5 dövləti gözləyən faciə - `Metsamor`un təhlükəsini sübut edən FAKTLAR
Metsamor AES-in tikintisi haqda qərarı 1967-ci ildə Sovet İttifaqı rəhbərliyi qəbul edib. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə, Metsamor şəhərində yerləşən AES-in tikintisinə 1973-cü ildə başlanılıb. Birinci bloku 1976-cı, ikinci bloku isə 1980-ci ildə istismara verilib. 1983-cü ildə stansiyanın 3-cü və 4-cü bloklarının da tikintisinə başlanılıb. 1986-cı ildə Çernobılda baş verən qəzadan sonra işlər dayandırılıb.
1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi Metsamor stansiyasından 75 km. aralıda idi. Spitakdakı zəlzələ SSRİ və Ermənistan rəhbərliyini qorxutdu. Ölkənin digər rayonlarından bura qüvvə yeridildi. Stansiyanın işini dayandırmaq haqda 1989-cu il yanvarın 15-də Ermənistan qərar verir: birinci bloku tam yararsız vəziyyətə gətirilir, ikinci blok isə konservasiya edilir. Birinci blokun avadanlığı da həmin dövrdə dağıdılır və satılır. Stansiya o vaxt 48 446 milyon kv/saat gücündə enerji istehsal edirdi.
1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa edir. Stansiya bölgədə yeganə AES-dir, hər iki enerji bloku Rusiyada istehsal olunmuş VVGR-440 tipli birinci nəsil reaktorlar ilə təchiz olunub.
Hazırda stansiyanın 1-ci bloku dayandırılıb, 407,5 MVt gücündə 2-ci bloku işləyir və Ermənistanın enerji tələbatının 40 faizini ödəyir.
Təhlükə nədədir?
Metsamor AES-in region üçün təhlükə yaratdığını bir sıra alim, ekoloq, siyasətçilər dəfələrlə vurğulayıblar. Ən ciddi problem stansiyanın seysmik zonada quraşdırılmasındadır. 1988-ci ildə Ermənistanın Spitak şəhərini 7 bal gücündə zəlzələ yerlə-yeksan etdi, 25 min insan həlak oldu. Metsamor zəlzələni hiss etsə də, stansiyaya ciddi zərər dəymədi.
AES-i inşa edəndə onun 8 bal zəlzələyə davam gətirəcəyi bildirilmişdi. `Vikipedia`da isə hətta erməni mənbələri guya onun 9,5 bal zəlzələyə dözəcəyini də yazıblar. Gülməli bir rəqəmdir, çünki 9 bal zəlzələdə yer özünün formasını dəyişir və hələ dünyada 9 bala davam gətirən nəsə inşa olunmayıb. 8 bal zəlzələyə də hər tikili dözməz: gərək episentr bir qədər kənarda olsun, bir də zəlzələnin təkanları uzun sürməsin.
35 il fəaliyyət göstərən AES-in digər problemi onun köhnəliyinə bağlıdır. AES-in keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də Metsamordan radioaktiv maddələrin sızmadığına əmin olmadığını bildirmişdi. Üstəlik, stansiya qapalı şəraitdə işləyir deyə məlumatımız azdır. Doğrudur, Beynəlxalq Atom Energetikası Agentliyi burada monitorinq keçirir, vəziyyəti araşdırır, amma dünyada belə tip stansiya demək olar yoxdur.
Təhlükəsizlik standartlarını qorumaq çox çətindir. Həm Avropa Birliyi, həm ABŞ, həm də Rusiya bu stansiyanı işə salmaq, təhlükəsiz etmək üçün xeyli vəsait xərcləyib. Metsamorun təkrar işə salınmasında Rusiyanın "Rosatom" Dövlət Korporasiyasının rolu əvəzsizdir. Amma nə qədər də pul xərclənsə, təhlükəsizlik tədbiri görülsə də, stansiya çox köhnədir.
Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva AzVision.az-a bildirib ki, Metsamor AES-in reaktorunda hər hansı qəza halları baş verərsə, ilk növbədə Ermənistan ərazisi və əhalisi təsirə məruz qalacaq. Real vəziyyəti və reaktorun durumunu nəzərə almadan siyasi ambisiyaları rəhbər tutan Ermənistan prezidenti həm də öz xalqını təhlükə altında saxlayır.
Professorun sözlərinə görə, Ermənistan AES-nın yarada biləcəyi problemlər təkcə Ermənistan üçün deyil, həm də regional xarakter daşıyaraq, Azərbaycan, Türkiyə, Gürcüstan və İran dövlətlərinin ərazisini də əhatə edəcək: “Əfsuslar olsun ki, Nüvə Sammitinin iclaslarında həmin dövlət nümayəndələri tərəfindən bu məsələ qaldırılmadı. Ermənistan AES-də istənilən kateqoriyada qəza baş verərsə, qonşu dövlətlərin, o cümlədən də Azərbaycanın torpaq, su və havasının radioaktiv çirklənməsi baş verəcək. Ümid edirik ki, Qarabağ problemində müşahidə etdiyimiz ikili standartlar ömrünü başa vurmuş, köhnə texnoloji əsaslara malik, region üçün təhlükə mənbəyi olan Metsomor reaktorunun işinin dayandırılmasında tətbiq olunmayacaq. Və tezliklə BMT, onun nüvə energetikası üzrə ixtisaslaşmış qurumları Azərbaycan dövlətinin və qonşu ölkələrin nüvə təhlükəsizliyinin təminatı üzrə haqq səsinə səs verəcək”.
AES-in həmişə bir problemi var: İş prosesində yaranan radioaktiv tullantıların yerləşdirilməsi. Ermənistan kiçik ölkədir, ərazisində tullantı yerləşdirməyə, zərərsizləşdirməyə şərait yoxdur. Boynuna almasa da, bədnam qonşumuz tullantı problemini sadə yolla həll edir. Birincisi, işğal olunmuş ərazilərində yerləşdirir, bununla da ümumi radioaktiv fonu gücləndirir. İkincisi, belə tullantıları Araz və Kür çaylarına axıdır.
Professor Rəvan Mehdiyeva da deyir ki, dəyəcək ziyanın yaratdığı mənzərə Çernobıl AES-in partlayışından yaranan radioaktiv tullantıların ətraf mühitdə yaratdığı problemlərə oxşardır. Metsamor AES uzun illər işlədiyindən və istismar vaxtı başa çatdığından orada böyük həcmdə maye radioaktiv tullantılar toplanıb. AES-də 1000 MVt-dan böyük gücə malik WWR (su ilə soyudulan) tipli reaktorun bu müddət ərzində ildə min kub metrlərlə maye radioaktiv tullantılar yaratdığı ehtimal edilir:
- Azərbaycan Respublikasının prezidenti İlham Əliyev erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqların nəzarətdən uzaq olması, bu ərazilərin ermənilər tərəfindən başqa məqsədlərlə istifadəsi və radioaktiv tullantıların saxlanılması kimi məsələləri də Nüvə Sammiti iştirakçılarının nəzərinə çatdırdı. Ermənistan prezidenti bu problemə güya cavab olaraq nüvə və radioaktiv materialların dəqiq qeydiyyatının aparılması və onların Qarabağ ərazisində basdırılmasının qeyri-mümkünlüyü kimi şərh vermişdi. Lakin S.Sarkisyan üçün bu çıxışı hazırlayanların yaddaşı, görünür, çox zəifdir və yaxud da fikirləşmək istəmirlər. Son illərdə Gürcüstanla sərhəddə tutulmuş nüvə materiallarının dərin ekspertizası onların hamısının Ermənistan nüvə qurğularına məxsus olmasını göstərib. Dağlıq Qarabağ ərazisində istifadə olunmuş radioaktiv materiallar, alət və paltarların basdırılması ehtimal olunandır.
AMEA pofessorunun dediyinə görə, nüvə sammitlərinin tarixini nəzərdən keçirsək, əsas problemin zəlzələ nəticəsində AES-nın nüvə reaktorlarında baş verən qəzalar olmasını görürük. Bu problem seysmoaktiv regionlarda fəaliyyət göstərən bütün nüvə reaktorları üçün gözləniləndir. AEBA-nin keçmiş baş direktoru Məhəmməd Əl-Baradeinin 2002-ci ildə Azərbaycana səfəri zamanı prezident Heydər Əliyev seysmik zonada yerləşən Metsamor AES-in dayandırılması məsələsini qaldırmışdı. Əfsuslar ki, AEBA ekspertiza nəticəsində dünyada fəaliyyət göstərən digər WWR-tipli reaktorlar kimi, Ermənistan AES-in də ömrünün 2016-cı ilə kimi uzadılmasına razılıq verdi”.
İnstitutun direktor müavini hesab edir ki, Ermənistan dövləti hərbi, iqtisadi və siyasi məsələlərdə sərbəst olmadığına görə nüvə energetikası sahəsində də öz himayədarlarından asılıdır: “Üç il bundan əvvəl böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdilər. Layihə-smeta işləri aparıldı və nəticədə müəyyən olundu ki, bu arzuları onlara 5 milyard dollara başa gələcək. Bundan sonra müxtəlif dövlətlərə əl açdılar, son nəticədə yalnız Rusiya bu məbləğin 20-25%-i məbləğində kredit verməyə razılaşdı. Lakin illik büdcəsi 4-5 milyard dollar olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə - 2026-cı ilə yönəltdi. Son iki ildə onlar üçün daha real görünən ikinci blokun istismar müddətini uzatmaq arzusuna düşdülər. AEBA-nın hesabatı əsasında hazırlanan rekonstruksiya işlərinin layihə-smeta sənədləri üzrə də Ermənistan üçün böyük məbləğdə kapital tələb olunduğu müəyyən edildi. Azərbaycan Prezidentinin III Nüvə Sammitdə əsaslı çıxışından sonra dünya birliyinin bu dəlillərə inamından qorxan Ermənistan hökuməti 27 mart 2014-cü ildə artıq rəsmi şəkildə ikinci blokun istismar vaxtının uzadılması haqqında qərar verdi. Lakin heç fikirləşmədi ki, bununla onsuz da iqtisadi çətinlikdə yaşayan Ermənistan üçün dəhşətli təhlükə mənbəyini daha da aktiv vəziyyətə gətirmiş oldu”.
Rəvan Mehdiyeva vurğulayır ki, daha müasir reaktorlara, daha mükəmməl, zəlzələyə davamlı texnologiyalara malik Yaponiyanın 2 reaktoru zəlzələ, sunami zərbəsinə davam gətirə bilmədi. Əgər Ermənistan AES-nın reaktorlarının davamlığına dair belə inam var idisə, niyə Spitak zəlzələsindən sonra SSRİ-də reaktorun fəaliyətinin 9 illik dayandırılması haqqında 06.01.1989-cu il tarixli qərar verildi? Hər iki blok 1989-cu ilin fevral-mart aylarında dayandırıldı. 05.11.1995-ci ildə yalnız ikinci blok işə düşdü. Deməli, o dövrdə dünyanın ən qüdrətli nüvə ölkəsi olan Sovetlər Birliyində bu reaktorların seysmik davamlığına inam yox idi. Məhz bu səbəbdən də altı il davam edən rekonstruksiyadan sonra ikinci blok işə salındı və birinci blok isə həmişəlik dayandırıldı.
Gültəkin Ələsgər
AzVision.az