`Erməni yayı`nın gizli qatları: Kimin məqsədi nə idi? – TƏHLİL

`Erməni yayı`nın gizli qatları: Kimin məqsədi nə idi? – TƏHLİL
  03 Avqust 2016    Oxunub:8649
Yeravanda iyulun 17-də Post Patrul Xidmətinin polkunun mənzil-qərargahını ələ keçirən və iki həftəyə yaxın müddətdə əlində saxlayan silahlı qruplaşma nəhayət ki, təslim oldu. Özlərini “Sasna Tsrer” (Sasun əyalətindən olan qəzəblilər) qruplaşmasının üzvləri adlandıran 20-ə yaxın yaraqlıya Qababağ müharibəsinin veteranı Pavlik Manukyan və siyasi fəal Varujan Avetisyan başçılıq edirdilər. Onların əsas tələbi həbsdə olan müxalif siyasətçi Jirayr Səfilyanın azad edilməsi və Ermənistan prezidentinin istefaya getməsi idi.

“Sasna Tsrer” yaraqlılarının polisə müqaviməti uzandıqca, təşkilat əhali üçün cəlbedici səslənən siyasi bəyanatlarla çıxış etməyə başladı ki, bu da hakimiyyətdən narazı kütlənin Yerevanda etirazçılara dəstək mitinqinin alovlanmasına gətirib çıxardı. Məsələn, onlar sadə əhali üçün ədalətə nail olmaq, ölkədə korrupsiyanı aradan qaldırmaq məqsədilə hakimiyyət çevrilişinə cəhd göstərdiklərini bəyan edirdilər. Bu tip bəyanatlardan ruhlanan əhali küçələrə axışmağa başladı və polis tərəfindən etirazçılara qarşı güc tətbiq edilməsi minitinq iştirakçılarının sayının dəfələrlə artmasına səbəb oldu. Əgər başlanğıcda etirazçıların sayı 200-300 nəfər idisə, sonradan on dəfə artaraq 3 min nəfərə çatdı.

Ölkənin əsas müxalifətçi partiyası olan “İrs” partiyasının sədri Raffi Ovanesyanın mitinqlərə qatılması etiraz aksiyalarının siyasi çalarını daha da tündləşdirdi və artıq Ermənistanın növbəti “maydan” ərəfəsində olması barədə proqnozlar səslənməyə başladı. Lakin bir müddət sonra əhalidə Yervandaki mitinqlərə marağının sönməsi müşahidə olunmağa başladı və etirazçıların sayı get-gedə azaldı. Nəhayət, iyulun 31-də “Sasna Tsrer” təslim olmaq qərarına gəldi. Bundan sonra belə, Yerevanın bəzi küçələrində azsaylı mitinqlərin keçirilməsi müşahidə olunsa da, əvvəlki kütləvilikdən əsər-əlamət qalmamışdı.

Əslində nə baş verir? Yerevandakı iyul etirazları Qərbin uğursuz rəngli inqilab cəhdi idi, yoxsa Serj Sarqsyanın üzləşdiyi mürəkkəb siyasi vəziyyətdən çıxmaq üçün qurduğu kombinasiya?



Söhbət ondan gedir ki, Ermənistan-Azərbaycan cəbhə xəttində bu ilin aprel ayında baş vermiş məlum aprel toqquşmalarından sonra Rusiyanın təşəbbüsü ilə münaqişənin həlli ilə bağlı danışıqlar yenidən intensivləşdi. Danışıqlarla bağlı səslənən bəyanatlar deməyə əsas verirdi ki, Rusiya Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsinin azad oluması ilə bağlı Ermənistana təzyiqlər göstərir. Serj Sarkisyan üçün Moskvanın göstərişlərinə əməl etməmək isə hakimiyyətlə vidalaşmaq anlamına gəlir ki, Emənistan prezidenti bu faktı anlamamış deyil.

Ermənistanın siyasi arenasında təsirli mövqeyi ilə seçilməyən, çox zəif elektorata sahib olan Jirayr Səfilyan hər nə qədər özünü müxalifətçi kimi qələmə versə də, vaxtilə Qarabağ döyüşlərində fəal iştirak etmiş, Livan ermənisi olan terrorçudur. Səfilyan vaxtilə hazırkı prezident Serj Sarqsyanla çiyin-çiyinə Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranıdır və faktik olaraq Ermənistanda hakimiyyətdə olan Qarabağ klanının üzvüdür. Lakin atəşkəsdən sonra hakimiyyətdə samballı mövqe tuta bilməyən Səfilyan ara-sıra radikal bəyanatlar verməklə hakimiyyət nümayəndələrinə öz varlığını xatırladırdı. Dəfələrlə hakimiyyət çevrilişinə cəhddə ittiham edilərək həbs olunsa da, sonradan barəsində qaldırılmış cinayət işi yumşaldılaraq qeyri-qanuni silah gəzdirməklə əvəz olunmuşdu. Odur ki, Jirayr Səfilyanın hakimiyyətin müxalifət düşərgəsində vaxtaşırı istifadə etdiyi marionetka olması tamamilə labüddür.

Aprel döyüşlərindən sonra “Qarabağ uğrunda” müharibənin başlanmasını tələb edən və torpaqların geri qaytarılması ilə bağlı hər hansı güzəştlərin yolverilməz olduğunu bəyan edən Jirayr Səfilyanın həbs olunmasından sonra onun tərəfdarlarının silahlı insident törətməsi güzəştlərlə bağlı Ermənistan daxilində ciddi etirazların olduğunu Rusiyaya nümayiş etdirmək idi.



Qərbyönümlü siyasətçi kimi tanınan Raffi Ovanesyan isə sadəcə olaraq hakimiyyətin qurduğu tələyə düşdü. Ermənistanlı politoloq Samvel Martirosyan “Meduza” agentliyinə müsahibəsində bildirib ki, Raffi Ovanesyan hakim rejimlə mübarizə aparmağa çalışan hər bir şəxslə birləşməyə hazırdır. Güman ki, Ovanesyan etiraz dalğasının böyüyəcəyini ehtimal edib və buna görə mitinqlərə qatılmaq qərarını verib. Bir müddətdən sonra, inqilabi vəziyyətin yetişəcəyini və Qərbdən lazımi maliyyə və s. dəstəyin məhz onun hakimiyyətə qalxması üçün göstəriləcəyinə ümid bəsləməsi mümkündür.

Əslində isə Raffi Ovanesyan bununla hakim rejimə kömək göstərərək, Azərbaycana güzəştə getməyin Rusiya yarada biləcəyi üçün təhlükəli mənzərənin ortaya çıxmasına yardımçı oldu.

“Radio Azatutyun” öz saytında Yerevanda baş verən mitinqlərin canlı şahidlərinə istinadən yazır ki, qarşıdurmaları mülki geyimdə olan və etirazçılara daş atan, onları dəyənəklə döyən polisin təxribatçıları törədiblər.

“Sasna Tsrer” yaraqlılarının təslim olmasının növbəti günü prezident Serj Sarkisyanın baş vermiş hadisələrə həsr olunmuş çıxışı məsələ ətrafında dramatikliyi daha da artırır. Prezident qeyd edib ki, silahlı qruplaşma terrorçulara məxsus dəst xəttlə fəaliyyət göstərib, bununla belə cinayətkar fəaliyyətini vətənpərvər şüarlarla örtbasdır etməyə çalışıb. Sarqsyan baş vermiş hadisəni dövlətin dayaqlarına zərbə kimi qiymətləndirib və heç kimin dövlətçiliyə zərər yetirməsinə imkan verilməyəcəyini qeyd edib.

Beləliklə, baş verən hadisə, Serj Sarqisyanı Rusiyanın gözündə əvəzolunmaz rəhbər, sabitliyin təminatçısı kimi qələmə verilməsinə şərait yaradır. Moskvaya dolayı yolla mesaj ötürülür ki, Serj Sarkisyan prezident kürsüsünü itirərsə, hakimiyyət ya Amerika yönümlülərin, ya da terrorçuların əlinə keçə bilər. Terrorçular isə regionda – yəni Rusiyanın cənub sərhədində, Qafqazada (!!!) sabitliyin pozulmasına səbəb ola bilərlər. Bu yolla, Sarqsyan çalışır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Moskva onun iradəsiylə hesablaşsın.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti