Nazirlikdən fırıldaqçı klinika ilə bağlı açıqlama

Nazirlikdən fırıldaqçı klinika ilə bağlı açıqlama
  06 Avqust 2013    Oxunub:4728
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda fəaliyyət göstərən bir sıra özəl tibb klinikasının vətəndaşları aldatdığını müəyyən edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Yasamal rayonunda yerləşən "İmedis" klinikasında həkimlərin vətəndaşları aldatdıqları üzə çıxıb. Vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, "İmedis" klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və "İmedis Ekspert" aparatı vasitəsi ilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlanması barədə diaqnoz qoyulub. Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, "İmedis Ekspert" aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat pul ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib.

Daha iki vətəndaş - Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək "İmedis" klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər. Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən dəyəri 2500 manat olan "İmedis Ekspert" aparatı ilə həqiqətən müayinə və müalicə aparılır.

"İmedis Ekspert" aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri-dəqiq olduğu, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib.

Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı 43 yaşılı Əhəd Abadipəsənd xeyli müddətdir ki, çoxsaylı vətəndaşları bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyiblər. Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakı şəhərində fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunmuş cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Təəssüf doğuran hal budur ki, bəzən oxşar müayinə və müalicə üsulları ilə bağlı əsassız reklamlara kütləvi informasiya vasitələrində də rast gəlmək mümkündür. Odur ki, Daxili İşlər Nazirliyi vətəndaşlara tövsiyə edir ki, belə aldatma və dələduzluq halları ilə rastlaşdıqda 102 Xidmətinə, eləcə də (012) 590-39-10, (012) 590-98-58 saylı telefonlara zəng vuraraq məlumat versinlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti