Sarqsyan `böyük qardaş`ına xəyanətə hazırdır – TƏHLİL

Sarqsyan `böyük qardaş`ına xəyanətə hazırdır – TƏHLİL
  01 Aprel 2016    Oxunub:4590
“Avrasiya İttifaqı ilə bağlı ümidlərin puç olmasından sonra Ermənistan yenidən çoxvektorlu siyasətə qayıdır. Yerevanın Çin, Avropa Birliyi və İran kimi dünya liderlərilə münasibətləri dərinləşdirmək istəyi bunu sübut edir. Rusiya-Türkiyə münaqişəsinin dərinləşməsi şəraitində bunlar tamamilə məntiqli addımlardır. İranın sanksiyalardan azad olunmasından sonra açılan perspektivlərdən yararlanmaq üçün Ermənistan hakimiyyəti təcili tədbirlər görməlidir.

Dünyanın böyük dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa çalışan Ermənistan hakimiyyəti təəssüf ki, yaxın qonşuları unudur. Aydındır ki, bəlli səbəblərdən Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması mümkün deyil, ancaq İran və Gürcüstan da var və bu dövlətlərlə münasibətlər keyfiyyətcə yeni səviyyədə qurula bilərdi. İran və Gürcüstanla bağlı bir sıra layihələr var ki, onların reallaşdırılması hakimiyyətin siyasi iradəsindən asılıdır. Amma belə bir siyasi iradəsi yoxdur. Əgər təcili tədbirlər görülməzsə, Ermənistan İran qazının Gürcüstana ötürülməsi, “Şimal-Cənub” yolunun tikintisi, Araz çayı üzərində SES-in inşası kimi layihələrdən də kənarda qalacaq. Ermənistanın İranla əməkdaşlığında passivlik nümayiş etdirməsinoin səbəbi Rusiyanın təzyiqlərilə bağlıdır. Çünki Ermənistanın İrandan qaz alması Rusiyanın maraqlarına ziddir”.


Bu fikirləri ermənistanlı politoloq, Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryan keçirdiyi mətbuat konfransı zamanı səsləndirib. Politoloqun dediyinə görə, Ermənistanın çoxvektorlu siyasi kursa keçməsi o anlama gəlir ki, Yerevan artıq Moskvanın diktəsilə qərar qəbul etmək istəmir, Kremlin hegemonluğundan imtina edir və suveren qərar verməyə can atır.



Doğrudur, bunu etmək üçün Ermənistan rəhbərliyinin nə de-yure, və də de-fakto səlahiyyətləri mövcud deyil. Belə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən strateji qaz, elektrik istehsalı və təchizatı, nəqliyyat və s. müəssisələri Rusiya şirkətlərinin monopoliyasındadır. Buna baxmayaraq, Yerevan Kremlin iradəsinin ziddinə qərar qəbul etmək fikrinə düşsə belə, Ermənistan ərazisindəki Rusiya hərbi bazasını xatırlaması onu fikrindən döndərəcək.

Bununla belə, “sahibinə xəyanət” xarakterli bəyanatlar hansısa politoloqun subyektiv düşüncəsi kimi də qələmə verilə bilərdi, əgər bir məqam olmasaydı. Söhbət ondan gedir ki, Ermənistan prezidenti Serj Sarqsyan özü də ABŞ-a “işgüzar” səfəri zamanı oxşar fikirlər səsləndirib.

“ArmeniyaToday” saytının məlumatına görə, Harvard Universitetində çıxış edən Sarqsyan qeyd edib ki, İrana qarşı sanksiyaların ləğv edilməsi ermənistanlı biznesmenlər üçün yeni imkanlar açır və Yerevan qonşu ölkələrlə bir sıra nəqliyyat və enerji layihələrini reallaşdırmağa çalışır. Ölkəsinin Putinin qurduğu Avrasiya İttifaqına qoşulması ilə bağlı Sarqsyan bildirib ki, Ermənistan sırf iqtisadi inteqrasiya və böyük bazarlara çıxış əldə etmək üçün bu addımı atıb. Onun sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü onların Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməsinə maneə yaratmır.

Ermənistan rəhbərinin bayantından belə çıxır ki, Yerevanın “Putinin İttifaqı”na qoşulması sırf ixrac bazarına çıxış əldə etmək məqsədi daşıyır və Moskva ilə siyasi bağlılığı yoxdur. Sarqsyanın Kremlin qəzəbindən qorxmadan belə bayanatlar səsləndirməsinin altında iki səbəb dayana bilər.



Birinci səbəb onunla bağlıdır ki, Yerevan artıq Rusiya ilə tərəfdaşlığın perspektivsizliyini anlayıb, mümkün Rusiya-Türkiyə müharibəsində ərazisinin münaqişə zonasına çevrilməsindən qorxur və ehtiyatla Vaşinqton tərəfə keçməyə çalışır. Yerevan da, Vaşinqton da anlayırlar ki, Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd addım atmaq iqtidarında deyil. Bununla belə, bu tip bəyanat səsləndirməklə, Sarqsyan dolayı yolla işarə edir ki, Qərbin razılığı olacağı halda “böyük qardaş”a xəyanət etməyə hazırdır. İranla əməkdaşlığı vurğulaması isə, Yerevanın ABŞ-la hansı rakursda əməkdaşlıq etməyə hazır olmasına işarədir.

İkinci səbəb isə onunla bağlı ola bilər ki, Sarqsyan öz klanının bu yolla hakimiyyətdə qalmasına çalışır. Məlumdur ki, ermənistanlı müxalifət lideri Raffi Ovanesyan da Amerikada səfərdədir və Dövlət Departamentində danışıqlar aparır. Bu fakt rəsmi Yerevanı narahat etməyə bilməz. Ovanesyanın Amerikanın dəstəyi və ssenarisi əsasında `rəngli inqilab` vasitəsilə hakimiyyəti ələ keçirməsi ehtimalı istisna olunmamalıdır. Bu halda Rusiya, Ukrayna ilə olduğu kimi, Ermənistanla da vidalaşmalı olacaq. Odur ki, Sarqsyan Rusiya ilə olduğu kimi, Qərblə də hər bir əməkdaşlığa hazır olmasını vurğulamaqla Amerikadan vaxt udmağa çalışması, hətta bu gedişləri əvvəlcədən Kremllə razılaşdırması tamamilə labüddür.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti