`Xaricdə təhsil almaq istəyirəm` - 700 bal toplayan köçkün
“Rekord nəticə göstərəciyimi gözləyirdim. Çünki 11 il ərzində çox yüksək nəticələr göstərmişəm. Olimpiyadalarda iştirak etmişəm, inşa müsabiqəsində qalib olmuşam. Durduq yerdə, 700 bal toplamamışam. Bu nəticəyə gəlmək üçün, illərdir çalışıram”.
Bakı Türk liseyinin (BDU-nun nəzdində) məzunu Ağayev Tural Şəfahət oğlu da imtahanda rekorda imza atıb. Əslən Zəngilan rayonundan olan T.Ağayev 700 bal toplamaqla qarşısına qoyduğu məqsədə nail olduğunu bildirib.
“700 bal toplayacağımı gözləyirdim və nail də oldum. Müəllimlərim də rekorda imza atacağıma əmin idi. Çünki məktəbdə bütün fənlərdən qiymətlərim “5” olub və əlaçılıqla 11 illiyi bitirmişəm. Əlavə müəllim yanına və kurslara getməmişəm. Liseydə bizə oxumaq üçün hər cür şərait yaradılmışdı”.
T.Ağayev təhsilini xaricdə davam etdirmək istədiyini deyib: “Xaricdə oxumaq istəyirəm. Bilirəm ki, bu il Dövlət Proqramı olmayacaq. Ola bilsin ki, burslar vasitəsilə gedim və ya öz hesabıma uyğun ali təhsil müəssisəsi tapım. Türkiyədə oxumağı düşünürəm. Xarici ölkəyə gedə bilməsəm, Azərbaycanda ya Qafqaz universiteti, ya da Bakı Ali Neft Məktəbində təhsil almaq istərdim”.
Aytən Zəhra
AzVision.az