Niyə 14 iyul? - Nitsa terrorunun sirri

Niyə 14 iyul? - Nitsa terrorunun sirri
  16 İyul 2016    Oxunub:4765
Xəbər verdiyimiz kimi, ötən gün – iyulun 14-də Fransanın Nitsa şəhərində dəhşətli terror hadisəsi törədilib. Fransanın Milli Müstəqillik Günündə baş verən terakt nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 84 nəfərin ölümünə səbəb olan qanlı terroru Tunisdən olan 31 yaşlı Məhəmməd Lahouaiej Bouhlelin törətdiyi müəyyən edilib.



Hadisə ilə bağlı Fransada 3 günlük matəm elan olunub. Məlum olaydan sonra bütün dünyanın diqqəti bu ölkəyə yönəlib.

Təhlillər apararkən ortaya ciddi suallar çıxır: İŞİD Fransanın turizm şəhəri olan Nitsada terror hadisəsini niyə 14 iyul – Müstəqillik günündə törədib? Bir neçə gün öncəyədək bu ölkədə Avropanın ən böyük futbol yarışları keçirilirdi. Qanlı olay niyə həmin ərəfədə yox, məhz 14 iyulda baş verib?

Politoloq Fikrət Sadıqov hesab edir ki, terror aktı məqsədli şəkildə bayram günü törədilib. Onun fikrincə, teraktın 14 iyula seçilməsi bu məqsədi daşıyır ki, həmin gün fransızlar bayram yox, matəm keçirsinlər. Eyni zamanda fransızlar yaşadıqlarından dərs çıxarsınlar.

“Terrorçular məqsədlərinə nail oldular. Əminəm ki, terror aktının 14 iyul Bastilyanın alınması günü ilə bağlılığı var və bunu törədənlər bu məqsədi güdüblər. Baş verən hadisə faktiki olaraq Fransanın Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanlarının zəif işləməsinin nəticəsidir. Artıq neçənci dəfədir ki, Fransada xeyli sayda insan ölümünə səbəb olan terror aktı törədilir. Fransa rəhbərliyi bundan nəticə çıxarmır".



F.Sadıqovun sözlərinə görə, Fransanın İŞİD-ə qarşı müharibədə iştirakı terror təşkilatını qıcıqlandırır və nəticədə bu ölkədə xoşagəlməz hadisələr baş verir: “Fransanın anti-İŞİD koalissiyasında yer alması bu ölkədə terror aktının törədilməsinə şərait yaradan səbəblərdən biridir. Əlbəttə ki, belə bir şəraitdə terrorçular hesab edirlər ki, aparıcı dövlətlər koalisisya yaradaraq onları zərbə altına qoyursa, onlara cavab vermək lazımdır. İŞİD bir növ Fransadan qisas alır”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Müstəqillik günündə terror hadisəsinin törədilməsi Fransanın milli qüruruna, hissiyatına təcavüz xarakteri daşıyır.

Politoloq hesab edir ki, terroristlər təkcə 80-dan çox insanı öldürməyib, 80 milyonluq Fransa xalqının milli qüruruna toxunub və onlar mənəvi cəhətdən alçatmağa çalışıblar.



“14 iyul tarixinin terror üçün seçilməsi məhz bununla əlaqədardar. Çünki Bastiliya qalasına hücum, Fransada kral hakimiyyətinin devrilməsi və respublika xüsusi idarəsinin qurulması bütün dünyanın siyasi mübarizə tarixinə verilmiş bir töhfədir. Terrorçuların belə bir müqəddəs günün tarixi əhəmiyyətini dərk etməyərək terror törətməsi həmin günü gözdən salmaq üçün hesablanmış yaramaz bir üsuldur”.

Q.Hüseynli qeyd edib ki, terror hadisəsinin Tunis əsilli terrorçu tərəfindən törədilməsi bu ölkədə yaşayan müsəlmanların imicinə ciddi zərbədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti