ABŞ `Bakı-Ceyhan`ı Naxçıvandan çəkmək istəyib: `Qobl-1` planı – ARAŞDIRMA

ABŞ `Bakı-Ceyhan`ı Naxçıvandan çəkmək istəyib: `Qobl-1` planı – ARAŞDIRMA
  08 Avqust 2016    Oxunub:35632
(Araşdırmanın birinci hissəsilə BURADAN tanış ola bilərsiniz)

Pol Qobl ilk dəfə 1992-ci ildə hazırladığı memorandumda Qarabağ məsələsinin ərazi mübadiləsi yolu ilə həllini təklif edib. Bu plan Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən Laçın dəhlizi əvəzinə Azərbaycana Ermənistanın cənubuna yerləşən Mehri rayonundan Naxçıvana birləşmək üçün dəhlizin verilməsini nəzərdə tuturdu.

O, bu layihəni özünün “Dağlıq Qarabağ böhranının öhdəsindən necə gəlməli” adlı məqaləsində daha geniş şəkildə göstərib. Həmçinin Qobl hesab edirdi ki, Azərbaycan və Ermənistan respublikalarının özləri problemi həll etmək iqtidarında deyillər.

Təsadüfi deyil ki, Qobl illər sonra bildirirdi: “Tərəflər köhnə status-kvoya, 1988-ci ildə cari mübarizənin başlanmasınadək mövcud olmuş vəziyyətə qayıtmağa cəhd göstərsələr, ümumiyyətlə, heç bir həlldən danışmaq mümkün olmayacaq”.

Azərbaycanın 1992-ci il martın 2-də keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv olmasından sonra, martın 13-də BMT Təhlükəsizlik Şurasına, dünya birliyi dövlətlərinin parlamentlərinə Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciətlər edildi. Mart ayının 20-də Azərbaycanın müraciətinə cavab olaraq, BMT baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin rəhbərliyi altında nümayəndə heyətini regiona göndərdi.

Minamyot atəşləri ilə qarşılanan Vens regiona gələrək qısa müddətli atəşkəs yarada bildi. Lakin, məhz BMT nümayədəsinin münaqişə zonasına bir həftəlik səfərindən sonra, Xocalı soyqırımı baş verdi. Araşdırmalara görə, Vens regiona səfəri çərçivəsində Qobl planının ilk modelini də özü ilə gətirib və tərəflərə çatdırıb.

Belə ki, 1992-ci ildə ABŞ Dövlət Departamentinin Sovet milli problemlər və Baltik işlərində xüsusi müşaviri kimi vəzifəsindəndən istefa verən Qobl qısa bir müddət sonra, Cənubi Qafqaza səfəri planlaşdırılan keçmiş dövlət katibi Sayrus Vensə, Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlayır. Hesabatda münaqişənin tarixini təsvir edilməklə yanaşı, onun həll edilməsi ilə bağlı fikirlərini də qeyd edir. 3300 sözdən ibarət hesabat sonradan “Fletcher Forumu”nda (1992-ci il) nəşr edilir. Keçmiş status-kvonun SSRİ tərəfindən dəstəkləndiyini bildirən Qobl dəyişilən vəziyyət fonunda Qarabağ münaqişəsinə yeni yanaşma tələb edildiyini bildirir:

“Prinsipcə, Dağlıq Qarabağ problemi 3 üsulla həll oluna bilər:

• Ya oradakı ermənilərin hamısını qovasan və ya öldürəsən
• Ya orada çoxlu xarici qüvvə yerləşdirəsən
• Ya da DQMV-ni ermənilərin nəzarətinə verəsən.


Lakin, keçmiş müşavir özü də bildirir ki, bunların heç birini etmək olmaz. “Birincini əxlaqi, ikincini fiziki mülahizələrə görə, üçüncünü isə siyasi baxımdan gerçəkləşdirmək mümkün deyil. Üçüncü hal Azərbaycan üçün həm ərazi itkisi, həm də Bakı su təchizatı məsələsində aldadılmış tərəf olardı.” - deyə Qobl qeyd edir.



Buna görə də Qobl problemin həllini aşağıdakı şərtlərlə aparılmalı olan ərazi mübadiləsində axtarır.

• DQMV- nin bir hissəsi Azərbaycana tərəf axan çayların mənbələri ilə birlikdə Ermənistana verilir.
• Ermənistanın Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən ərazisi Azərbaycanın nəzarətinə keçir.


Birinci məsələni bir qədər aydınlaşdıraq. Qobl, planda “DQMV-nin bir hissəsi” dedikdə Kəlbəcər və Laçın dəhlizi arasındakı bir sıra Azərbaycan ərazilərinin Ermənistan nəzarətinə verilməsini önə çəkirdi. Məhz, Laçın dəhlizinin Ermənistana verilməsi onu Qarabağın dağlıq hissəsi ilə faktiki olaraq birləşdirirdi. Azərbaycana tərəf axan çayların mənbələri ilə birlikdə Ermənistana verilməsi isə həm coğrafi, həm də iqtisadi baxımdan əlverişsiz idi.

Ermənistan isə, işğal etdiyi bölgələrdən çəkilməklə yanaşı, cənubda yerləşən Mehri rayonun mübadiləsi ilə, yalnız şimal sərhədində Türkiyə ilə 9 kilometrlik sərhədi olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birləşməsinə imkan verməli idi. Bu seçim nəticəsində Azərbaycan Naxçıvanla arada olan Mehri rayonunun ərazisini alacaq və Türkiyə ilə birbaş sərhədə malik olacaqdı.

Qobl Sayrus Vensə verdiyi hesabatla bağlı baş verənləri bu şəkildə xatırlayır: “Katib Vens bunu inandırıcı olaraq qəbul etdi və Xankədində, mətbuat konfransında ideyanı açıqladı... regionda əsas güclərə məhəl qoyulmaması vəziyyətində çətin ki, bir şey əldə edilsin...”

Beləliklə, Amerikanın layihəsinə görə, Ermənistanla Qarabağın dağlıq hissəsi, o cümlədən Azərbaycanla Naxçıvan arasında birbaşa coğrafi əlaqə qurulmalı idi. Bununla da, Gürcüstana nisbətən neft boru kəmərinin daha ucuz yolla- Azərbaycan-Ermənistan-Türkiyə- vasitəsilə çəkilmə məsələsi də öz əhəmiyətini itirdi. Qobl planına əsasən, Mehri dəhlizinin Azərbaycan və Türkiyə arasında dəhliz yaratması gələcəkdə Bakı-Ceyhan neft kəmərinin həm ucuz, həm də üçüncü bir dövlətin iştirakı olmadan bu ərazilərdən keçməsinə gətirib çıxarırdı. Nəticədə, Gürcüstan və ya Ermənistan ərazisi ilə deyil, Azərbaycan və Türkiyə ərazilərindən keçəcək Xəzər nefti ən qısa yolla Qərbə ötürüləcəkdi.

Qobl planının razılığına əsasən, Türkiyə hakimiyyəti İrəvana Trabzon iqtisadi zonasına birbaşa daxil olamağa vəd verir və Ermənistanın Qara dənizə çıxış əldə etmək imkanını qəbul edirdi. Bunu o zaman həqiqətən də, Ankaraya məxsus alicənablıq kimi də qəbul etmək olardı. ABŞ layihəsinin Türkiyə vasitəsilə həyata keçirilməsi Azərbaycan və Qazaxıstan neftini güclü axınla qərbə ötürəcək, öz növbəsində Türkiyə və ABŞ isə Ermənistan və Azərbaycanla bağlı demək olar ki, bütün Cənubi Qafqazda ciddi imtiyazlar əldə edəcəkdi. Belə ki, bu sahədə Vaşinqtonun davamlı israrı təəccüblü deyildi. <>Müvafiq ərazilərin mübadiləsi ilə nəhayət, Böyük Oyunun kiçik predmeti olan “Dağlıq Qarabağ problemi” də həll edilməli idi.



ABŞ eksperti P.Rozenblatt qondarma qrumu “qordian düyünü” ilə müqayisə edərək onu “Qobl planı” ilə kəsməyin mümkünlüyünü bildirirdi: “Çox az təkliflər hər üç tərəfi qane edə bilər. Onlardan biri xüsusi status konsepsiyasına əsaslanır ki, formal olaraq Azərbaycan öz ərazi bütövlüyünü qoruyur və Dağlıq Qarabağa öz gələcəyini qurmaq hüququnu təmin edir”.

Nəticədə, siyasi ritorika altında Vaşinqton vasitəçilik funksiyasını qəbul edərək danışıqlarla münaqişənin həllində öz layihəsini tətbiq etməyə çalışdı. Bu ABŞ-ın geosiyasi maraqlarına (əsasən beynəlxalq neft şirkətlərin maraqlarına ) cavab verirdi. Bu ideya Böyük Yaxın Şərq layihəsinin məqsədlərinə təmamilə uyğun idi. Məhz buna görə, sonralar Klintonun köməkçisi, diplomat Strob Talbott Böyük İpək Yolundan böyük həvəslə danışırdı.

Lakin, Vaşinqtonun təklifi Ermənistanı qane etmirdi. Çünki, Ermənistan İranla sərhədinin əhəmiyyətli bir hissəsini itirirdi. Qarabağ müharibəsinin uzanması və Ermənistanın işğalçılıq planlarından imina etməməsi Bakı və Ankaranı onu blokadada saxlamağa məcbur edirdi. Türkiyə və Azərbaycan rəhbərliyi Qarabağla bağlı əldə olunan razılaşma nəticəsində nəqliyyat və enerji yollarını açılması haqda öhdəlik də götürürdü. Lakin, Ermənistan gələcəkdə yaranacaq yeni mübahisələr vəziyyətində yenidən blokadaya düşməkdən ehtiyyatlanırdı. Türkiyə-Naxçıvan-Zəngəzur- Qarabağ-Azərbaycan-Mərkəzi Asiya ilə yaradılan müəyyən ərazi dəhlizi, Pantürkizmə açılan çıxış strategiyasının həyata keçirilməsi isə, erməni idelogiyası üçün ölümdən də betər idi. Buna görə də, Ermənistan qəti şəkildə Qobl planını rədd etdi.

Bu vəziyyətdə İran və Ermənistan, Türkiyə, Azərbaycan və Naxçıvan bölgəsi arasında birbaşa ərazi əlaqəsinin yaranmasına şübhə ilə yanaşır, regionda daxili siyasi gərginliyin artmasından qorxurdular. Onlar üçün ilk növbədə Böyük Türk Dünyasının gətirəcəyi “mədəni böhran” vardı. Tehran qlobal türkçülüyü dövlətin milli təhlükəsizliyi üçün təhlükə olaraq görürdü. Türkiyə və Azərbaycanın faktiki olaraq birləşməsi İranın cənubunda yaşayan azərbaycanlıları və digər etnik türkləri daha da fəallaşdıra bilərdi.

(Ardı var)

Şahin QOCAYEV
AzVision.az


Teqlər:  





Xəbər lenti