Neft niyə bahalaşır: səbəb və səbəbkar kimdir? - TƏHLİL

Neft niyə bahalaşır: səbəb və səbəbkar kimdir? - TƏHLİL
  28 May 2016    Oxunub:27301
Nefin qiymətinin uzun müddətdir (2014-cü ilin iyun ayından) ucuzlaşmasının bilavasitə Səudiyyə Ərəbistanın "işi olduğunu" dəfələrlə eşitmişik. Bunu, Ər-Riyadın qiymətlərin düşməsinə rəğmən hasilatı azaltmaması, əksinə, artırması da deməyə əsas verirdi. OPEC-in 2014-cü ilin noyabr ayındakı iclasını xatırlamaq kifayətdir. Məhz həmin iclasın nəticəsinə əsasən artıq, məlum idi ki, “bu xəmir hələ, çox su aparacaq”. Belə ki, neftin budəfəki ucuzlaşması uzun çəkəcək.

Həqiqətən belə oldu. Düzdür, ötən müddət ərzində ara-sıra cüzi bahalaşmalar baş verdi. Ancaq heç biri davamlı xarakter daşımadı, ucuzlaşma davam etdi. Və buna görə də, sözügedən tendensiya bu qədər söhbət mövzusuna çevrildi... Belə ki, son 40 ilin ərzində neftin qiymət dinamikasına diqqət yetirsək, dünya bazarlarında dəfələrlə mərhələli olaraq həm ucuzlaşma, həm də yenidən bahalaşma hallarının baş verdiyini görərik. Amma bunların heç biri belə uzunmüddətli xarakter daşımayıb...

Məqsəd guya, Amerikada slans hasilatını "məhv etmək" idi. Düzdür, bunda həqiqət vardı.

Lakin dünya bazarlarında son vaxtlar müşahidə olunan tendensiya bir daha əyani göstərdi ki, neftin qiyməti bilavasitə ABŞ-ın "əlindədir". Və 2014-cü ilin iyun ayından bəri ucuzlaşmada Amerika özü maraqlı idi. Əks təqdirdə, qiymətləri 30 dollaradək və bundan da aşağı salmağa təkcə, Ər-Riyadın gücü əsla, çata bilməzdi.

Təbii ki, bu proses nə vaxtsa dayanmalı və dalana dirənməli idi. Çünki bu cür uzunmüddətli ucuzlaşma sırf iqtisadi amillərə əsaslana bilməzdi. Adi məntiq var ki, bir məhsulun qiyməti əgər düşürsə, deməli ona tələbat azalır və odur ki, avtomatik təklif də endirilməlidir. Tələbin enməsi isə uzunmüddətli xarakter alıbsa, istehsal ümumiyyətlə dayandırılmalıdır.

Amma biz, nə görürdük? Neftin qiyməti düşür, hasilat isə azaldılmırdı. Hətta, artırılırdı... Demək ki, məqsəd qiyməti aşağı salmaqdan ibarət idi. Və buna da nail olunurdu. Sual yaranırdı ki, burada hansı iqtisadi əsasdan söhbət gedə bilərdi? Şübhəsiz ki, heç bir... Ancaq bu, nə qədər davam edə bilərdi?! Əlbəttə ki, uzun deyil...

Hazırda qiymətlər qalxmaqdadır. Brent 50 ABŞ dolları civarındadır. Cari il üçün neftin qiyməti "avtopilot rejimdə" məhz, bu ətrafda olmalıdır... Bəs, qiymətlər niyə qalxdı?! Nə baş verdi ki, ABŞ marağından geri çəkildi? Səudiyyə Ərəbistanı qiymətlərin yüksəlməsi qarşısını niyə ala bilmir?!

Məsələ bundadır ki, nefti ucuzlaşdırmaqda Amerikanın marağı tam olaraq siyasi xarakter daşıyırdı. Bu isə o demək idi ki, həmin maraqlar iqtisadi baxımdan nə vaxtsa istər-istəməz ABŞ-ın öz əleyhinə işləməli idi. Xatırladım ki, bu haqda hələ keçən ilin birinci yarısında söyləmişdim. Bir daha təkrar edirəm ki, neftin qiyməti o vaxtdan etibarən ucuzlaşmağa başladı ki, həm də ABŞ-da FES rəhbərliyi "kəmiyyət yumşaldılması" siyasətini sona çatdırmaq üzrə olduğunu bəyan etdi. Yəni, dünyada dolların möhkəmləndirilməsinə start verdi. Bu, neftin qiymətinə ilk zərbə oldu.

Sonrakı dövrdə zərbələrisə FES-in hər növbəti iclas ərəfəsində baza faiz dərəcəsini artıracağı haqda anons irəli sürməsi, real olaraqsa onu həyata keçirməməsi təşkil etdi ki, hər belə açıqlama və bəyanatlar nəticəsində psixoloji təsirlər yaranmaqla dolların möhkəmlənməsi sürətləndi, buna müvafiq olaraq da neft ucuzlaşmaqda davam etdi.

Sözügedən addımı isə, FES nəhayət, keçən ilin dekabrında atdı. Yəni ki, ABŞ valyutası onsuz da möhkəm idi, bununla daha da möhkəmləndi. Xatırladaq ki, FES-in baza faiz dərəcəsini 2015-ci ilin dekabrında artırmaq haqda qərarı 2006-cı ildən sonra ilk anoloji qərar idi. Sonuncu dəfə dərəcə 9 il bundan qabaq – 2006-cı ilin ortalarında artırılmışdı. 2008-ci ildəki böhran zamanı isə FES sözügedən göstəricini 0-0,25 %-ə qədər azaltmışdı. Doğrudur, bu, müvəqqəti olaraq qəbul edilmişdi. Ancaq 0-0,25 % dərəcəsi 7 il idi ki, qüvvədə qalırdı.

Lakin, FES son 10 ilə yaxın bir müddət ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini keçən ilin dekabr ayında 0,25 % qaldırmaqla dünya iqtisasiyyatı və maliyyə bazarları üçün 2 mühüm və vacib siqnal verdi. Birincisi o idi ki, dünyanın bir mömrəli iqtisadi gücünə malik ölkəsi iqtisadi böhrandan artıq, çıxıb, ikincisi və ən mühümüsə faiz dərəcəsini qaldırmaq məqamı yetişmiş olsa da, bunu əhəmiyyətli səviyyədə etmək hələ tezdir...

Bax, elə sonuncunun nə qədər həqiqətə uyğun olduğu özünü dərhal onda göstərdi ki, FES-in sözügedən qərarından sonra dünyanın maliyyə bazarları az qaldı ki çöksün və neftin qiyməti də 40 dolları "deşib" keçərək, bir ara 30 dollardan da aşağı düşdü. Və bütün bunların nəticəsində də Amerika iqtisadiyyatının özündə də pozitiv meyllər yavaşımağa başladı ki, yeni başlanmış bərpa tendensiyası dayanmaq təhlükəsiylə üz-üzə qaldı...

Digər tərəfdən, hazırda bütün dünya üzrə neft sənayesi ağır böhran vəziyyətindədir. İnvestisiya xərcləri səngidiyindən hasilat əksər ölkələrdə obyektiv olaraq azalmışdır. ABŞ-da qazma qurğularının sayı hər həftə bir neçə sayda enir. Slans neft hasilatı bankrot həddindədir. Ümumiyyətlə, adı çəkilən ölkədə gündəlik neft hasilatı son illərin ən minimum səviyyəsinə çatıb. Üstəgəl, başqa neft hasilatçısı olan ölkələrdə isə yanğın, təbii fəlakət, silahlı insident və bu kimi digər subyektiv xarakterli səbəblər də təklifi aşağı salmaqdadır.

Ancaq, bunlar qədər də vacib bir amil də var. O da bundan ibarətdir ki, qarşıdan iyun gəlir... Yəni ki, il yarılanır. FES rəhbərliyi dekabrda 0,25 %-lik artım qərarından sonra 2016-cı ildə 4 sayda belə qərar qəbul olunacağını bəyan etmişdi. Ancaq məlum olduğu kimi nə martda, nə də apreldə heç bir qərar qəbul edilmədi, daha doğrusu oluna bilmədi. Amma il ərzində azı 1 dəfə də varsa qəbul olunacaq. Odur ki, bunun üçün nə etmək lazımdır?! Bazarlarda vəziyyəti və qiymətləri sabitləşdirmək! Belə ki, dollar növbəti dəfə möhkəmlənməyə başlayarkən, neft 40 dollardan çox da aşağı düşməli deyil!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti