`Konstitusiyanın dəyişməsi dövlətin inkişafının göstəricisidir` - Vüsal Hüseynov

`Konstitusiyanın dəyişməsi dövlətin inkişafının göstəricisidir` - Vüsal Hüseynov
  21 İyul 2016    Oxunub:24549
Millət vəkili Vüsal Hüseynov Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı geniş təhlil hazırlayıb. AzVision.az millət vəkilinin öz feysbuk səhifəsində yayımladığı təhlili oxucularına təqdim edir.

Konstitusiyasda dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi ilə bağlı jurnalistlərin müraciətini nəzərə alaraq, bəzi fikirlərimi bölüşmək istərdim. Təşviqat müddətində keçiricəyimiz görüşlərdə daha ətraflı və interaktiv formada düşüncələrimi paylaşacağam.

Bu layihə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təklif edilmişdir və onun dünyada bu gün mövcud olan çağırışlar, geosiyasi proseslər, müharibə vəziyyətində olmağımız, postneft dövrünün iqtisadi çağırışları, ictimai münasibətlərin inkişaf səviyyəsi və mövcud təhlükələr fonunda ölkəmizin gələcək davamlı inkişafına, sabitliyin təmin edilməsinə və Konstitusiya çərçivəsində demokratik quruluşuna baxışını ifadə edir.

Konstitusiyanın mətninə dəyişikliklər yalnız ümumxalq səsverməsi ilə qəbul edilir və bu baxımdan yalnız xalqın səsverməsi və iradəsi ilə bu layihədə yer alan müddəalar tətbiq edilə, reallaşdırıla bilər.

Konstitusiyanın dəyişdirilməsi təkmil demokratik quruluşa malik yaxud Əsas Qanuna məhdud sayda dəyişikliklər etmək ənənənələri olan ölkələr istisna olmaqla əksər ölkələrdə tətbiq edilən təcrübədir. Konstitusiya özüdə bir Qanundur və ictimai münasibətləriin inkişaf səviyyəsi, dövlət idarəçilik quruluşunun təkmilləşdirilməsi zərurəti onun da dəyişdirilməsini şərtləndirə bilər.

Heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də, çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilmişdir. Dəyişkən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir.

Dəyişməz konstitusiyalar dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir. Konstitusiyanın bu cür sərtliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlasına baxmayaraq, Konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə, istənilən halda cəmiyyətin inkişafını ləngiməsinə təsir edir.

Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət - Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür. Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi, Parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olmuşdur. Digər tərəfdən, Fransa konstitusiyası olduqca sabit, dəyişdirilməsi çətin olmuşdur. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan olmuş, əksinə Fransada isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşmiş, və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilmişdir.

Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi qaydasının siyasi mürəkkəbliyi, məsuliyyəti, referendum yolu ilə olması bir çox ölkələrdə bu praktikadan çəkindirir. Təkrar Amerika Birləşmiş Ştatlarının nümunəsinə qayıtsaq, 229 il ərzində konstitusiyaya cəmi 27 dəyişiklik edilməsinin əsas səbəbi həmdə onun 5-ci maddəsində əks olunan tələblərin ağırlığı ilə bağlıdır. Belə ki, konstitusiyaya dəyişiklik həm Senat, həm də Nümayəndələr Palatasında üçdə-iki səs çoxluğu ilə, və yaxud da ştatların üçdə-ikisinin təşəbbüsü ilə edilə bilər. Hər iki halda, prosesin ikinci mərhələsi olaraq, dəyişikliyin qəbul edilməsi üçün ştatların dörddə-üçünün ratifikasiyası tələb olunur. Dəyişiklik prosedurunun bu cür ağırlığını nəzər alsaq, əslində 27 dəyişikliyin heç də az olmadığı aydınlaşar.

Onu da qeyd etmək lazımdır ki, bugünədək ABŞ konstitusiyasına 11 000 dəyişiklik edilməsi təklif olunmuşdur. Bu rəqəmlər, hətta ABŞ misalında belə Konstitusiyanın dinamik olması, cəmiyyətin və ictimai münasibətlərin inkişafı ilə ayaqlaşmasının zərurətinin göstəricisidir. Digər bir tərəfdən nəzərə almalıyıq ki, ABŞ-da konstitusiya dəyişdirilməsə belə bu ehtiyacı və prosesi əsasən Ali Məhkəmə öz qərarları və şərhləri ilə həyata keçirmişdir. Başqa sözlə ABŞ-da da konstitusion qanunvericilik inkişafdadır. Sadəcə anqlo-sakson və kontinental hüquq sistemlərinin hər birinin öz inkişaf xüsusiyyətləri var. Azərbaycan isə sonuncu hüquq sisteminin tərkib hissəsidir.

Referendum Aktının layihəsində Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi təklif edilir.

Ümumi olaraq dəyişiklikləri üç istiqamətdə qruplaşdırmaq olar.
1. İnsan və vətəndaş hüquqları və azadlıqlarının genişlənməsi;
2. Qanunvericlik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi; və
3. Prezidentlik institutunun gücləndirilməsi.

Birinci istiqamət
nisbətən ictimai diqqətdən kənar qalmışdır. Halbuki təklif edilən dəyişikliklərin əksəriyyəti 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilmişdir. Bu ümumi dəyişikliklərin təqribən 60%-dən artıq hissəsidir və dövlətin insan hüquqların müdafiəsi və təmin edilməsində rolunu gücləndirir.

Nümunə üçün şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaşlıq hüququnun təminatı, seçki, birləşmək, müraciət, azad sahibkarlıq hüquqları ilə bağlı maddələrə dəyişikliklər təklif edilir.

İnsan ləyaqətinin qorunması İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi kimi müəyyən edilir. Bu isə bu anlayışın yalnız Konstitusiyanın 46-cı maddəsində əks olunan ayrıca bir hüquq kimi deyil, bütün hüquq və azadlıqların təmin edilməsinə nüfuz edən prinsip kimi müəyyən edilir.

Hüquq və azadlıqların məhkəmə təminatı adlı maddə yeni redaksiyada verilir və hüquq və azadlıqların həm məhkəmə təminatı həmdə inzibati qaydada müdafiəsi üçün prinsipial müddəalar müəyyən edilir.

Əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi ilə bağlı müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.

Layihədə mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil edilir. Bu qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.

Layihədə həmçinin dövlət orqanlarını vətəndaşa münasibətdə daha məsuliyyətli edəcək, mümkün özbaşınalıq hallarının qarşısını alacaq əsaslar müəyyən edilir. Həmçinin dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə dövlətin, dövlət qulluqçuları ilə birlikdə mülki məsuliyyəti müəyyən edilir. Oxşar məsuliyyət bələdiyyələr və bələdiyə qulluqçuları üçündə müəyyən edilir.

İkinci istiqamət Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bu fəsildə də təklif edilən bəzi dəyişikliklər insan hüquqları və bərabər imkanlar yanaşması ilə bağlıdır.

Belə ki, təklif edilən dəyişiklik Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək üçün müəyyən edilmiş 25 yaş tələbini aradan qaldırır. Bununlada seçkidə iştirak etmək hüququna malik olan şəxslərə eyni zamanda seçilmək hüququ təmin edilir. Qeyd edilməlidir ki, layihədə ümumi olaraq qüvvədə olan Konstitusiyada yaşla bağlı müəyyən edilmiş əksər tələblər götürülür. Prezident, Baş nazir, nazir, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və hakimlərə münasibətdə də yaş məhdudiyyəti aradan qaldırılır.

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.

Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbinin vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir.

Deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı 89-cu maddəyə təklif edilən dəyişikliklər deputatların fəaliyyətində şəffaflığın artırılması və etik davranış qaydalarına tam riayət edilməsini təmin edəcək, potensial maraqlar toqquşmasının qarşısının alınması və deputatların fəaliyyətinə ictimai etimadın artırılmasını təmin edəcəkdir. Bu maddənin qəbul edilməsi yəqin ki, eyni zamanda deputatlar üçün daha əhatəli ayrıca Qanun formasında etik davranış qaydalarının qəbul edilməsini şərtləndirəcəkdir.

Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəsürat yarana bilər ki, burada yanaşma Parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə əsas vurğunun daha çox sabitliyin təmin edilməsi və parlament daxili hansısa qeyri müəyyən, böhran və xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsində olması görsənir.

Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər.

Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin Konstitusiyalarındada müəyyən edilmişdir.

Layihədə üçüncü istiqamət isə Prezidentlik institutunun gücləndirilməsi ilə bağlıdır. Bununla da bağlı üç əsas yenilik təklif edilir:

1. Prezident seçilmək üçün yaş tələbinin götürülməsi;
2. Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin təsis edilməsi; və
3. Prezidentlik müddətinin 7 il müəyyən edilməsidir.

Artıq qeyd edildiyi kimi yaş tələbinin götürülməsi ümumi yanaşmadır və dövlət hakimiyyətinin bütün qollarından olan şəxslərə münasibətdə tətbiq edilmişdir və ümumi olaraq demokratik yanaşmadır.

Avropa Şurasının Venesiya Komissiyasnın 52-ci plenar iclasında Seçki Məsələlərində ən yaxşı təcrübələrlə bağlı müvafiq hesabatında gəldiyi qənaət belədir ki, yalnız spesifik yüksək vəzifələr üçün yaş tələbi müəyyən edilə bilər və bu tələbin 25 yaşdan aşağı olmaması tövsiyə edilir. Yəni yaşın 30 və ya 35 dən yuxarı olması şərt deyil. Nəzərə alsaq ki, qeyd edilən spesifik yüksək vəzifələr üçün ali təhsil tələbi müəyyən edilir bu halda 18-20 yaşlarında gənclərin bu vəzifələrə seçilmə imkanları məhduddur. Həmçinin qeyd edilməlidir ki, Konstitusiyada yaşla bağlı tələblərin qeyd edilməməsi onların digər qanunlarla (nümunə üçün Seçki Məcəlləsi) müəyyən edilməsini istisna etmir.

Vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir. Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur.

Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur.

Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox 6-7 il müəyyən olunmuşdur. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olmuşdur və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməmişdir.

Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin Konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir.


Teqlər:  





Xəbər lenti