İlk yarımilin nəticələri: İslahatlar necə getməlidir? – TƏHLİL

İlk yarımilin nəticələri: İslahatlar necə getməlidir? – TƏHLİL
  14 İyul 2016    Oxunub:4438
Dövlət başçısının iqtisadiyyatda əsas prioritet hesab etdiyi istiqamətlər hansılardır, həmin istiqamətlərdə nə kimi işlər görülür və görülməlidir? Əgər bu istiqamətlər üzrə dəqiq və düzgün işlər aparılsa, hansı uğurlar əldə etmək mümkündür? Bu kimi sualların cavabları Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 10-da keçirilən 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha açıqlandı.

Prezident hökumətin ötən bazar günü cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında bir daha xatırlatdı ki, biz, artıq postneft dövründə yaşayırıq. Və bu vəziyyət qarşıda qaz ixracı sahəsində böyük perespektivlər gözlənilsə də davam edəcək və ölkəyə xarici valyuta axını bir daha əvvəlki kimi geniş xarakter daşımayacaq.

Ona görə də, dövlət başçısının hökumətin sözügedən iclasında ölkəyə xarici valyuta gətirə bilən sahələrin inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü fikir və tələblər olduqca böyük əhəmiyyət daşıdı. Belə ki, Prezident sənaye istehsalı ilə kənd təsərrüfanı hökumətin gələcək fəaliyyəti üçün əsas prioritet saydığını bildirdi.

Məsələ bundadır ki, qeyd olunan istiqamətlərdə demək olar, hələ bir neçə il öncədən lazımi və zəruri tədbirlər görülməyə - həyata keçirilməyə başlanıb. Cari ildən isə daha təsirli addımlar atılması ilə nəzərə çarpır. Bununla belə, qısa müddət ərzində istənilən nəticəyə nail olmaq da çətin məsələ sayılır.

Məsələn, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalınına nail olmaq və onu daha da artırmaq məqsədi ilə sənaye parklarının yaradılması istiqamətində aparılan işlər çox yüksək qiymətləndirilməlidir. Məlumdur ki, ortada dövlət başçısının 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" da vardır və o, hazırda icra olunmaqdadır. Bu Proqram isə ölkədə sənayeləşmə prosesini sürətləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir və sənəddə qeyd olunan məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrini genişləndirmək, yeni sahələr yaratmaq, qeyri-neft sənayesinin ixrac potensialını artırmaq, elmtutumlu və innovativ istehsalı inkişaf etdirmək, sənaye zonaları və klasterlər yaratmaq nəzərdə tutulur.

Ümumiyyətlə, ölkədə çox güclü sənaye kompleksi yaratmaq qarşıya məqsəd qoyulub. Bu isə vaxt tələb edən məsələdir.

Odur ki, əsas güc hələki kənd təsərrüfatına verilməlidir. Bu sahəyə gəldikdə isə məlumdur ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün 27 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanun hələ də qüvvədə qalır və buna görə, dövlət büdcəmiz ildə milyonlarla vəsait itirir...

Sonuncu iclasda Prezident də qeyd etdi ki, dövlət hər şey edir və fermerlər vergilərdən ancaq torpaq vergisi istisna olunmaqla, bütün başqa vergilərdən azaddırlar. Prezident sual da etdi ki, başqa hansı ölkədə fermerlərə bu qədər dəstək göstərilir?!

Ancaq, təəssüf ki, istənilən səviyyədə operativ nəticələr hələ yoxdur. Ona görə ki, birincisi, idarəetmədə problemlər var, ikincisi, bazarlara çıxış imkanları məhdud vəziyyətdədir. Üçüncüsü isə, əlavə stimullaşdırıcı tədbirlərə də ehtiyac var.

Ümumiyyətlə, ölkədə istehsal və tədarükün əsasən, kiçik sahibkarlıq fəaliyyəti sayəsində artması və genişlənməsinə nail olmaq lazımdır. Belə ki, aqrar sahədə ilk növbədə xammal istehsalı və tədarükünə üstünlük vermək tələb olunur. Yəni ki, emal məhsullarına üstünlük ikinci dərəcəli məsələ hesab olunmalıdır. Regionlarda indiyə qədər bu qədər emal müəssisələri yaradılıb və açılaraq tam gücləri ilə fəaliyyət göstərir. Bu, olduqca müsbət faktlardır. Lakin bunların nə əhəmiyyəti vardır?!..

Belə ki, bir çox əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi əgər, bu və ya digər rayonda misal üçün meyvə emalı zavodu və ya fabriki fəaliyyət göstərirsə, paralel olaraqsa həmin rayonda kənd camaatının həyətlərində meyvə-tərəvəz çürüyərək batırsa, deməli, bütün bunların heç bir əhəmiyyəti və mənası yoxdur.

Odur ki, neft sahəsində olduğu kimi, eləcədə qeyri-neft sektorunda da ilkin mərhələdə emal deyil, məhz xammal məhsulları istehsalçısı və tədarükçüsü olaraq tanınmağa və qəbul olunmağa çalışmalıyıq. Çünki emal məhsulları üzrə rəqabətqabiliyyətli kimi tanınmağımız üçün uzun vaxt tələb olunur. Kənd təsərrüfatı sahəsində isə xammal məhsulları sarıdan kifayət qədə rəqabətqabiliyyətli sayılırıq.

Real olaraq digər bir mühüm məsələ də bank sektoru ilə bağlıdır. Belə ki, banklar tərəfindən iqtisadiyyatın işlək bölümünün kreditləşdirilməsinə dair ilkin işartılar da varsa nəzərə çarpmasa, qeyri-neft sektorunda hər hansı bir cüzi də olsa irəliləyiş baş verməyəcək. Hələliksə, bank sistemi faktiki "kliniki ölüm" vəziyyətindədir. Və bu vəziyyətin nə vaxt düzəlməyə başlayacağı isə hələ tam məlum deyil...

Odur ki, hesab edirəm, manatla istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər (avtomobil alınması və sair istiqamətlərdə) müəyyən müddətə təcili olaraq aradan götürülməsi məqsədəuyğun olardı. Və bu sahədə şərtlər 2014-cü ildən əvvəlki vəziyyətə gətirilməlidir. Çünki sistemdə maliyyə axınlarının hərəkətində mövcud "tıxac" aradan götürülməsə, bütövlükdə onu işə salmaq fikrimcə, çətin olacaq.

Yuxarıda qeyd etdiyimiz iclasda da vurğulandı ki, 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri ümidvericidir. Qeyri-neft sənayesi 2,4, kənd təsərrüfatı isə 3,1% artıb. Bunun özülü möhkəm olmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti