`Şimal-Cənub` Dəhlizindən nə qazanacağıq – TƏHLİL

`Şimal-Cənub` Dəhlizindən nə qazanacağıq – TƏHLİL
  30 Avqust 2016    Oxunub:5587
Avqust ayının 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda baş tutan ilk üçtərəfli sammitində müzakirə edilən vacib layihələrdən biri də "Şimal-Cənub Nəqliyyat Dəhlizi" (ŞCND) oldu. Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq.

"Şimal-Cənub" nəqliyyat layihəsinin reallaşmasında lokomativ ölkələr İran, Hindistan və Rusiya sayılsalar da, Azərbaycan da bu işdə həm açar ölkə gücünə sahibdir, həm də ciddi geosiyasi aktora çevrilib. Avqust ayının 8-də baş tutan Bakı sammitində prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin səsləndirdikləri birgə bəyantda diqqətə çatdırdılar ki, meqalayihə sayılan bu dəhlizin "ümumi maraqlara cavab verməsi" üçün əllərindən gələni edəcəklər. Azərbaycanın yerləşdiyi geostrateji parametlər imkan verir ki, layihənin həyata keçməsində ölkəmiz coğrafi şəbəkə və yaxud, körpü rolunu oynasın.

Layihənin məqsədi yük və sərnişin daşınmalarında səmərəliliyin yüksəldilməsi, vaxtın azaldılması və tranzit daşınmaların dəyərinin azaldılmasıdır. Bütün bunların təşkili, həmçinin tarixi üçtərəfli sammitin Bakıda baş tutması Azərbaycan dövlətinin gücündən, eləcə də dövlət başçısının şəxsi diplomatik və liderlik keyfiyyətlərindən xəbər verir.

Azərbaycan 2005-ci il sentyabrın 20-də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub. Öncədən layihədə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi nəzərdə tutulurdu. 2015-ci il 7 dekabr tarixində Prezident İlham Əliyevin "Şimal-Cənub" nəqliyyat dəhlizində işlərin sürətləndirilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, layihənin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

Layihənin işə düşməsi Azərbaycan üçün mühüm iqtisadi dividendlər vəd edir. Burada bir mühüm məqam ondan ibarətdir ki, "Şimal-Cənub" dəhlizinin Bakı-Tiflis-Qars dəmiryolunun istifadəsində də rolu böyükdür. Çünki yüklər Hind okeanından İrana daxil olaraq, dəmiryolu ilə Bakıya hərəkət edəndən sonra “Bakı-Tiflis-Qars”la Avropaya daşına bilər. Azərbaycan bundan da istifadə edərək, iqtisadi mənfəətini daha çox artırmaq imkanına malikdir.

Sərəncamın mahiyyətindən görünüdüyü kimi, layihə regional və subregional mahiyyət daşıyır, həmçinin Azərbaycanın geosiyasi imicini artırmaqla bərabər, geoiqtisadi maraqlarına da cavab verir.

Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteyner hərəkət edir. Bu konteynerlər müxtəlif yükləri daşıyırlar. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir.

Əlbəttə ki, adı çəkilən bu beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

Layihədə Azərbaycan Respublikasının daxil olduğu Qərb marşrutu Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara–Rəşt–Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir. Ümumiyyətlə, hər üç marşrut İran ərazisi ilə davam edərək, Fars körfəzinə və Hindistana qədər uzanır.

Bu layihəni reallaşması prosesində Azərbaycan dövləti təsisçi ölkələr olan - Hindistan, Rusiya və İranla sıx əməkdaşlıq edir. Avqust ayının 8-də Azərbaycan, Rusiya və İran dövlət rəhbərlərinin Bakı sammiti buna örnəkdir. Ancaq Azərbaycan digər təsisçi Hindistanla da bu istiqamətldə müzakirələr aparır. Məsələn, xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Hindistanın xarici işlər nazirinin katibi Sujata Mehta arasında "Şimal-Cənub" nəqliyyat dəhlizinə dair görüşün keçirilməsini göstərə bilərik. Hindistan rəsmisi Azərbaycanın layihədə oynadığı kilid rolunu yüksək qiymətləndirmişdir.

Azərbaycanın bu beynəlxalq layihədə iştirakını bir çox beynəlxalq iqtisadçı və analitiklər yüksək dəyərləndirir və rəsmi Bakının böyük gəlir qazanacağını bildirirlər. Qeyd olunan bu, meqa layihə Azərbaycanın iqtisadi mövqelərini daha da möhkəmləndirəcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti