Dövlət güzəştlər edir, sahibkarlar da məsuliyyətli olmalıdırlar – TƏHLİL

Dövlət güzəştlər edir, sahibkarlar da məsuliyyətli olmalıdırlar – TƏHLİL
  04 İyun 2016    Oxunub:3613
Ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi üçün keçən ildən başlanılan tədbirlər planı davam etdirilir. Buraya yoxlamaların dayandırılması, bir sıra vergi və rüsumların ödənilməsi proseduraları, habelə müxtəlif icazə xarakterli sistemlərin sadələşdirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və sair daxildir.

Xatırladaq ki, dövlət başçımız mayın əvvəlində Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edərkən çıxışında qeyd etdi ki, ümumiyyətlə, Azərbaycanda sərmayə qoymaq istəyən xarici şirkətlər qarşısında maneələr, biznes mühitində vəziyyət, gömrük qaydaları, vergilər, xarici və yerli şirkətlərin kapitalı üçün sədlər kimi problemlər ilə bağlı ciddi qərarlar qəbul edilib ki, bunlar artıq, öz effektini göstərməkdədir.

Bundan bir ay öncə - aprelin 12-də isə Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdəsə qonaqlar tərəfdən dövlət başçımızın nəzərinə bir məsələ də çatdırılmışdı. Belə ki, Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynadığından bunun üçün cinayət məsuliyyəti yarandığına toxunulmuşdu. Və bu məbləğin artırılması təklif edilmişdi.

Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da şəxsi mülahizəyə əsasən, bu məbləği aşan sahibkarlar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb olunurdular.

Dövlət başçısı isə buna cavabda qeyd etmişdi ki, Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində iş aparmaq lazımdır. “Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm”,– deyə, Prezident İlham Əliyev bildirmişdi.

Beləliklə də, dövlət başçısı mayın 20-də imzaladığı müvafiq sərəncam ilə Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləməklə sahibkarlığın inkişafına dair daha bir töhfə verdi.

Yəni, bununla, daha dəqiq desək, bu ayın 1-dən ölkədə bir növ növbəti iqtisadi amnistiya elan olunmuşdur. Belə ki, sözügedən dəyişikliyə əsasən ölkədə qanunsuz sahibkarlıqla məşğul olan şəxslər artıq, cərimə ödəməklə məsuliyyətdən azad oluna biləcəklər. Bu da olduqca mühüm güzəştdir.

Ancaq sual yaranır: bəs, bunun müsbət və mənfi tərəfləri hansılardır? Ümumiyyətlə, bu addımı atmağa nə dərəcədə ehtiyac var idi?

Məsələ bundadır ki, istər iqtisadi, istərsə də maliyyə amnistisiyası və bir sıra bu kimi tədbirlər bilavasitə sahibkarlığı inkişaf etdirmək, həmçinin iqtisadiyyata maliyyə axını təmin etmək, iqtisadi aktivliyi canlandırmaq və genişləndirmək məqsədi daşıyır.

Düzdür, bu cür addımlar və qərarlar adətən, böhranlı vaxtlarda atılır və qəbul edilir. Ancaq, bir iqtisadçı olaraq demək istərdim ki, Prezident İlham Əliyev tərəfdən mayın 20-də imzalanan sərəncam ilə Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqlənməklə qanunsuz sahibkarlıqla məşğul olan şəxslərin cərimə ödəməklə cinayət məsuliyyətindən azad olunacaqlarına dair iyunun 1-dən etibarən işə düşən mexanizm heç də məhz sırf yaranmış yeni iqtisadi situasiya və tələblərlə əlaqədar deyil.

Düzdür, bu tədbir və addımı da ölkədə yuxarıda qeyd etdiyimiz kimi keçən ildən başlanılan və cari ilin əvvəlindən daha geniş miqyasda davam etdirilən sahibkarlığı inkişaf etdirmək və genişləndirmək, iqtisadi canlanma yaratmaq məqsədilə həyata keçirilən kompleks siyasətin tərkib hissəsi saymaq olar və lazımdır.

Lakin, bəzi cəza tədbirləri mütləq dəyişdirilməli idi. Yəni, dövlət başçımız da qeyd etdiyi kimi dekriminalizasiyası üzrə iş həqiqətən həyata keçirilməli idi. Çünki, bir çox şərtlər və tələblər dəyişmişdir. Məsələn, 2000 manata görə, cinayət məsuliyyətinə cəletmə həqiqətən artıq, heç bir məntiqə sığmırdı. Bu, 10-15 il öncə ola bilsin müəyyən dərəcədə əhəmiyyətli məbləğ idi. Yeri gəlmişkən, Cinayət Məcəlləsi özü 16 il bundan öncə qəbul edilib. Sözümüz bunda deyil.

Ancaq, bu gün 2000 məbləğində vəsait üstündə cinayətə cəlb etmə, elə bəri başdan, sahibkarlıqla məşğul olmamaq üçün zəmin yaradırdı. Odur ki, sözügedən amnistisiyanın tədbiqi sahibkarlıqla məşğul olmaq istəyənlərə əlavə inam bəxş edəcək.

Məsələnin mənfi tərəfinə gəldikdə isə qeyd etmək lazımdır ki, ancaq bu, sui-istifadə hallarına yol açmalı da deyil. Dəfələrlə yazdığımız kimi sahibkarlıq fəaliyyəti elə bir sahədir ki, orada hər cür geniş imkanlar və şərait yaradılsa belə, vergi və rüsumlar yenə heç bir halda könül xoşluğu ilə ödənilməyəcək.

Bunun üçün yüksək vergi mədəniyyəti mövcud olmalıdır. Dünya təcrübəsi də belə deyir. Yəni, demək istədiyimiz budur ki, cinayət məsuliyyətinə cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün əsas yaradıldığı demək deyildir. Sadəcə olaraq, obyektiv səbəblərə görə ortaya çıxa biləcək bu kimi hallara əsasən, sahibkarın fəaliyyətini dayandırmaması üçündür. Məsələyə bax, məhz bu prizmadan yanaşmaq lazımdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti