Qobl planı və Qafqazda ABŞ infiltrasiyası - ARAŞDIRMA

Qobl planı və Qafqazda ABŞ infiltrasiyası - ARAŞDIRMA
  08 İyul 2016    Oxunub:11653
Soyuq müharibədə Sovet İttifaqının məğlubiyyəti və onun dağılmasından sonra, post-sovet ölkələrinin problemlərinin həlli ilə bağlı məsələlər obyektiv olaraq politoloq və tarixçilər tərəfindən təhlil edilməlidir. Həmin ölkələr arasında ikitərəfli münasibətlər, inteqrasiya prosesləri, MDB daxilində millətlərarası və dinlərarası münaqişələrin, mövcud ideoloji və siyasi tendensiyalara əsasən, səbəb-nəticə əlaqələrini müəyyən etməli, mübahisəli və mürəkkəb məsələləri obyektiv şəkildə qiymətləndirməliyik.

Hazırda post-sovet məkanında ərazi münaqişələri var, əgər konstruktiv həllər olmasa bunun nəticəsi müharibələrə gətirib çıxaracaq. Həmin münaqişələr fonunda Qarabağ münaqişəsinin həm regional, həm də etnik baxımdan özünəməxsusluğu var. Belə ki, SSRİ-nin çökməsilə münaqişə daha da dərinləşdi və genişmiqyaslı müharibəyə çevrildi. Müharibənin başlanması ilə dərhal onun həll edilməsinə birbaşa ABŞ, Rusiya, digər regional güclər və beynəlxalq təşkilatlar qatıldı.

İndiyədək Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqazın demokratik vəziyyətinə və iqtisadi inkişafına ciddi şəkildə təsir göstərir. Azərbaycan və Ermənistan arasında baş verən müharibə sonrası ölkələr fərqli inkişaf mərhələsinə qədəm qoyub. Ermənistan iqtisadi baxımdan zəifləyib, faktik olaraq Rusiyanın oyuncağına çevrilib. Azərbaycan isə işğal faktoruna baxmayaraq, əksinə, hərbi və iqtisadi cəhətdən güclənərək regionun liderinə çevrilməyi bacarıb.



Qeyd etmək lazımdır ki, biz Qarabağ münaqişəsini yalnız Sovet sisteminin qalığı olaraq dəyərləndirməməli, hazırda qlobal sistemin regionu yenidən şəkilləndirməsi fonunda onun həllini təhlil etməliyik. Belə ki, ilkin olaraq münaqişə Sovetlərin dağılması çərçivəsində Qərbə sərf etsə də, münaqişənin uzanması və onun müharibə ilə əvəzlənməsi böyük ölçülü enerji layihələrinin dayanmasına səbəb oldu. Müharibənin bu üzü layihələri gecikdirsə də, digər üzü yaranan münaqişədən ölkələrə qarşı istifadəyə, yəni açıq desək Azərbaycandan daha çox enerji payının alınmasına gətirib çıxardı. Bu baxımdan, kiçik detalları nəzərə almasaq, münaqişə Qərbə sərf edirdi. Və təbii ki, Qərbin regiona hərtərəfli nüfuz etməsinin qarşısını almaq üçün Rusiya da münaqişənin qabardılmasına, nəticə etibarı ilə “dondurulmasına” çalışırdı.

Lakin bir yerə qədər. Yəni, müəyyən stansiyadan sonra, ya qatarın özünü, ya da maşinisti dəyişmək lazımdır. Maşinist bu münaqişəni istiqamətləndirən sistemlər, qatarın özü region ölkələri, qatarın daxilindəkilər isə onun sakit şəkildə stansiyaya çatacağını gözləyən region sakinləridir. Artıq vaxt keçir, ya qatarı dəyişməli, ya partlatmalı, ya da sakit şəkildə insanları illərdir necə idarə edirlərsə elə də etməli. Maşinist heç vaxt dəyişməyəcək. Qatarı dəyişmək üçün isə, ilk növbədə onun bir neçə vaqonunu partladıb sonra dəyişəcəklər. Partlayan “vaqon” Yaxın Şərq, bir neçə vaqon “Böyük Yaxın Şərq”dir.

4 noyabr 2008-ci il. Demokratların namizədi Barak Obamanın prezident seçilməsindən sonra, post-sovet dövründən ruslara miras qalan regionlar bir-birinin ardınca tərk-silah edilir, “ərəb bahar”nın əsas hədəfi kimi növbə Suriya və İrana çatırdı. Suriyada baş verən prosesləri diqqətlə izləyən rəsmi Moskva, hədəfin daha sonra İrana çatacağı təqdirdə keçmiş sovet ideologiyasından məcburən uzaqlaşacağını yaxşı dərk edirdi. Bu səbəbdən qismən də olsa “ərəb bahar”nın Suriyada dayanmasına nail oldu.



Lakin, layihənin icrasına nəzər salsaq həqiqətən də görərik ki, ABŞ Rusiya-Ermənistan-İran-Suriya xəttinin, belə deyək Rusiyanın alt qurşağının kəsilməsində israrlıdır. Bu baxımdan, məsələnin əsas istiqamətlərindən biri İran-Ermənistan sərhəd xəttinin uzunluğu məsələsidir. Qarabağın işğal edilməsindən sonra bu zolağın daha da genişlənməsini nəzərə alarsaq, regionda ABŞ-ın hansı müstəvidə fəaliyyət apardığını da müəyyən edərik. Belə ki, araşdırmalara görə, ABŞ hələ 90-cı illərdə Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Rusiyanın Ermənistan üzərindən İran və Suriyaya çıxışını məhdudlaşdırmağa çalışıb. Vaşinqton yenicə formalaşan Cənubi Qafqaz ölkələrində Rusiya müdaxiləsinə qarşı çıxır, Rusiya isə özünün hesab etdiyi ərazilərdə ABŞ faktorunun qarşısını almağa çalışırdı. Tərəflər arasında mübarizə, müharibə zamanı münaqişənin nizamlanması çərçivəsində aparılan vasitəçilik missiyalarında özünü açıq-aşkar göstərib. Məhz, 1992-ci ildə Vaşinqton və Moskva arasındakı münasibətlərin ən yüksək həddə çatması, o cümlədən vasitəçilik missiyasının da həmin ildə aktivləşməsi bu mübarizəni daha da dərinləşdirdi.

Beləliklə, Qarabağ müharibəsi ABŞ-ın Cənubi Qafqaz ölkələrinə müdaxiləsi üçün gözəl fürsətə çevrildi. 1993-cü ildən Amerikanın xarici siyasət strategiyasında, bütünlükdə iki aydın istiqamət seçilirdi:

•Moskvanın oriyentasiyasından birtərəfli şəkildə imtina etmək;
•MDB, Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi-siyasi həyatına aktiv şəkildə daxil olmaq;


Ümumiyyətlə, Ağ Ev Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında əlaqələrini gücləndirir, o cümlədən transmilli neft korporasiyaları vasitəsilə öz maraqlarını göstərirdi. Bu münasibətlə, Qara və Xəzər dənizlərində neft inhisarının durmadan genişləndirilməsi, Azərbaycan və Qazaxıstan neftinin Rusiya boru kəmərləri vasitəsilə nəqli barədə öncədən razılaşdırılan planların həyata keçirilməsinin qarşısını amaq üçün, Vaşinqton NATO müttəfiqlərindən istifadə edərək regiona daxil olmağa çalışırdı.

Buna baxmayaraq, ABŞ-ın regionda bir-birinə ziddiyyət təşkil edən maraqları vardı. Vaşinqton bir tərəfdən Gürcüstan və Azərbaycanın Rusiyadan daha müstəqil siyasət aparma cəhdini dəstəkləyir və Azərbaycana ABŞ neft şirkətlərinin potensial sərmayə məkanı kimi baxırdı. Digər tərəfdən, Konqresdə Bob Doul kimi görkəmli siyasətçilərin dəstəyini qazanan güclü erməni lobbisinin kifayət qədər böyük nüfuza malik olması və konqresdə daim Ermənistana iri maliyyə yardımlarının ayrılması onun Qafqaz siyasətində Moskva kimi ikibaşlı siyasət aparmasını göstərirdi. Belə ki, 1992-ci il oktyabrın 24-də, ABŞ-da keçirilən seçki kampaniyasının ən qızğın çağında erməni lobbisinin Konqresdə “Azadlığa Dəstək Aktına” 907- ci düzəlişi qəbul etdirməsi (2002-ci ildə ləğv edilib) uzun illər ərzində ABŞ-ın xarici siyasətinin daxili siyasət əsasında formalaşmasının əsas göstəricisi idi.



907-ci düzəlişin qəbul edilməsilə yanaşı, ABŞ məqsədlərinə çatmaq üçün Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı tərəflərə təklif etdiyi layihələr fonunda aktiv fəaliyyətlər aparmağa başladı. Minsk Qrupunun üzvü kimi, ABŞ Ermənistan-Azərbaycan probleminin həlli üçün onlara “planlar” təqdim etməyə başladı. İlkin plan 1992-cı ildə, SSRİ problemləri üzrə ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, Karneqi fondunun elmi işçisi Pol Qobl vasitəsilə bildirildi.

Pol Qobl MKİ-nin analitiki olaraq xidmət edib. Amerika kəşfiyyat icmasının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd etmək lazımdır. Daha sonra ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Araşdırma Bürosunun əməkdaşı olaraq, Sovet və post-sovet ölkələrinə dair güclü analitiklərdən biri kimi tanınıb.

Rusiyalı analitik Vladimir Maksimenkoya görə, planın ilk versiyası 1992-ci il yanvar ayında təsdiq edilib və ata Corc Buş administrasiyası tərəfindən dəstəklənib. Vaşinqtonun bu addımı aydındır. Cənubi Qafqazda ABŞ-ın regiona daxil olması və bərkiməsi üçün siyasi sabitlik lazım idi. Regionun bütün istiqamətlərində ABŞ-ın möhkəmlənməsini təmin edəcək bu plan, Qarabağ məsələsinin həllini önə çəkərək Vaşinqtonun maraqlarını tam təmin edirdi. ABŞ-ın layihəsi, daha sonra “Qobl Planı” kimi adlandırılmağa başlandı. Qobl planında ərazi mübadiləsi ilə problemin həlli məsələsi önə çəkilirdi. Amma, təbii ki, bu tipli plan Moskvanı qane etmirdi.

Xatırladım ki, Qobl planına qədər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ilk ərazi mübadiləsi planı 1988-ci ildə ortaya çıxıb. Həmin ilin sonuna qədər bir qrup Moskva alimi bənzər, ancaq bir qədər fərqli təşəbbüslə çıxış edib. Belə ki, Ermənistanda baş verən zəlzələdən sonra “vicdanın səsi” kimi adlandırılan ən məşhur sovet dissidenti, hüquq müdafiəçisi Andrey Saxarov Ermənistana gəlir. Xanımı Yelena Bonnerlə Azərbaycan və Ermənistanı ziyarət edən Saxarovun Qarabağ məsələsinə münasibəti təzadlı olub. Əvvəlcə o, sırf erməniyönlü mövqe tutaraq, 1921-ci ildə Stalinin Qarabağın dağlıq hissəsini ədalətsiz olaraq Azərbaycana verməsi haqqında təxribat xarakterli məlumatlar yayırdı. O, Qarabağ problemini “yenidənqurma və onun keçmişin müqavimətini və ağırlığını dəf etmək imkanının sınaq daşı” kimi adlandırırdı. Saxarovun ilkin mövqeyi əksər Rusiya ziyalılarının erməniyönlü meylini əks etdirirdi. Saxarovun erməniyönlü mövqeyi onun əslən erməni olan həyat yoldaşının (Yelena Bonnerin Alixanyan soyadlı valideynləri 1920-ci ildə Şuşanı tək edənlərdən olub) təsiri altında formalaşırdı. Lakin, araşdırmalara görə, Saxarov və Bonner hər iki tərəfi dinlədikdən sonra öz mövqelərini bir qədər dəyişiblər.



Nəticədə, akademik Saxarovun başçılıq etdiyi hüquq müdafiəçiləri qrupu Ermənistanda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini, Azərbaycandakı erməni yaşayış məntəqələrinə dəyişdirilməsi ilə bağlı təklif irəli sürdü. Həmçinin, Saxarov Qarabağın dağlıq hissəsində və Ermənistanda kompakt şəkildə yaşayan azərbaycanlılar arasında eyni vaxtda referendum keçirilməsini təklif etdi.
Onun fikrincə, bu referendumla Qarabağın bütün rayon və kəndləri muxtar vilayətin Azərbaycana və ya Ermənistana birləşməsinə qərar verə bilərdilər. Lakin, planın təbliğati işini artırmaq, onun səmərəli işləməsini təmin etmək və zəlzələdə həlak olanlara baş çəkmək üçün Cənubi Qafqaza gələn Saxarov burada fərqli bir mənzərə ilə qarşılaşdı. Məhz onun səfəri ərəfəsində artıq Ermənistandan azərbaycanlı əhalinin məcbur və kütləvi şəkildə deportasiyasına başlandı. Həmçinin Qarabağa səfər edən Saxarov onun mürəkkəb coğrafiyasını gördükdən sonra, anladı ki, onun ideyasını həyata keçirmək qeyri-mümkündür.

Bonner etiraf edir ki, o plan “ideal həll yolu” deyildi və eyni zamanda bildirir ki, Qarabağ məsələsi ətrafında aparılan mübahisələr yalnız polemikadan ibarət olduğu vaxt, bu plan ən azı yaradıcı yanaşma nümunəsi idi. Sonralar britaniyalı jurnalist Tomas de Vaala müsahibə verən Bonner “biz müharibəyə aparan söhbətlərin qarşısını almaq istəyirdik”-deyə bildirirdi. Saxarova görə, plan hər iki xalqı təhlükəsiz şəkildə uzun müddət dinc yaşamağa çağırırdı. Nəticədə, ideya 1992-ci ilin başlanğıcında Azərbaycanın ərazi-demoqrafik məğlubiyyəti ilə uğursuz oldu. Uğursuzluqla yanaşı, müxtəlif məlumatalara görə, Saxarovun verdiyi təklifin özü də qəbul olunmadı.

Göründüyü kimi, Saxarovun planında münaqişənin həlli üçün, ermənilərlə azərbaycanlıların ərazilərini “ayırmaq” versiyası irəli sürülsə də bu məsələ əsas müzakirə obyektinə çevrilə bilməyib. Çünki bu modeli təklif edən tərəf Rusiya idi və kəskin şəkildə ABŞ-ın maraqlarını kölgədə qoyurdu. Nəticədə, Saxarovdan sonra ABŞ Pol Qobl vasitəsilə yuxarıda göstərilən planı irəli sürür.

Ardı BURADA

Şahin QOCAYEV



Teqlər:  





Xəbər lenti