Qarabağ ətrafında psixoloji və informasiya savaşı – TƏHLİL

Qarabağ ətrafında psixoloji və informasiya savaşı – TƏHLİL
  20 Aprel 2016    Oxunub:6884
Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında informasiyanın xüsusi rolu var.

Hazırkı geosiyasətdə əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasını unutmamalıyıq. Əsas təsir vasitəsi mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək mümkündür. Ona görə də, münaqişənin tarixilə yanaşı, informasiya modeli, mənzərəsi və onun inkişafının informasiya bazası haqqında ayrıca geniş araşdırmaların aparılması olduqca vacibdir.

Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazası var. Etnik münaqişələrin meydana gəlməsinə nəzər salarsaq, olduqca çox oxşar cəhətlər görərik. Lakin, münaqişəyə cəlb olunan tərəflərin imkanları, coğrafi-tarixi şərait, münaqişədə maraqlı olan geosiyasi qüvvələrin müxtəlifliyi hər bir etnik münaqişənin fərqli tərəflərini üzə çıxarır. Bu baxımdan, Qarabağ münaqişəsinin digər etnik münaqişələrlə oxşar tərəfləri olduğu kimi, fərqli tərəfləri də var. Bu fərqli cəhətlərin biri də Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasına malik olmasıdır. Ona görə də bu problemin əhatəli şəkildə araşdırılması münaqişənin doğru mənzərəsini təsəvvür etməyə imkan verə bilər.

Sosialist düşərgəsinin dağılması ilə qlobal güclərin informasiya siyasətində geniş dəyişikliklər aparmasını artıq bütün dünya görüb. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalaşıb. Onlardan CNBC (1989-cu il), ВВС World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləri aydındır.

Qloballaşan dünyada informasiyanın sürətli və geniş miqyaslı yayılması zərurətə çevrilməlidir. Eyni zamanda, müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənilməlidir. Məsələn, bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiya təminatı ilə sıx bağlıdır. O cümlədən, dövlətlərlə yanaşı beynəlxalq şirkətlərin də münaqişələrin tərkibində yer alması və apardıqları fəaliyyətləri qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən birbaşa asılıdır.

Bu baxımdan, məsələnin düzgün araşdırılması ilə münaqişənin informasiya modelinin növbəti mərhələlərini proqnozlaşdırmaq və həmin mərhələyə uyğun olan informasiya siyasətini formalaşdırmaq mümkündür. Buna görə də, münaqişə məhz informasiya baxımından araşdırılarsa, onun hazırkı həllinin də hansı sferada aparılacağını proqnozlaşdırmağa imkan verər.

Bildiyimiz kimi, etnik münaqişənin ən azı iki tərəfi var. Ona görə münaqişənin də ən azı iki informasiya modeli mövcuddur. Başqa sözlə, münaqişəyə cəlb olunan tərəflərin hər biri bu münaqişəni, onun yaranma səbəblərini və həlli yollarını öz maraqlarına uyğun şəkildə görür və təqdim edir. Qarabağ müharibəsində də bu məsələ özünün dağıdıcı funksiyasını bizə göstərib. Müharibə çərçivəsində Ermənistan dəfələrlə, məsələn, Xocalı soyqırımı zamanı etdikləri vəhşilikləri dünyanın nüfuzlu informasiya agentliklərində azərbaycanlıların apardığı “vəhşilik” kimi təqdim edərək informasiyanın təxribatçı modelindən geniş istifadə edib.

Belə ki, müharibə zamanı tərəflər məsələ ilə bağlı öz baxışlarını, maraqlarını, baş verən proseslərə öz münasibətlərini formalaşdırıb cəmiyyətə təqdim edir. Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan erməni informasiya təxribatının qurbanına çevrilib. Deyək ki, Xocalı soyqırım qurbanlarını əks etdirən görüntülərin kadrlara alınması və daha sonra onun elə həmin zaman cəmiyyətə təqdim edilməsi informasiyanın əks təsirini bizə göstərdi. İnformasiyadan düzgün istifadə edilməməsi onun dağıdıcı və təxribatçı funksiyasını işə saldığı kimi, cəmiyyətin alt şüuruna da ciddi təsir etdi.

Yuxarıda qeyd edilən iki modellə yanaşı, Qarabağ münaqişəsinin üçüncü bir informasiya modeli də mövcuddur. Bu da beynəlxalq təşkilatların qərarları, böyük dövlət rəhbərlərinin bu münaqişəyə olan münasibəti, tərəfsiz beynəlxalq ekspertlərin və media vasitələrinin təsiri ilə formalaşan informasiya modelidir. Müharibənin birinci mərhələsində beynəlxalq təşkilatların qərarları nəticəsində Halqa əməliyyatı zamanı Azərbaycana qarşı aparılan kompaniyalar, böyük dövlət rəhbərlərinin münaqişəyə olan münasibəti nəticəsində ABŞ Konqresinin 907-ci düzəlişi qəbul etməsi, ermənipərəst ekspert və media agentliklərinin güclü bir şəkildə əleyhimizə işləməsi bizi hazırkı vəziyyətdə bu modelə daha çox diqqət ayırmağa istiqamətləndirməlidir. Əgər bu model uzun zaman ərzində, müəyyən vaxtda bir qədər örtülü şəkildə formalaşarsa, münaqişənin həlli üçün doğru mənzərənin yaradılmasına böyük tövhə verə bilər.



Qarabağ münaqişəsi ilə bağlı tərəflərin informasiya modeli müxtəlif inkişaf mərhələləri keçib. Hələlik bu münaqişənin informasiya modelinin üç mərhələdən keçdiyini qeyd edə bilərik.

Birinci mərhələdə münaqişənin başlanmasına ehtiyatlı yanaşma, münaqişənin əsaslandırılması, münaqişəyə ictimaiyyətin münasibətinin öyrənilməsi, münaqişə ilə bağlı ictimai rəy yaradılması daxildir.

İkinci mərhələ münaqişənin aktiv fazasıdır. Bu mərhələdə informasiya siyasəti başlıca olaraq qarşı tərəfin ictimaiyyətinə və hərbi-siyasi qurumlarına psixoloji təsir göstərilməsinə, tərəflərin mövqeyi haqqında daxili və beynəlxalq münasibətin formalaşdırılmasına, cəmiyyətin münaqişənin başa çatdırılmasına səfərbər edilməsinə, tərəflərin mövqelərinin doğruluğunun əsaslandırılmasına istiqamətlənib.

Üçüncü mərhələ münaqişənin aktiv fazasından sonrakı dövrünü əhatə edir. Bu dövrdə informasiya siyasəti başlıca olaraq münaqişənin tərəflərin maraqları nəzərə alınmaqla nəticələnməsinin, münaqişədən sonrakı vəziyyətin doğruluğunun və ya qeyri-doğruluğunun əsaslandırılmasına, beynəlxalq təşkilatlarda və dünya birliyində müvafiq maraqların qorunmasına və bunun üçün müvafiq ictimai rəyin formalaşdırılmasına istiqamətləndirilib.

Aparılan son əməliyyatlar nəticəsində birinci mərhələdə göstərildiyi kimi, ilkin olaraq münaqişə ilə bağlı ictimai rəy yaradıldı, cəmiyyət daxilində orduya inam formalaşdırldı. Əməliyyatlar aparılan müddət ərzində ikinci mərhələ uğurla həyata keçirildi. Belə ki, Madagizdə erməni komanda-qərargah məntəqəsinin dəqiq atəşlə məhv edilməsi, düşmənin illərlə fəxrlə danışdığı müdafiə istehkam qurğularının dağıdılması, o cümlədən “Ohanyan xətti” kimi əfsanələşdirilən, əslində isə erməni cəmiyyətini aldatmağa hesablanan siyasi xəttə son qoyulması Ermənistan rəhbərliyi tərkibində xaos yaratdı. Nəticədə, bu proses qarşı tərəfin ictimaiyyətinə və hərbi-siyasi qurumlarına olduqca güclü psixoloji təsir göstərdi. Əməliyyatların aparılmasından öncə və sonrakı dövr çərçivəsində beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən lazimi dəstəyin əldə edilməsi və müvafiq maraqların qorunması üçüncü mərhələnin də uğurla aparılmasına işarədir.

Qarabağ münaqişəsinin tarixini öyrənməklə belə bir qənaətə gəlmək mümkündür ki, bu münaqişənin informasiya modelinin 4-cü mərhələsi də olacaq. Çünki bu münaqişənin həlli ilə bağlı vasitəçi Minsk Qrupunun təklifləri, beynəlxalq təşkilatların qərarları və təklifləri hər iki tərəfdən eyni şəkildə qəbul edilmir. Əgər tərəflər beynəlxalq səviyyədə hazırlanmış təklifləri qəbul etməli olsalar, onda münaqişəyə cəlb olunmuş əhalinin birgə yaşayışının və ya qonşuluq şəraitində yaşayışının əsaslandırılması üçün yeni bir informasiya siyasətinin formalaşdırılmasına ehtiyac yaranacaq.

Bütün bunlarla yanaşı, münaqişənin informasiya modelinin iki mühüm aspektini də qeyd etmək lazımdır. Etiraf etmək lazımdır ki, düşməndən fərqli olaraq bir o qədər ciddi yanaşmadığımız Tarixi-mədəni aspektdə geri qalırıq. Belə ki, burada münaqişənin başlanması, tarixi-mədəni səbəblərlə göstərilməli, başqa sözlə, hər iki tərəfin informasiya siyasətində tərəflərin münaqişə ərazisində tarixən yaşadığı, münaqişə zonasına tarixən iddialı olduğu əsaslandırmalıdır. Bu baxımdan düşmən tarixi həqiqətləri təhrif edir ki, bu da bir çox informasiya və ensiklopedik mənbələrdə Azərbaycanın tarixi ərazilərinə qarşı doğru olmayan məlumatların getməsinə səbəb olur.

Hər iki tərəfin informasiya siyasətində eyni zamanda münaqişə tərəflərinin münaqişə zonasına olan iddialarının hüquqi cəhətdən əsaslandırılması isə öz əksini Hüquqi aspektdə tapıb. BMT və AŞPA nın Ermənistanın işğalçılıq siyasəti aparması haqqında verdikləıri qətnamə və bəyanatları isə hələ kağız üzərində qalsa da bu aspektdə düşməndən bir neçə addım irəlidə olmağımızı göstərir. Ümumi mənada isə, hər iki aspektin formalaşdırılması zamanı ortaya atılan məsələlərə tərəflərin öz maraqları çərçivəsində yanaşması informasiya siyasətində özünə geniş yer tapıb.

Beləliklə, informasiya vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edir. Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan qlobal güclər ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Nəticədə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin “beynini və qəlbini yumaq” mümkündür.

Müxtəlif ad altında həyata keçirilən ideoloji və informasiya təsirləri faktiki olaraq, yerli cəmiyyətlərin mədəni baxımdan “aşılanmasına” xidmət edir. Buna görə də, ilkin olaraq yüxarıda qeyd edilən model və aspektləri düzgün dəyərləndirməli münaqişə zamanı düşmənin təxribatçı informasiya maşınlarına aldanmamalıyıq. Çünki, informasiya siyasəti bütün etnik münaqişələrin istər qızışdırılması, istərsə də həlli üçün siyasətçilərin əlində ən təsirli silahlardan biridir.

Şahin Qocayev
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti