ABŞ siyasətində oyun qaydaları dəyişir? – TƏHLİL

ABŞ siyasətində oyun qaydaları dəyişir? – TƏHLİL
  02 Mart 2016    Oxunub:8503
Amerika tarixində heç vaxt rast gəlinməyib ki, müstəqil namizəd, yaxud ənənəvi partiyalardan fərqli siyasi qüvvənin nümayəndəsi dövlət başçısı seçilsin. Zaman-zaman bir sıra siyasətçilər, hətta siyasi qruplar bu nizama qarşı çıxmaq, ənənəni pozmaq cəhdləri göstərsələr də, heç bir uğura nail ola bilməyiblər.

ABŞ-da noyabr ayında baş tutacaq prezident seçkiləri əvvəlkilərə nisbətən rəngarəngliyi və gözlənilməz nəticələrilə yadda qala bilər. Təkcə elə Donald Tramp kimi ekstravaqant milyarder-şoumenin Respublikaçılar partiyası adından namizədliyini verməsi və rəy sorğularının nəticələrinə görə digər namizədləri qabaqlaması bunu deməyə əsas verir.

Trampın nə dərəcədə qeyri-standart düşüncə tərzinə sahib olduğu barədə təsəvvürün yaranması üçün onun bir neçə sitatını misal çəkmək kifayətdir. Məsələn, prezidentliyə namizədliyini irəli sürmüş Hillari Klinton barədə deyib ki, “əgər Hillari Klinton öz ərini təmin edə bilmirsə, niyə hesab edir ki, Amerikanı təmin edə biləcək?”
Yaxud, qızı barədə “onun inanılmaz bədən quruluşu var. Əgər mənim qızım olmasaydı, onunla görüşərdim”,- demişdi.
Prezident Obamanın isə psixi cəhətdən sağlam olmadığını söyləmişdi.

Növbəti dəfə prezident seçilə bilməyəcək Obamanın rəqib partiyadan olan Donald Trampla bağlı narahatçılığı başadüşüləndir. Obama demişdi ki, Amerika xalqına inanır və əmindir ki, Tramp prezident seçilməyəcək. Çünki prezidentlik hansısa şouya aparıcılıq etmək deyil, daha ciddi bir işdir.

Deyəsən, Amerikadakı seçki marafonunun sürprizləri Trampla yekunlaşmır. Nyu-Yorkun keçmiş meri, milyarder, “Blumberg” informasiya agentliyinin sahibi, Amerika siyasi səhnəsinin ağır çəkili oyunçusu Maykl Blumberq də namizədliyinin irəli sürülməsini istisna etmədiyini bildirib. O, “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında 35,5 milyard dollarlıq varidatla on dördüncü yerdə qərarlaşıb. “Associated Press-Gfk” şirkətinin hesablamalarına görə, hazırda ölkə əhalisinin 7 faizi Blumberqə səs verməyə hazırdır, 20 faiz respondent isə onun seçkiyə qatılmasını dəstəkləyir. Seçki kampaniyasına hələ ki, başlamayan namizəd üçün bu, kifayət qədər böyük göstəricidir.

Milyarder, iş adamı Donald Tramp, ardınca iş adamı Maykl Blumberqin prezident olmaq istəyi Amerikanın biznes elitasının siyasi proseslərə birbaşa müdaxilə etmək istəyinin göstəricisidir. Başqa sözlə desək, əgər əvvəllər biznes liderləri öz maraqları üçün uyğun siyasi liderləri dəstəkləyirdilərsə, artıq özləri siyasi səhnəyə çıxaraq, siyasi ambisiyalarla çıxış etməyə başlayırlar. Bu, təbii ki, biznes-elitanın siyasətə təsir imkanlarının artmasının nəticəsidir və gələcəkdə bu təsir daha da çoxalacaq.

Budəfəki seçkilərdə olmasa da, gələcək seçkilərdə biznes-elitanın nümayəndəsi siyasi elitanın nümayəndəsini üstələyəcək, biznesin ölkə siyasətindən asılılığı azalacaq və siyasət biznesin maraqlarına uyğun aparılacaq.

12 il Nyu Yorka uğurla rəhbərlik etmiş milyarder Blumberqin prezident olma istəyinə düşməsi Amerikanın ənənəvi ikipartiyalı siyasi sistemi üçün də təhlükə yaradır. Söhbət ondan gedir ki, Blumberq kimi nüfuzlu şəxsin müstəqil namizəd kimi seçkilərə qatılması onun seçilib seçilməməsindən asılı olmayaraq, qurulmuş nizama meydan oxunması deməkdir. Bu, gələcəkdə Amerikadakı mövcud siyasi sabitliyin pozulmasına belə gətirib çıxara bilər.

Diqqəti çəkən məqamlardan biri isə Blumberqin vaxtilə respublikaçı olmasına baxmayaraq, keçmiş partiyasının namizədi Donald Trampı kəskin tənqid etməsi və ona düşmən mövqedə dayanmasıdır. Məhz bu amil Blumberqin əslində Trampı zərərsizləşdirmək üçün ortaya atılmış fiqur olması barədə ehtimal irəli sürməyə əsas yaradır.

Onların hər ikisi biznesmendir, lakin Blumberq hər mənada Trampdan bir addım öndədir. Blumberqin sonradan ortaya çıxması onu göstərir ki, Trampın uğur qazanacağını heç kim gözləmirdi. Yeni müstəqil namizədin əsas vəzifəsi isə Trampın dəstəkçilərini öz tərəfinə çəkmək və bununla da, onun namizəd kimi irəli sürülməsinə imkan verməmək olacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti