Mərkəzi Bank niyə valyuta bazarına əks müdaxiləyə başlayıb? - TƏHLİL

Mərkəzi Bank niyə valyuta bazarına əks müdaxiləyə başlayıb? - TƏHLİL
  07 Aprel 2016    Oxunub:4092
Mərkəzi Bankın (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatları həcmi 2016-cı il aprel ayının 1-nə 4 milyard 065 milyon 800 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 39 milyon 500 min manat və ya 0,98% çox deməkdir. Beləliklə, keçən ilin iyul ayından sonra ilk dəfədir AMB-in ehtiyatlarının inkişafında əks dinamıka qeydə alınıb.

Xatırladaq ki, 2015-ci ilin may və iyun aylarında adı çəkilən qurumun valyuta ehtiyatlarında cüzi artım müşahidə olunduqdan sonra bütövlükdə ilin II yarısı ərzində hər ay AMB-nin ehtiyatları azalmağa doğru inkişaf edib. Və bu proses cari ilin yanvar və fevralında da davam etmişdir. Odur ki, qısa desək, 8 aylıq fasilədən sonra valyuta ehtiyatları artıb.

Bəs, bu nəylə əlaqədardır və nəyin hesabına baş verib?

AMB-in mart ayı ərzində valyuta ehtiyatlarının həcmini nəhayət ki, artıracağı gözlənilən idi. Çünki ötən ay ölkənin valyuta bazarında vəziyyət sabitləşmişdir. Bundan əlavə, martda AMB keçirdiyi hərraclara tərəfindən heç bir vəsait çıxarmadı və bunu belə demək olarsa, ancaq Neft Fondu (DNF) vasitəsilə həyata keçirdi. Və bu da güman etməyə əsas verdi ki, AMB-in ehtiyatları mart ayı ərzində artmasa da hər halda azalmayacaq.

Belə ki, 4 milyard dollar AMB üçün əslində, döşəmə həddi sayılır. Ehtiyatların bundan artıq xərclənməsi adı çəkilən qurum üçün fikrimcə, valyuta bazarından geri çəkilməklə nəticələnə bilərdi. Yəni, manat indiki kimi idarəolunan deyil, tam sərbəst üzən məzənnə siyasəti üzrə buraxılmalı idi.

Məsələ ondadır ki, Fondun hərraclara çıxardığı dollar vəsaitlərinə tələbin həddindən artıq az olması səbəbindən AMB-in ehtiyatını hətta daha çox artıracağı zənn edilirdi. Yəni, hərracların nəticəsinə əsasən bu, daha çox gözlənilən idi. Belə ki, elə gün oldu ki, DNF-ın hərraca çıxardığı 100 milyon dollar vəsaitin heç 1 milyonu da belə satılmadı. Odur ki, AMB-in ehtiyatlarını hətta 100 milyon dollardan da çox artırmaq imkanına malik idi. Ancaq təkrar edirik ki, cəmi 39,5 milyon dollar artırıb.

Bunu konkret olaraq nəyin hesabına əldə etdiyini araşdırıb göstərmək niyyətində deyilik. Sadəcə olaraq, xatırlamaq istəyirii ki, AMB-nin rəsmi valyuta ehtiyatları 2014-cü ilin ortalarında hətta kəllə-çarxda olanda belə, 15 milyard dolların məhz nəyin hesabına formalaşdığı h aqda hesabat verilmirdi. Əsas odur ki, ölkənin valyuta bazarında xarici valyutaya tələb təklifdən az olsun.

Odur ki, hesab edirəm, bu tendensiya aprel ayında da davam edəcək. Çünki mart ayının tendensiyası belə qənaətə gəlməyə əsas verir ki, Neft Fondunun hərraclara çıxardığı xarici valyutanın alınması istiqamətində bilavasitə AMB tərəfindən heç bir addım atılmayıb. Xatırladım ki, Fond hərraca ona görə dollar çıxarır ki, manata konvertasiya edib, dəqiq desək əldə etdiyi xarici valyuta gəlirinin müəyyən qismini satıb, dövlət büdcəsinə nəzərdə tutulan transfertini mərhəlili olaraq həyata keçirtsin. Ölkədə ən böyük və real manat satıcısı isə aydındır ki, yalnız AMB sayılır.

Odur ki, bu ay sözügedən qurumun daha çox xarici valyuta alacağı olduqca real görünür. Təbii ki, neftin dünya bazar qiymətləri sahəsində əgər, heç bir neqativ fövqəladə hadisə baş verməsə...

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərmanına əsasən, DNF-ın 2016-cı ildə dövlət büdcəsinə transfert həcmi 7 milyard 615 milyon manat təşkil etməlidir.

Elə son məlumata əsasən, yaranmış kəskin dollarlaşma şəraitinə uyğun olaraq son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verdiyindən məzənnənin kəskin möhkəmlənməsi prosesini məhdudlaşdırmaq məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb ki, AMB 4 aprel 2016-cı ildə hərracda valyuta alışı həyata keçirərək 400 min dollar həcmində ABŞ valyutası almalı olub.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti