ABŞ-ın film diplomatiyası: Hollivud siyasəti necə yönəldir – TƏHLİL

ABŞ-ın film diplomatiyası: Hollivud siyasəti necə yönəldir – TƏHLİL
  15 Sentyabr 2016    Oxunub:15193
ABŞ-ın "Qəlbləri və beyinləri qazanmaq" prinsipinə dayanan film diplomatiyası yumşaq gücün bir ünsürü olaraq “Soyuq Müharibə” dönəmində önə çıxmağa başlamışdı. Məşhur politoloq Cozef Nay (Joseph Nye) deyir ki, "Televiziya və filmin gücü Berlin divarını 1989-cu ildən öncə dəlib keçmişdi".

ABŞ istehsalı olan filmlərin vasitəsilə kifayət qədər ciddi siyasi, sosial və qlobal mesajlar ötürülür. 1978-ci ildə Malaziyanın baş naziri Mahathir Məhəmmədin "Bizim coğrafiyamızı ABŞ qarışdırır, spekuliyasiya edərək, pulumuzu əlimizdən alır" ifadəsini işlətməsindən sonra "Return to Paradise" filmi çəkildi. Filmin məzmununda açıq-aşkar Malaziyanın tənqidi, həmin ölkənin neqativ təqdimatı dururdu.

2014-cü ildə Krımın Rusiyaya ilhaq edilməsindən sonra Hollivudun məşhur siması Arndol Şvartseneger insanların arasına üstündə "Terminator" filmindən hamıya yaxşı tanış olan "İ`ll be back" (Mən qayıdacam) ifadəsi yazılmış köynəklə çıxdı. Bu, Hollivud ulduzlarının da ABŞ diplomatiyasında necə bir çəkiyə malik olduğunu göstərən elementlərdən biridir.

Ümumiyyətlə, ABŞ-ın “Hollivud” adlanan şüur silahı bu ölkənin gücünün önəmli parametlərindən biri və qloballaşmanın mühərriki sayıla biləcək əvəzsiz vasitədir. ABŞ-da demək olar ki, hər bir hərbi qurumun daxilində Hollivudla əməkdaşlıq edən qruplar fəaliyyət göstərir.

Ronald Reyqan və film diplomatiyası

ABŞ-ın 40-cı Prezidenti, 1981-1989-cu illər ərzində ölkəni idarə etmiş Ronald Reyqan ixtisasca aktyor idi. 1942-ci ildə Hitler Almaniyasına qarşı təbliğat məqsədi ilə çəkilmiş "Kasablanka" filmində aktyor kimi rol alan Reyqan hələ o zaman kinonun gücünü praktik şəkildə görmüşdü. 1942 və 1945-ci illər arasında ABŞ-ın Hava Qüvvələri üçün təbliğat xarakterli filmlərdə də rol alımışdı. O, 1947-52-ci illərdə kommunist siyasi görüşünün daşıyıcısı sayılan sənətçilərə qarşı kampaniyada önəmli rol oynamışdı.



Reyqan film sahəsini çox gözəl bildiyi üçün, dövlət başçısı seçilən kimi "Hollivud diplomatiyası"nı sistemli şəkildə düzənə saldı və bu sektoru daha da inkişaf etdirdi. Reyqan bir aktyor kimi yaxşı bilirdi ki, kinonun insanlar üzərində idarəedici təsir gücü böyükdür. Beləcə, Hollivudu siyasi təbliğat vasitəsi və diplomatik güc kimi uğurlu bir şəkildə formalaşdırmağı bacardı.

O, müxtəlif ziyafətlərdə Hollivudun məşhur simaları, sovet ideologiyasına qarşı mübarizədə xidmət göstərən Arnold Şvartsneger və Silvester Satolone kimi aktyorlarla görüşürdü. Reyqanın bu diplomatik xətti daha çox SSRİ-ABŞ ideoloji qarşıdurmasında tətbiq olunurdu. O dövrdə Amerika filmlərinin SSRİ və digər sosialist ölkələr üzərindəki effekti hər kəsə bəllidir. Bu diplomatik silahdan Reyqandan sonra prezidentlik postuna gələn Bill Klinton, Corc Buş və Barak Obama da istifadə ediblər.

Bill Klinton - "Hollivudun Prezidenti"

ABŞ-ın 42-ci prezidenti Bill Klinton musiqi və film dünyası ilə olan sıx əlaqələrinə görə respublikaçılar tərəfindən "Hollivudun Prezidenti " adlandırılırdı. Klintonun ABŞ-a rəhbərlik etdiyi dönəmdə Hollivudun gücündən həm daxili, həm də xarici siyasət məsələlərinin həllində geniş istifadə olunub. O illər Ağ Ev ilə Hollivudun əlaqələrində "qızıl dövr" də adlandırılır.

Bill Klintonun 8 illik idarəçilik müddətində Hollivud ulduzları müntəzəm olaraq Ağ Evin mötəbər ziyafət və tədbirlərində iştirak edirdilər. Onların önündə Barbara Streyzand və Stiven Spilberg gəlir. Çünki bu iki fiqur Bill Klintonun seçki kampaniyasında milyonlarla dollar vəsait toplamışdırlar.

Ümumiyyətlə isə Klinton bu aktyorlarla sıx əməkdaşlıq edirdi: Tom Hanks, Harrison Ford, Mel Gibson, Maykl Duqlas, Richard Dreyfuss, Robert Redford…

1999-cu ildə ABŞ-ın daxilindəki zorakılıq, cinayət halları, aqressiv olaylarla bağlı Bill Klinton Hollivudun öncül simalarını Ağ Evə toplayaraq, gizli müzakirələr aparıb, eyni zamanda, onlardan bu yöndə tədbir tökməyi tələb edib. Çünki aqressiyanı aşılayan vasitələrdən biri də filmlər idi.

Ümumiyyətlə, Hollivud hər zaman Bill Klintona dəstək verib və onun arxasında dayanıb.

Corc Buş və Hollivudla əməkdaşlıqda yeni dönəm

2001-cil ildə Əfqanıstana hərbi müdaxilə öncəsi və sonrası Buş administrasiyası Hollivuda daha çox ehtiyac duymağa başladı. Corc Buş Əfqanıstana müdaxilə etməmişdən öncə Ağ Evin təlimatı ilə Hollivudun ən məşhur ssenarist, prodüsser, aktyorları ilə konfrans təşkil olunmuş və işbirliyi haqda razılaşma əldə edilmişdi. Beləcə, Hollivud terrora qarşı mübarizədə Ağ Evlə birgə mübarizə iştirak edəcəyini bəyan etdi.

Əfqanıstana müdaxilə ərəfəsində, yəni 2001-ci ilin 11 noyabr tarixində Ağ Ev administrasiyasından Corc Buşun rəsmi nümayəndəsi Karl Rov Hollivudun 47 nəfər ən yüksək ranqlı nümayəndəsi və CBS, Sony, Viacom, Dreamworks, MGM studiyaları ilə 2 saatlıq görüş keçirmişdi. Görüşdən sonra Buşun təmsilçisi mediaya açıqlamasında vurğulamışdır ki, "Təbliğat haqqında deyil, Hollivudun bu mövzuda nə edə biləcəyi və nə zaman edəcəyi barədə danışdıq".

Lakin 2003-cü ildə İraqa hərbi müdaxilə öncəsi Hollivud Corc Buşa lazımi dəstəyi vermədi. Buş Amerika xalqını psixoloji cəhətdən hazırlamaq üçün Hollivudla işbirliyinə cəhd etsə də, mənfi cavab aldı. İraqa müdaxilənin əleyhinə çıxan əksər sənətçilər Hollivudda toplantı təşkil edərək, "İraqa müdaxiləyə yox" çağırışını irəli sürdülər.

Barak Obamanın `yumşaq` silahı

Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obama hələ 2013-cü ildə Hollivudun qüdrətini açıq şəkildə bu cür ifadə etmişdi: "Hollivud ABŞ diplomatiyasının mühüm açarıdır".

Hollivudla sıx təmasları ilə seçilən Barak Obama “Dream Works” animasiya film mərkəzinə baxışı zamanı bildirmişdi ki, “Hollivud ABŞ-ın təkcə ixracat sənayesində vacib rola malik deyil, həm də diplomatik və mədəniyyət sahəsində önəmli vasitə hesab olunur. Bu sənaye bizi beynəlxalq səviyyədə supergücə çevirib".

Obamanın prezidentlik kürsüsünü qazanmasında Hollivudun təsiri az olmayıb. Belə ki, ABŞ-da qaradərili şəxsin president olması fantastika kimi görünən vaxtlarda artıq filmlərdə qaradərili president obrazı cəmiyyətin şüuruna zondaj olunmağa başlamışdı.

2007-ci ildə seçki kampaniyası zamanı Barak Obama üçün 1,3 milyon dollar vəsaitin toplanmasında Hollivud müstəsna xidmət göstərmişdi. Obamaya maliyyə dəstəyi verən Hollivudun məşhur simaları – məsələn, Jennifer Aniston, Eddie Murphy, Morgan Freeman, Tom Hanks, Denzel Washington dəstək tədbirlərinə qatılaraq, bahalı biletləri alırdılar.

Bir zamanlar Bill Klintona dəstək verən tanınmış Hollivud aktyor və rejissorları bu dəfə Hillari Klintonun deyil, məhz Barak Obamanın yanında olmağa üstünlük verdilər. Hətta Bill Klintona zamanında dəstək vermiş, onun üçün 20 milyon dollar vəsaitin toplanmasında əziyyət çəkmiş "DreamWorks" studiyasının rəhbəri David Greffen Klintonlar ailəsini yalançılıqda ittiham edərək, Hillarinin yanında yer almayacağını bəyan etmişdi.

2009-cu ildə Barak Obama ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun Çinə qarşı tədbiq etdiyi "Pinq-Ponq diplomatiyası"na bənzər xətt tutaraq, münasibətləri düzəltmək məqsədilə İrana içərisində məşhur Hollivud ulduzları olan nümayəndə heyəti göndərdi. Onlar İran-ABŞ münasibətlərində yeni nəfəs gətirdilər.

Nə olursa-olsun, Hollivud ABŞ-ın ən böyük "yumşaq güc" (soft power) vasitələrindən biri olaraq qalır və bundan sonra da bu belə olacaq.

Fərrux Həsənov

AzVision.az


Teqlər:  





Xəbər lenti