Putin superkəşfiyyat orqanı yaradır? – DOSYE

Putin superkəşfiyyat orqanı yaradır? – DOSYE
  07 Sentyabr 2016    Oxunub:20788
"Tək bir insan ordunun bacarmadığı çox şeyi reallaşdıra bilər. Bir casus minlərlə insanın taleyini həll etmək gücünə malikdir".
(Vladimir Putin)


Rusiya Prezidenti Vladimir Putinin KQB ilə bağlı keçmişi hər kəsə bəllidir. Putinin həyatını dərindən araşdıran almaniyalı jurnalist və tədqiqatçı Boris Raytşuster KQB illərini Putin üçün “kilid dövr” adlandırır. Onun fikrincə, əgər Putin vaxtilə Şərqi Almaniyada fəaliyyət göstərməmiş olsaydı, bu gün bizim qarşımızda tamamilə başqa insan duracaqdı.

Boris Raytşuster belə hesab edir ki, Rusiya Prezidentinin hazırkı siyasətini anlamaq üçün mütləq onun 25 il bundan əvvəlki tərcümeyi-halına diqqət yetirmək lazımdır. Həmin illər Putinə heç zaman unutmayacağı dərslər verib. Kütlənin necə idarə edilməsi, sağlam, güvənilən insanların necə təyin olunması və s. məhz o illərdə öyrənilib. Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşəcəyi ərəfədə, Berlin divarının yıxılması, SSRİ-nin dağılması kimi ən önəmli və kritik məqamlarda Putin Drezdendə KQB yetkilisi kimi çalışıb, görüb-götürüb, yaşayıb-öyrənib.

1980-cı illərin ortalarında Şərqi Almaniyadakı KQB bürosuna təyinat alan Putin Kommunist blokunun Qərb ilə üzbəüz dayandığı bir dövrdə işə başlamışdı. Onun çalışığı dövr çox mürəkkəb. Maraqlıdır ki, Şərqi Almaniyanın xüsusi xidmət orqanı olan "Stasi"yə (Ştazi) arxivindən çıxmış bəzi tarixi fotolara əsasən, Putin o zaman siyasi elitaya yaxınlaşa bilib. Bu, olduqca vacib kriteriya idi.

Almaniyanın nüfuzlu "ZDF" telekanalı üzə çıxarıb ki, Putin 1985-1990-cı illər ərzində Moskvadan gələn əmrlərə tam şəkildə tabe olmayıb və Şərqi Almaniyada (ADR) özünə bağlı ayrıca bir casus şəbəkəsi formalaşdırmağa cəhd edib.

Vladimir Putinin prezident seçilməsindən bu yana Rusiya dövlətinin daxilində keçmiş KQB mənsublarının sayı xeyli artıb və fəaliyyat sferaları genişlənib. Avropa mediasının yazdıqlarına görə, hazırda Almaniya ərazisində 130-a qədər rus casusu fəaliyyət göstərir. Onlar əsasən siyasi partiyalar, strateji əhəmiyyət daşıyan təşkilatlar, hərbi təşkilatlar, elmi araşdırma və düşüncə mərkəzlərində təmsil olunurlar. Ekspertlərin rəyincə, məhz Almaniyada Rusiyanın bu qədər casusunun olması əslində Putinin soyuq müharibə dövründə Almaniyadakı fəaliyyətindən qaynaqlanır.



Digər önəmli fakt isə keçmiş "Ştazi" casuslarının hazırda Almaniyada məmur kimi fəaliyyətlərinə davam etmələridir. Arxiv materiallarına görə, Şərqi Almaniyada vaxilə 17 min nəfər "Ştazi"də çalışıb.

"Financial Times Deutschland" qəzeti yazır ki, keçmiş casusların əksəriyyəti Almaniyanın Şərq hissəsindəki əyalətlərdə, ələlxüsus da da yerli idarəetmə orqanlarında çalışırlar. Almaniyanın müvafiq orqanları da rəsmi açıqlamasında sovet vaxtı casusluq edən 23 nəfərin müxtəlif idarələrdə çalışdığını açıqlayır. Almaniyanın ARD televiziyasının yayımladığı bilgilərə görə, "Ştazi"nin təqribən 100 nəfər keçmiş yüksək rütbəli əməkdaşı Brandenburqun Əyaləti Təhlükəsizlik İdarəsində çalışır, onlardan iki nəfəri isə hətta kansler Angela Merkelə məxsus evlərdən birinin qorunmasına cavabdeh şəxslərdir.

Keçmişdə çalışdığı xüsusi xidmət oqranı işçilərini Putin ən etibar etdiyi şəxslər kimi, əhəmiyyətli vəzifələrə təyin edib. Məsələn, uzun illər Rusiyanın silah ixracatını idarə edən Sergey Çemezov, "Transneft"in rəhbəri Nikolay Tokarev bu şəxslərin sırasına daxildirlər. Putin keçmiş "Ştazi" casusu olan Mattias Varniqi hazırda Baltik dənizi üzərindən rus qazını Almaniyaya çatdıran "Şimal Axını-1" nəhəng boru xəttinin idarə heyətinin direktoru təyin edib.

2016-cı ilin 7 iyul tarixində Rusiya Prezidenti Vladimir Putin ilk baxışda adi görünən, ancaq təyin olunan kadrların bioqrafiyasına baxdıqda böyük əhəmiyyət kəsb edən qərar verdi. Qərara görə, Putinin 4 xüsusi təmsilçisi Rusiya üçün önəmli sayılacaq böyük ərazilərə (Sibir, Cənub, Şimal-Qərb, Şimali Qafqaz) yeni rəhbər təyin olundu. Təyinat alan 4 nəfər Kalininqrad, Yaroslavl, Kirov və Sevastopolu idarə edəcəklər. Bundan başqa, Gömrük İdarəsinə də yeni rəhbər təyin olundu. Onların karyeraları birbaşa KQB ilə sıx bağlıdır.

SSRİ dağıldıqdan sonra KQB liberal Rusiyanın ilk dövlət başçısı Boris Yeltsin tərəfindən bir neçə yerə bölünərək, yerində FSB, FSO, FAPSI və SVR adlı hər biri ayrı-ayrı sahələrə nəzarət edən xüsusi xidmət orqanları yaradıldı. Rusiyanın nüfuzlu beyin mərkəzlərindən biri kimi tanınan "Katehon"a görə, Suriya münaqişəsi, Krımın ilhaqı, Donetsk ətrafındakı gərginlik, eləcə də Moskvanın Qərb və ABŞ-la yaşadığı soyuq müharibə fonunda ortaya çıxmaqda olan problemləri önləmək üçün yeni və böyük, daha güclü xüsusi xidmət orqanının yaradılması labüdləşməkdədir və bu iş çoxdan başladılıb.

Rusiya təhlükəsizlik və xüsusi xidmət orqanları sistemində yeni islahat gözlənilir. SVR, FSB, FSO və FAPSI yenidən bir mərkəzdə birləşdirərək, super xüsusi xidmət qurumu yaradılacaq. Bu, faktiki KQB-nin geri dönüşü də sayıla bilər. Dövlətdən rəsmi açıqlama olmasa da, "Katehon" analitik araşdırmalar mərkəzi hökumətdəki mötbər mənbələrə istinadən bildirir ki, xüsusi xidmət orqanlarının birləşdirilməsi üçün işlər 2016-cı ilin aprel başladılıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti