Oyun iqtisadiyyatı: Qonşulara uduzuruq – ARAŞDIRMA

Oyun iqtisadiyyatı: Qonşulara uduzuruq – ARAŞDIRMA
  31 May 2016    Oxunub:7874
Kompüter oyunlarınə sadəcə əyləncə hesab edənlər ciddi yanılırlar. Onların siyasi, mədəni, ideoloji, hətta iqtisadi tərəfləri də var. Bir çox ölkələrdə oturuşmuş oyun sənayesi mövcuddur və bu, İKT-nin böyük qazanc gətirən sektorudur.

Dünya IT bazarında "oyun iqtisadiyyatı" deyilən ayırca bir sfera formalaşıb. Dövlətlər və ayrı-ayrı investorlar bu sahəyə kapital yatırırlar. 2013-cü ildə 93 milyardlıq maliyyə dövriyyəsinə sahib olan oyun bazarı 2015-ci ildə 111 milyard dollara qədər yüksəlib. Ən maraqlısı isə budur ki, cəmi 40 illik inkişaf yolu keçən oyun sektoru artıq 100 ildən yaşı olan Hollivudu geridə buraxıb.

Azərbaycanın oyun bazarı çox zəifdir, daxili bazarın 90%-dən çoxunu pirat oyun diskləri təşkil edir. Milli oyunlar isə yox dərəcəsindədir. Bura investiyasiya yatırmaq istəyən də yoxdur. Lakin qonşu ölkələrdə vəziyyət tamamilə fərqlidir.

Kompüter oyunlarından ən çox pul qazanan 16 ölkə arasında Türkiyə də var. Hollandiyanın "Newzoo" araşdırma şirkətinin açıqladığı rəqəmlərə görə, Türkiyə 464 milyon dollarlıq gəlirlə dünya üzrə Tayvandan (767.272.000 dollar) sonra 16-cı sırada gəlir. Ümumiyyətlə isə dünyada kompüter oyunları sektorunda 3 lider ölkə var: 22, 2 milyard dollar qazancla Çin, 22 milyard dollarla ABŞ və 12,3 milyard dollarla Yaponiya.



Türkiyədə bilgisayar oyunları bazarı hər il 20% böyüməkdədir. Buna görə Avropa və Uzaq Şərq ölkələrinin oyun transkorparasiyaları Türkiyəyə maraq göstərməyə başlayıblar. Fürsətdən yararlanmağa çalışan ABŞ-ın "Riot Games", Almaniyanın "Crytek" şirkətləri artıq Türkiyə bazarına daxil olublar.

Almaniyanın "Crytek" oyun şirkəti Türkiyə bazarından sonra əlavə olaraq, Orta Şərq ölkələrinə girmək üçün 30 milyon avro sərmayə yatırır. Türkiyədə oyun həvəskarları buna ildə 400-500 milyon dollar xərcləyirlər. 2012-ci ildən başlayaraq hətta Türkiyənin Bahçeşehir universiteti "kompüter oyun mühəndisi" üzrə magistr təhsili də verir.

Türkiyənin Sənaye Nazirliyinin 2015-2018-ci illəri əhatə edən "informasiya cəmiyyəti və fəaliyyət planı" adlı strategiyasında kompüter oyunları sənayesinə xüsusi diqqət ayrılıb. 2012-ci ildə Türkiyə rəqəmsal oyun bazarı 300 milyon dolları keçdiyi bildirilir.

İranda da kompüter oyunları sənayesi sürətlə inkişaf edərək, dünya bazarına çıxıb. İranın "Kompüter oyunları milli fondunu"nun rəhbəri Bəhruz Minayi bildirir ki, ölkəsi həmin sferada önəmli addımlar atıb. 2011-ci ildə Almaniyada keçirilən "Games Com" sərgisində İranda yaradılan çoxlu kompüter oyunları dünyaca məşhur oyun korparasiyaları tərəfindən bəyənilib və onlar İranla yaxından maraqlanmağa başlayıblar.



Niyə İran qısa müddətə belə bir uğur qazandı? Çünki İranlı mütəxəssislər oyun yaradarkən ən son texnologiyalardan yararlanırlar. Ölkənin dünya miqyasında tanınan 10-a yaxın oyun firması var ki, onların da işçi heyətlərində iranlı gənclər çalışır. İran oyunlarının əsas özəlliyi isə oyunlarda zorakılığa, çirkinliyə, negativ psixoloji məqamlara yer ayırmamasıdır.

Ermənistan da öz növbəsində oyun iqtisadiyyatında müəyyən addımlar ata bilib. 2012-ci ildən bu yana "Kompüter oyunları çempionatı"na üç dəfə ev sahibliyi edib. Çempionata "Sourcio", "Teoken", "Tx Systems", "Triada" və "Microsoft-RA" kimi şirkətlər dəstək verirlər.

Gürcüstanın da oyun marketinqi tədricən inkişaf etməkdədir. Bu yöndə xüsusi çalışmalar başladan "Georgian Game Developers Association" (GGDA) ekspertlərdən ibarət birliklər yaradıb. Həmin assosiyada investorlar, video oyunlar üzrə kadrlar toplaşıb və sırf Gürcüstana məxsus oyunların yaradılması üçün xarici ölkələrlə sıx əməkdaşlıq edirlər. Yerli sahibkarlar bu sahədə çalışan gənclərə dəstək olurlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti