kömək etməyə çalışıram...
Asan Xidmət vaxtında qərar verməyi bacaranların məsuliyyətini vəzifəsini dərk edənlərin dostudur. Doğumdan həyatın sonuna kimi hər bir insanın özündən böyükləri, ailəsi , ölkəsi və Vətəni qarşısında müəyyən məsuliyyətləri olur. Bu məsuliyyəti vaxtında dərk edib kimsəyə “məsuliyyət borcu” olmadan yaşamaq isə hər bir normal insanın istəyidir. Asan Xidmət sizə bu məsuliyyətlərin öhdəsindən gəlmək üçün daha qısa yollar təqdim edir. Eyni zamanda qurum özü də vətəndaşlar qarşısında çox ağır bir məsuliyyəti çiyinlərinə götürərək onlara xidmət etmək üçün peşəkar və işgüzar kollektivlə işləyir. Bu kollektivin bir parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm...

Həsən Əhmədov


Teqlər:  





Xəbər lenti