`Reportyor`larla sərhədsiz oyunlar - TƏHLİL

`Reportyor`larla sərhədsiz oyunlar - TƏHLİL
  08 İyun 2016    Oxunub:5170
Prezident İlham Əliyev Almaniyaya getməmişdən bir gün öncə həmin ölkənin parlamentini sərt tənqid etmişdi. Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla birgə keçirdiyi mətbuat konfransında dövlət başçısı bildirmişdi ki, Bundestaqın “erməni soyqırımı”nı tanımaqla bağlı qərarı siyasi sifarişdir.

- Bu qərarın siyasi tərəfləri var. Çox güman ki, Türkiyəni nəyəsə məcbur etmək və siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir. Böyük dövlətlərin əlində alətə çevrilib,- deyən İlham Əliyev Almaniya parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməni də xatırlatmışdı.

Bu – yəni bir gün sonra səfərə gedəcəyi ölkəni tənqid etmək çox cəsarətli bir addım idi. Və proqnozlaşdırmaq olardı ki, bu addımdan sonra tənqid etdiyi qüvvələr İlham Əliyevin Almaniya səfərində hansısa xoşagəlməz bir hadisənin baş verməsinə çalışacaqlar. Həmin hadisə ermənilərlə `Sərhədsiz reportyorlar`ın bir yerdə Azərbaycan prezidentinə qarşı etiraz aksiyası keçirmələri oldu. (`Ermənilər` deyəndə biz azərbaycanlı soyadından hələ ki imtina etməmiş iki ermənini də nəzərdə tuturuq.)

Ermənilər aydındır. Amma “Sərhədsiz reportyorlar” niyə? Məntiqlə yanaşanda, bu qurum bir qədər öncə Xədicə İsmayılın azadlığa buraxılmasını nəzərə alaraq, Azərbaycana etiraz yox, təşəkkür etməli idi. Hər halda, qəribədir: ölkədə jurnalist azadlığa buraxılır, əvəzində guya media azadlığını müdafiə edənlər həmin ölkənin rəhbərinə qarşı etiraz aksiyası keçirirlər...

Bu məntiqsizlik (daha dəqiqi, həm də bu məntiqsizlik) `Sərhədsiz Reportyorlar`ın sifarişlə aksiya keçirdiyini göstərir. Sifarişin kimə məxsus olması isə sirr deyil.

1985-ci ildə Fransada (Monpelye) yaradılan “Sərhədsiz Reportyorlar” formal olaraq QHT sayılsa da, əslində tam şəkildə belə deyil. Onun büdcəsinin bir hissəsini Fransa hökuməti, bir hissəsini isə ABŞ hökumətinin siyasətini yürüdən təşkilatlar ödəyirlər – məsələn, Sorosun Açıq Cəmiyyət İnstitutu və Azərbaycanda kifayət qədər məşhur olan NED kimi (National Endowment for Democracy). Yada salaq ki, NED 3 il öncə Azərbaycanda radikal siyasi qruplaşmaları gizli maliyyələşdirməsi ilə böyük qalmaqala səbəb olmuşdu.

`Sərhədsiz Reportyorlar`ın NED-dən pul alması gizli məlumat deyil, bunu təşkilatı yaradan və 20 il ərzində baş katibi olan Rober Menar da açıq etiraf edib (Robert Ménard, «Forum de discussion avec Robert Ménard», Le Nouvel Observateur, 18 de abril de 2005).

NED-in və “Sərhədsiz Reportyorlar”ın fəaliyyəti arasında belə bir korellyasiyanı görmək çətin deyil: NED hansı ölkədə müxalifəti maliyyələşdirirsə, SR da həmin ölkədə söz azadlığını pisləyir. Bu qurum bir növ NED-in jurnalistikaya uzantısıdır. Onun nəzərində `söz azadlığı` - NED-in maliyyələşdirdiyi radikal qruplara meydan vermək deməkdir. Bu olmayan ölkədə söz azadlığı da yox sayılır.

Almaniyalı jurnalist Folker Broytiqam yazır ki, nəyə görəsə, “Sərhədsiz Reportyorlar” ancaq ABŞ-ın istədiyini etməyən dövlətləri tənqid edir, Vaşinqtonun sözünə baxan ölkələri isə heç yada salmırlar. Məsələn, Səudiyyə Ərəbistanı və Filippin kimi - baxmayaraq ki, orada media azadlığından danışmaq belə, mümkün deyil. Bundan başqa, ABŞ-ın və Qərbi Avropa ölkələrinin media azadlığına da real qiymət verilmir. Bu, “Sərhədsiz Reportyorlar”ın sadəcə bir siyasi alət olduğunu təsdiqləyir.

Qeyd edək ki, “Sərhədsiz Reportyar”ların daim tənqid etdiyi Venesuela, Kuba kimi ölkələr təşkilatın ABŞ-ın xarici kəşfiyyat orqanı olan CİA ilə sıx əməkdaşlığını tez-tez vurğulayırlar. “Reportyorlar” özləri bu ittihamları qəbul etməsələr də, ABŞ Dövlət Departamenti ilə əlaqələrini gizlətmirlər. Belə ki, təşkilatın maliyyəsinin bir qismi də Departamentin nəzarətində olan “Azad Kuba Mərkəzi”ndən (Center for a Free Cuba) gəlir.

Biz bir qədər əvvəl dərc etdiyimiz təhlil yazısında göstərirdik ki, Alman Bundestaqının qəbul etdiyi “erməni soyqırımı” layihəsi əslində bu ölkənin maraqlarına ziddir və onu ABŞ-ın nəzarətində olan siyasi qüvvələr (Cem Özdemir başda olmaqla) ərsəyə gətiriblər. Bu halda hər şey öz məntiqi yerini alır.

“Sərhədsiz Reportyor”ların əslində hansı sərhədlər daxilində fəaliyyət göstərdiyini nəzərə alanda, o da tamamilə aydınlaşır ki, niyə onlar məhz ermənilərlə eyni vaxtda, eyni yerdə aksiya təşkil eləmişdilər və Azərbaycandan olan iki siyasi oyuncağı hansı əllər aparıb o aksiyaya qoşmuşdu.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti