Özəlləşmə hərraclarını canlı izləmək olacaq
Komitədən bildirilib ki, hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər.
“Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb. Artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu hərraclar 14 və 20 sentyabr 2016-cı il tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.
Komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.
AzVision.az
Teqlər: