Xaricdən nə alıb, nə satırıq? - Statistika
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8 mlrd. 367,5 mln. dollar, o cümlədən ixracın dəyəri 5 mlrd. 36,1 mln. dollar, idxalın dəyəri 3 mlrd. 331,4 mln. dollar təşkil edib.
Nəticədə 1 704,7 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 41,8%-i (ötən ay 42,3%) Avropa İttifaqı ölkələri, 12,2%-i (10,7%) MDB üzvü dövlətləri, 46%-i (47) isə dünyanın digər ölkələrinin payına düşüb.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
Aytən Zəhra
AzVision.az